Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-104/2025 12.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Babək rayonu, Sirab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 4 uşaq atası, sürücü işləyən, Babək rayonu, Sirab kəndində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 24 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 21 fevral 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 21 fevral 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, xx.xx.2025-ci il tarixində “X5” gömrük postunda İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı səhərindən Naxçıvan Muxtar Respublikasına yük gətirən Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 99KT507/99ZD383 dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ” markalı yük nəqliyyat vasitəsində daşınan meyvə yükünün Biləsuvar Gömrük İdarəsində qeydə alınan rentgen qurğusu təsviri ilə Baş İdarənin “Culfa” gömrük postundakı təsvir arasında uyğunsuzluq olduğundan sürücü Şəxs gömrük orqanına təqdim etdiyi 042041 nömrəli nəqliyyat qaiməsində (CMR) göstərilən yüklərin sayının, növünün və çəkisinin eyniləşdirilməsi məqsədilə sürücü və iki nəfər hal şahidinin iştirakı ilə yoxlanılmış, CMR-də alma yükünün 300 yer 2500 kq, xiyar yükünün 200 yer 2000 kq, pomidor yükünün 1544 yer 16000 kq göstərilməsinə baxmayaraq, yoxlama zamanı faktiki olaraq alma yükünün 100 yer 1400 kq, xiyar yükünün 180 yer 3060 kq, pomidor yükünün isə 1866 yer 15532 kq olduğu aşkar olunmuş və protokol tərtib olunaraq saxlanılmışdır. Qeyd olunan faktla bağlı 18 fevral 2025-ci il tarixində Baş İdarənin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində **********08 nömrəli araşdırma başlanmışdır. Araşdırma zamanı sürücünün Bakı səhərindən 6928 kq alma yükü, 2000 kq xiyar yükü və 11532 kq pomidor yükü yüklədiyi və İranın Biləsuvar gömrüyündə həmin alma yükündən 5528 kq sataraq əvəzində 1060 kq xiyar yükü və 4000 kq pomidor yükü yüklədiyi müəyyən olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Bakı şəhərindən alma gətirdiyini, normalda özünün gətirib burada satdığını, İran İslam Respublikasında almanın qiyməti baha olduğu üçün 1500 kq almanı orada satdığını, burada kiloqramını 1.40 manata satacağını, İran İslam Respublikasında 2 manata satdığını, onun əvəzinə də pomidor alıb gətirdiyini, onu da bəyan etmədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 gömrükdə fəhlə işlədiyini, fevral ayının 17-si Şəxs yük maşınına baxış keçiriləcəyinin deyildiyini, özünü də çağırdıqlarını, inspektorun əvvəlcə sürücü Şəxs nəqliyyat vasitəsində daşınan yükdə uyğunsuzluq olubolmadığını və bəyan olunası əlavə nə isə olub-olmadığını soruşduğunu, sürücünün isə sənəddə göstərilən məlumatların düzgün olduğunu və bəyan olunmayan heçnə olmadığını bildirdiyini, sonra inpektorun sənədlə maşında olan malları yoxladığını və sənəddə alma yükünün 2500 kq olduğunu ancaq 1100 kq-nın maşında olmadığını, xiyar yükünün 2000 kq olmalı olduğunu ancaq 3060 kq olduğunu, pomidor yükündə problem olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 xx.xx.2025-ci il tarixində Şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirdiyini, buna səbəbin isə X-Ray tərəfindən Şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində daşınan meyvə tərəvəz yüklərində uyğunsuzluq olduğunun bildirilməsi olduğunu, yoxlama başlamazdan əvvəl sürücü Şəxs nəqliyyat vasitəsində daşınan yükdə uyğunsuzluq olub-olmadığını və bəyan olunası əlavə nə isə olub-olmadığını soruşduğunu, onun isə CMR-də göstərilən məlumatların düzgün olduğunu və bəyan olunmayan heçnə olmadığını bildirdiyini, yoxlama zamanı nəqliyyat qaiməsində alma yükünün 2500 kq, xiyar yükünün 2000 kq, pomidor yükünün 16000 kq göstərilməsinə baxmayaraq, yoxlama zamanı faktiki olaraq alma yükünün 1400 kq, xiyar yükünün 3060 kq, pomidor yükünün isə 15532 kq olduğunu müəyyən etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 gömrükdə fəhlə işlədiyini, fevral ayının 17-si Şəxs yük maşınına baxış keçiriləcəyinin deyildiyini, özünü də çağırdıqlarını, inpektorun sənədlə maşında olan malları yoxladığını və sənəddə alma yükünün 2500 kq olduğunu ancaq 1100 kq-nın maşında olmadığını, xiyar yükünün 2000 kq olmalı olduğunu ancaq 3060 kq olduğunu, pomidor yükündə problem olmadığını bildirdi. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələrinin tərkibi vardır. İş materiallarında olan 21 fevral 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, Şəxs 17 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXMin 482.1-ci və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 202 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələr əsasında tədqiqat obyektlərinin hadisə baş verən tarixə yəni, 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 22827,00 (iyirmi iki min səkkiz yüz iyirmi yeddi) manat müəyyən edilir. O cümlədən: 1060 kq xiyar - 3180,00 manat (1060 kq x 3,00); etiketin üzərində “Super Lux” yazıları olan 1370 kq pomidor - 3836,00 manat (1370 kq x 2,80); 1080 kq üzərində etiket olmayan pomidor - 3024,00 manat (1080 kq x 2,80); 1550 kq salxım formasında olan pomidor-4495,00 manat (1550 kq x 2,90), təqdim edilmiş nümunə əsasında 5528 kq sarı rəngli alma-8292,00 manat (5528 kq x 1,50) müəyyən edilmişdir. İş materiallarında olan “X5” gömrük postunun rəisi, gömrük xidməti polkovnikleytenantı Elvin Seyidov tərəfindən tərtib edilmiş raportdan görünür ki, İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına yük gətirən Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1997-ci il təvəllüdlü, xx.xx.2023-cü il tarixində verilmiş C03434531 nömrəli xarici pasportun sahibi Şəxs idarə etdiyi 99KT507/99ZD383 dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ” markalı yük nəqliyyat vasitəsində daşınan meyvə yükünün Biləsuvar gömrük postunda qeydə alınan rentgen qurğusu təsviri ilə Culfa gömrük postundakı təsvir arasında uyğunsuzluq olduğundan sürücü Şəxs gömrük orqanına təqdim etdiyi 042041 nömrəli nəqliyyat qaiməsində (CMR) göstərilən yüklərin sayının, növünün və çəkisinin eyniləşdirilməsi məqsədi ilə sürücü Şəxs və iki hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Yoxlama zamanı Şəxs idarə etdiyi 99KT507/99ZD383 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin nəqliyyat qaiməsində alma yükünün 300 yer 2500 kq, xiyar yükünün 200 yer 2000 kq, pomidor yükünün 1544 yer 16000 kq göstərilməsinə baxmayaraq, yoxlama zamanı faktiki olaraq alma yükünün 100 yer 1400 kq, xiyar yükünün 180 yer 3060 kq, pomidor yükünün isə 1866 yer 15532 kq olduğu aşkar edildi. İş materiallarında olan 20 fevral 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Mercedes Benz” markalı 99KT507/99ZD383 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixində Biləsuvar Gömrük İdarəsində “X- RAY” rentgen qurğusundan və xx.xx.2025-ci il tarixində “Culfa” gömrük postunda “X- RAY” rentgen qurğusundan keçdiyi zaman olan təsvirlərə hüquqi qiymət verilməsi üçün Baş İdarənin Skanlaşdırma şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti mayoru Həsənov Anarın iştirakı ilə həmin təsvirlərə baxış keçirilmiş, təsvirlərə baxış zamanı İran İslam Respublikasında “Mercedes Benz” markalı 99KT507/99ZD383 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən yükün tamamilə boşaldıldığı, yenidən yükləndiyi və yükün konturlarında dəyişiklik olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeydinə əsasən Bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 482.1-ci və 487.4-cü maddələri ilə tövsif edilmişdir. Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olan 1060 kq xiyar, etiketin üzərində “Super Lux” yazıları olan 1370 kq pomidor, 1080 kq üzərində etiket olmayan pomidor, 1550 kq salxım formasında olan pomidor və 5528 kq sarı rəngli alma adlı mallar müsadirə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən və maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə belə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 40 (qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 487.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olan 1060 kq xiyar, etiketin üzərində “Super Lux” yazıları olan 1370 kq pomidor, 1080 kq üzərində etiket olmayan pomidor, 1550 kq salxım formasında olan pomidor və 5528 kq sarı rəngli alma müsadirə edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 40 (qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-104/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-104/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver