Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-105/2021 09.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxx 1968-ci il tarixdə Şərur rayonu, Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, taksi sürücüsü işləyən, ailəli, dörd uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: 08 sentyabr 2021-ci il tarixdə Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olmaqla, orada yaşayan Zərərçəkmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 08 sentyabr 2021-ci il tarixdə, saat təxminən 11-12 aralığında qonşu kəndli olan taksi sürücüsü İbrahim adlı şəxslə aralarında müştəri üstündə Naxçıvan şəhər Avtovağzalının qarşısında mübahisə yaranmışdır. Mübahisə böyümüş, İbrahim onu yumruq zərbələri ilə vurmuşdur. Yuxarıda göstərilənlərin araşdırılaraq günahkarın cəzalandırılmasını xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İTB-nin polis sahə inspektoru, polis kapitanı X4 tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 09 sentyabr 2021-ci il tarixdə 009897 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, **-TA-*** dövlət nişanlı, “Naz Lifan” markalı özünə məxsus olan nəqliyyat vasitəsilə taksi fəaliyyəti ilə məşğul olduğunu, 08 sentyabr 2021-ci il tarixdə, saat təxminən 11:12 radələrində Naxçıvan Beynəlxalq hava Limanından Şərur istiqamətinə 2 nəfər sərnişin götürdüyünü, Naxçıvan şəhər Avtovağzalının qarşısından 1 nəfər sərnişin götürdüyünü, yoluna davam etdiyini, bu zaman qonşu kəndçisi olaraq Səmənd adlı taksi sürücüsünün ona zəng edərək nalayiq söyüşlə sərnişini niyə apardığını dediyini, bu mövzuda aralarında mübahisə yarandığını, geri dönüb avtovağzalın qarşısına gəldiyini, Səməndlə aralarında mübahisənin böyüdüyünü, Səməndin onun yaxasından tutduğunu, əsəbiləşib onu yumruqla vurduğunu, səs-küyə ətrafda olan taksi sürücülərinin aralarına girib onları araladığını, öz maşınına minərək oradan uzaqlaşdığını, Səməndin onu yumruqla vurduğunu, özünün də Səmənd ona qəbuledilməz nalayiq ifadələr işlətdiyinə görə Səməndi iki yumruqla vurduğunu, əsəbi olduğunu, özündə olmadığını, hansısa xəsarətin olubolmadığından xəbərinin olmadığını bildirdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs, özünə məxsus olan **-TA-*** dövlət nişanlı, “Naz Lifan” markalı taksi ilə fəaliyyət göstərdiyini, dolanışığını təmin etdiyini, Şərur rayonundan Naxçıvan şəhərinə və əks istiqamətdə sərnişin daşıdığını, 08 sentyabr 2021-ci il tarixdə, saat təxminən 11-12 aralığında Naxçıvan şəhər Avtovağzalının qarşısında müştəri gözlədiyini, müştəriləri yığıldıqdan sonra Şərur istiqamətində yola düşmək istədiyini, müştərilərindən birinin olmadığını gördüyünü, ətrafdakılardan onun hara getdiyini soruşduğunu, qonşu kəndçisi taksi sürücüsü İbrahimin maşını ilə getdiyini bildirdiklərini, İbrahimə zəng etdiyini, onun müştərisini nə üçün apardığını soruşduğunu, onun da mən aparmışam dediyini, söyüşlə onun müştərisini aparanı söydüyünü, bir az sonra İbrahimin avtovağzalın qarşısına gəldiyini, onu çağırdığını, ona yaxınlaşan zaman onun yumruqla üz nahiyyəsindən bir neçə zərbə ilə vurduğunu, səs-küyə ətrafdakı taksi sürücülərinin və müştərilərin onları aralaşdırdıqlarını, İbrahimin maşınına minib oradan uzaqlaşdığını, öz maşınına mindiyini, üzü qanadığı üçün öz rayonlarında, Şərur rayon Xəstəxanasında həkimə getdiyini, daha sonra hadisənin olduğu Naxçıvan şəhərinə qayıdıb, Polis İdarəsinə hadisə ilə bağlı qanuni tədbir görülməsi üçün müraciət etdiyini bildirdi. Мəhkəmə iclasında şahid X2, 08 sentyabr 2021-ci il tarixdə, saat təxminən 11-12 radələrində Bayraq Meydanının altındakı Şərur marşrut dayanacağında onlara ayrılmış sıra yerində taksisini saxlayıb skameykada oturduğunu, orda olan adamların səsini eşitdiyini, savaşdıqlarını dediklərini, qalxıb 2 taksi şoferinin savaşdıqlarını gördüyünü, savaşanlardan birinin adının Səmənd olduğunu, birinin isə adının İbo olduğunu bildiyini, onları ayıran olmadığı üçün qaçıb onları ayırdığını, hətta İbrahimi maşınına mindirib yola saldığını, sonra Səməndin gözünün altının qanını silib yola saldığını bildirdi. İşə əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli, 74 nömrəli canlı şəxsin müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-sağ qaşüstü nahiyyədə qançır, alın nahiyyəsinin sol yarısında qançır, sol gözyuvasıaltı nahiyyədə qançır və bu qançırın fonunda yara, bel nahiyyəsinin sağ yarısında, onurğa sütununun sağ tərəfində qançır vardır. Yara və qançırlar küt əşyanın təsirindən törənə bilərdi. Xəsarətin müddəti müayinə gününə uyğun gəlir. Dərəcəsinə görə isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. 09 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 09 sentyabr 2021-ci il tarixdə, saat 10:50-də inzibati qaydada tutulmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 09 sentyabr 2021-ci il tarixdə verilmiş 618 nömrəli arayışa əsasən, Şəxs həmin tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və onda “praktiki sağlam” diaqnozu müəyyən olunmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 09 sentyabr 2021-ci il tarixdə verilmiş 02/1597 nömrəli arayışa əsasən, Şəxs 09 sentyabr 2021-ci il tarixədək Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və ona heç bir növ müavinət ödənilmir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları və şahid ifadəsi ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 09 sentyabr 2021-ci il, saat 10:50-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-105/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-105/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver