Məhkəmə qərarları › İş №3(078)-11/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-11/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-11/2021 05.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(078)-413/2019 nömrəli icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə əlaqədar Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən borclu Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixli 010808 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(078)-413/2019 nömrəli qətnaməsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(078)-403/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx xxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay bir uşağa görə 140 (bir yüz qırx) manat miqdarında alimentin tutularaq Gülmalıyeva Şölə Əyyub qızına verilməsi və Şəxs 26.20 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət olunmuş, qətnamə xx xxxxx 2019-cu il tarixdə qanuni qüvvəsini almış və sözügedən qətnamə əsasında xx xxxxx 2019-cu il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs 1450 (bir min dörd yüz əlli) manat borcu yaranmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs borcunu tam şəkildə ödəməmişdir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. S.Qurbanov sonda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, həqiqətən də, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(078)-413/2019 nömrəli qətnaməsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(078)-403/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, ondan xx xxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat miqdarında alimentin tutularaq Gülmalıyeva Şölə Əyyub qızına verilməsi qət olunmuşdur. Sonuncu dəfə xx xxxxxx 2021-ci il tarixdə tələbkarın xeyrinə 120 manat aliment ödəmiş və hazırda 1450 manat borcu qalmışdır. Hal-hazırda borcunu tam ödəmək imkanı yoxdur. Həmin borcu ödəməkdən imtina etmir. Yaxın müddət ərzində qalan borcunu da hissə-hissə tələbkara ödəyəcəkdir. Borcunu tam ödəyə bilməməsindən peşmandır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(078)-413/2019 nömrəli icra sənədinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(078)-403/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, xx xxxxx 2019-cu il tarixdən hesablanmaqla, xx xxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay bir uşağa görə 140 (bir yüz qırx) manat miqdarında alimentin tutularaq Gülmalıyeva Şölə Əyyub qızına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən borcunun qalan hissəsini üzürlü səbəbdən, yəni maddi imkansızlığı səbəbindən icra edə bilmir. Belə ki, borclu Şəxs həmin icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, borcunu ödəməyə çalışır. O, sonuncu dəfə xx xxxxxx 2021-ci il tarixdə tələbkarın xeyrinə 120 manat aliment ödəmişdir. Lakin, onun qalan borcunu bir dəfədə ödəməsi üçün maddi imkanının olması hər hansı bir şəkildə öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdə 50,00 manat, xx.xx.2019-cu il tarixdə 50,00 manat, xx.xx.2019-cu il tarixdə 70,00 manat, xx.xx.2019-cu il tarixdə 70,00 manat, xx.xx.2019-cu il tarixdə 70,00 manat, xx.xx.2019-cu il tarixdə 70,00 manat, xx.xx.2020-ci il tarixdə 70,00 manat, xx.xx.2020-ci il tarixdə 70,00 manat, xx.xx.2020-ci il tarixdə 70,00 manat, xx.xx.2020-ci il tarixdə 70,00 manat, xx.xx.2020-ci il tarixdə 70,00 manat, xx.xx.2020-ci il tarixdə 70,00 manat, xx.xx.2020-ci il tarixdə 70,00 manat, xx.xx.2019-cu il tarixdə 70,00 manat, xx.xx.2020-ci il tarixdə 70,00 manat, xx.xx.2020-ci il tarixdə 100,00 manat, xx.xx.2020-ci il tarixdə 70,00 manat, xx.xx.2020-ci il tarixdə 70,00 manat, xx.xx.2020-ci il tarixdə 140,00 manat, xx.xx.2021-ci il tarixdə 120 manat ödəniş etmişdir. Ş.Gülmalıyevanın Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təqdim etdiyi xx xxxxxx 2021-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, Şəxs tərəfindən ona 120 manat aliment pulu ödənilib. İşdə olan qəbzlərdən görünür ki, Şəxs tələbkara müxtəlif aylarda ödəniş etmişdir. İşin müəyyən edilmiş bu halları isə sonuncunun məlum icra sənədinin icrasından qərəzli olaraq yayınmasını istisna edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1 -ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar