Məhkəmə qərarları › İş №3(078)-110/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-110/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-110/2025 15.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X3 müdafiəçisi Vəkil və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X11 iştirakları ilə, Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şikayət vermiş şəxs X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətin təmin olunması, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 17 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarının (inzibati cərimə növündə tənbeh tətbiq edilməsi haqqında) ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X7 şikayətini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəis vəzifəsində 10 ilə yaxındır ki, çalışır və halhazırda da bu vəzifədə işləyir. İşlədiyi müddət ərzində və indi də arxiv işinin təşkilində və vəzifə funksiyalarımın icrasında daimi ölkədə qüvvədə olan arxiv işinə aid olan bütün normativ hüquqi aktları rəhbər tutmuş və daima qanunlara riayət etməyə çalışmışdır. Kəngərli Rayon Dövlət Arxivində xadimə vəzifəsində işləyən X15 istehlak krediti almaq üçün müvafiq banka müraciət etmək üçün onun işəgötürəni Kəngərli Rayon İcra Hakimiyyətinə müraciət etmiş, həmin qurumdan isə həmin şəxsin işəgötürülmə səlahiyyətinin qeyd edilən icra hakmiyyətinin səlahiyyətində olmadığı, ona tələb olunan sənədlərin təqdim edilə bilmədiyi bildirilmiş və nəticədə isə həmin işçi Naxçıvan MR Dövlət Arxiv İdarəsinə müraciət etmişdir. Onun tərəfindən həm işçiyə, həm də müvafiq icra hakimiyyəti orqanına bu səlahiyyətin Naxçıvan MR Dövlət Arxiv İdarəsində olmadığı bildirilmişdir. Daha sonra isə həmin işçi “əmək haqqı”sının az hesablandığını əsas gətirərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin əslində yuxarıda qeyd etdiyi kimi həmin işçinin işəgötürəni məhz Kəngərli Rayon İcra Hakimiyyəti başçısı olduğuna görə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbi baxımından ona əmək haqqı vermək səlahiyyəti və verməli olan da məhz həmin icra hakimiyyətidir. Həmin işçi qeyd edilən icra hakimiyyətində 0.5 ştatla işlədiyindən onun əmək haqqısı da işlədiyi ştata uyğun və əmək normasına uyğun ödənilmişdir. Lakin şikayətə baxan müvafiq inzibati orqan bu şikayətdəki tələbi bir kənara qoyaraq qeyd edilən işçinin əmək müqaviləsi bağlanılmadan (hüquqi qüvvəyə minmədən) işlədildiyini əsas gətirərək onun barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətdiyi qənaətinə gələrək qərar qəbul etmiş, müvafiq qərar əsasında da barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmiş və cərimənin məbləği isə sanksiyada nəzərdə tutulmuş 3000 (üç min) manat müəyyən edilmişdir. Qeyd edilən işin faktiki hallarına və aşağıdakı hüquqi əsaslara görə qeyd edilən qərarla qəti şəkildə razılaşmır və məhz buna görə də qeyd edilən qərara yenidən baxılması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının ona verdiyi hüquqdan istifadə edərək şikayət verir. Naxçıvan MR Dövlət Arxiv İdarəsinin tabeli qurumları “Yerli icra hakmiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı və həmin fərman ilə təsdiq edilmiş müvafiq əsasnaməyə görə ikili tabelikdə fəaliyyət göstərirlər. Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 1.5-ci bəndinə əsasən Yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar (bundan sonra - yanında olan orqanlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. 3.1.10-cu bəndinə əsasən müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirir, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil edir, o cümlədən sənədlərin mühafizəsini, müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra arxiv fondu sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməsini təmin edir. Yuxarıda istinad olunan Əsasnamənin müvafiq bəndlərindən aydın olur ki, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin Kəngərli Rayon Dövlət Arxivi mərkəzi icra hakimiyyəti olan Naxçıvan MR Dövlət Arxiv İdarəsinin yerli qurumudur və Kəngərli Rayon Dövlət Arxivi həm yerləşdiyi ərazi üzrə müvafiq icra hakimiyyətinə, həm də tabe olduğu mərkəzi icra hakimiyyəti olan Naxçıvan MR Dövlət Arxiv İdarəsinə tabedir və ikili tabelik də məhz burdan qaynaqlanır. Eyni zamanda rayonlarda (yerlərdə) yerləşən Dövlət Arxivlərinin işinin idarə olunmasının həyata keçirilməsi də məhz icra hakimiyyətlərinin vəzifələri sırasına daxil edilmişdir. Bu səbəbdəndir ki, həmin dövlət arxivlərinin işçilərinin əmək haqqısı məhz icra hakimiyyətləri tərəfindən ödənilir, onların müvafiq ştat cədvəlləri onlar tərəfindən təsdiq olunur, həmçinin AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş işçi və işəgötürən münasibətləri işçilərlə müvafiq icra hakimiyyətləri arasında tənzimlənir. Yəni həmin şikayət verən şəxsin qeyd olunan Əsasnamənin müavfiq bəndinin tələbinə görə məhz Kəngərli Rayon İcra Hakmiyyətidir və müqavilə bağlanılması vəzifəsi və səlahiyyəti də məhz ona aiddir. Buna görədir ki, həmin işçi bir neçə ildir ki, həmin vəzifədə işləyir, ona əmək haqqı ödənilir və eyni zamanda AR Əmək Məcəlləsi ilə müəyyən olunmuş hüquqlarından istifadə edərək əmək məzuniyyətinə (əsas məzuniyyətə) getmiş, bu bir neçə ildə özü öz işəgötürəni ilə (Kəngərli Rayon İcra Hakimiyyətiil) əmək münasibətlərində olmuşdur. Lakin bu məsələ gündəmə gəldikdən sonra tərəflərindən Kəngərli Rayon İcra Hakimiyyətinə yazılı surətdə müraciət edilmiş, həmin qurumdan verilmiş cavabda isə qeyd olunan şəxslə əmək müqaviləsi bağlamaq səlahiyyətinin Kəngərli Rayon İcra Hakimiyyətinin səlahiyyətinin xaricində olduğu qeyd olunmuş, yalnız maliyyələşmənin (müvafiq olaraq əmək haqqı və digər ödənclərin verilməsi) səlahiyyətinin onlarda olduğu qeyd olunmuşdur. Naxçıvan MR Dövlət Arxiv İdarəsi tabeli qurumlarda olan yerli dövlət arxivlərinə yalnız və yalnız metodik köməklik göstərir, onlara bu baxımdan dəstək verir, onlardan hesabatlar qəbul edir və həmçinin həmin yerlərdə olan dövlət arxivlərində monitorinq və yoxlamalar aparır. Yəni bu hədlər çərçivəsində öz işini qurur. “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 4.4-cü bəndinə əsasən “orqanın aparatının işçilərini, yerli və digər qurumlarının rəhbərlərini (Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, ikili tabelikdə olan yerli bölmələrin rəhbərlərini isə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq təqdimat əsasında vəzifəyə təyin və vəzifədən azad edir, yaxud buna razılıq verir, həmçinin digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür”. İstinad olunan müvafiq əsasnamədə də konkret olaraq qeyd olunur ki, ikili tabelikdə olan yerli bölmələrin rəhbərlərini (yəni müvafiq olaraq Kəngərli Rayon Dövlət Arxivinin rəhbərini “yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yə uyğun olaraq təqdimat əsasında vəzifəyə təyin və vəzifədən azad edir, yaxud buna razılıq verir, həmçinin digər işçiləri isə orqanın rəhbəri vəzifəyə təyin və vəzifədən azad edir. Lakin Naxçıvan MR X25 28 iyul 2016-cı il tarixli, 35- V FR saylı Fərmanı ilə təsdiq edilmiş X6 Dövlət Arxiv İdarəsi haqqında Əsasnamənin 14.2ci bəndinə əsasən orqanın rəhbəri müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İdarənin aparatının, yerli və digər qurumlarının ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir. Kəngərli Rayon Dövlət Arxivinin büdcəsi Kəngərli Rayon İcra Hakimiyyətinə ayrıldığından Kəngərli Rayon Dövlət Arxivinin xərclər simetasını İcra hakimiyyəti təsdiq edir. Eyni zamanda ştat cədvəlini də təsdiq edir. Şikayət verən işçinin işəgötürəni məhz Kəngərli Rayon İcra Hakimiyyəti olmalıdır. Məhz bu istinad olunan normativ hüquqi aktlara əsasən də qəbul edilmiş qərar tamamilə əsassız və qanunsuzdur. İşçi ilə işəgötürüən arasında olan münaisbətləri əmək qanunverciliyi tənzimləyir. Yəni hazırki işçiyə münasibətdə də AR Əmək Məcəlləsinin müvafiq normaları tətbiq olunur. Əgər belə olmasa idi, həmin işçinin əməkhaqqısı məhz Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən ödənilməz, eyni zamanda onunla əmək qanunvericiliyin tələblərinə uyğun olaraq işçi-işəgötürən münasibətləri qurulmazdı (əmrlərin verilməsi və.s). Yəni Kəngərli Rayon İcra Hakimiyyəti məhz qeyd olunan işçiyə münasibətdə məzh istinad olunan əsasnamələrə əsasən işəgötürən sayılır və əmək müqaviləsi də işçi ilə Kəngərli Rayon İcra Hakimiyyəti arasında bağlanılmalıdır. Naxçıvan MR X25 28 iyul 2016-cı il tarixli, 35-V FR saylı Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi haqqında Əsasnamənin 14.6-cı bəndində idarə işçilərinin qanunverciliyiə müvafiq olaraq vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi İdarə rəsinin vəzifələri sırasında qeyd olunmuşdur. Lakin sonradan həmin Fərmana dəyişiklik edilməsi barədə 06 sentyabr 2022-ci il tarixli, 131-Vİ FR saylı Fərman imzalanmış və 14.6 bəndə “....tabeliyindəki qurumların rəhbərlərini və işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir....” deyə cümlə əlavə edilmişdir. Əslində əvvəlki redaksiyada olan əsasnamənin müvafiq bəndi daha düzgün və qanunamüvafiq idi. Lakin edilmiş sonrakı dəyişiklik isə yuxarıda istinad olunan əsasnamələrin müvafiq maddələri ilə ziddiyyət təşkil edir. Halbuki həmin əsasnamələr daha yüksək hüquqi qüvvəyə malikdir və ziddiyyət olduqda isə həmin yüksək hüquqi qüvvəyə malik normalar tətbiq olunmaldır. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs X5 rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə 15 aprel 2025-ci il tarixdə şikayətə özünün iştirakı olmadan və müdafiəçinin iştirakı ilə baxılması barədə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, barəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 tərəfindən protokol tərtib edilmiş, AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) əsasən vəzifəli şəxs qismində cərimə olunmuş və müvafiq qurumun 17 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə inzibati tənbeh tədbiri növündə cərimə tətbiq olunması qərara alınmışdır. Qeyd edilən qərarla qəti olaraq razılaşmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə istinad edərək həmin qərara yenidən baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Əvvəlcə şikayət Naxçıvan Şəhər Məhkəməsinə daxil olan zaman həmin şikayət Naxçıvan Şəhər Məhkəməsinə aid olmadığından aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmiş və bu barədə qərardad qəbul edilmişdir. Kəngərli Rayon Məhkəməsi də bu aidiyyət məsələsi ilə razılaşmamış və işin aidiyyətini müəyyən etmək üçün işi Naxçıvan MR Ali Məhkəməsinə göndərmişdir. Naxçıvan MR Ali Məhkəməsi bu aidiyyət məsələsinə aydınlıq gətirmiş və son nəticədə şikayətə baxılması üçün iş Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması üçün məhkəmə baxış iclası 15 aprel 2025-ci il tarixə, saat 11:45 dəqiqəyə təyin edilmiş və onu məhkəmədə müdafiəçisi X16 təmsil edəcəkdir. Onun hüquqları müdafiəçisi Vəkil tərəfindən müdafiə olunacaqdır. İşlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmədə üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir. Şikayət ərizəsini müdafiə edir, bu mübahisənin ədalətli və ətraflı şəkildə araşdırılmasını və onun rəhbərlik etdiyi idarə ilə müvafiq icra hakimiyyəti (Kəngərli Rayon İcra Hakimiyyəti) arasında yaranmış hüquqi fikir ayrılığının aydınlaşdırılmasını xahiş edir. Onun vəzifəli şəxs qismində cərimə olunmağı ilə bağlı qərarla qəti olaraq razılaşmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində şikayət verdiyi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 17 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarına dair şikayətə onun iştirakı olmadan, müdafiəçisi Vəkil iştirakı ilə baxılmasını, iştirak edə bilməməyinin üzrlü qəbul edilməsini, şikayətin təmin olunmaqla qeyd olunan qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq şikayət vermiş şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 müdafiəçisi Vəkil izahatında şikayət ərizəsində qeyd edilənləri müdafiə etdiyini, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin X8 işə götürülməsi ilə bağlı əmr vermədiyini, Kəngərli Rayon İcra Hakimiyyətinin X8 məzuniyyətə buraxılması ilə bağlı əmr verdiyini, onun əmək haqqının da Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən ödənildiyini, həmin işçinin işə qəbul edilməsi ilə bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə ümumiyyətlə məlumat vermədiyini, X8 da Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsini tanımadığını, yəni orada işləmədiyini, Kəngərli Rayon Dövlət Arxivində işlədiyini, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 4.4-cü bəndində “orqanın mərkəzi aparatının işçilərini, yerli və digər qurumlarının rəhbərlərini (Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, ikili tabelikdə olan yerli bölmələrin rəhbərlərini isə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq təqdimat əsasında vəzifəyə təyin və vəzifədən azad edir, yaxud buna razılıq verir, həmçinin digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür” kimi qeyd olunduğunu, işçinin 2021-ci ildə işə qəbul edildiyini, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X11 məhkəməyə təqdim etdiyi əmr və digər sənədlərin qanuniləşdirmək üçün tərtib olunduğunu bildirərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən orqanın nümayəndəsi X20 izahatında X8 müraciəti asasında araşdırma apardıqlarını, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işə cəlb edildiyinin aşkar olunduğunu, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunduğunu və 3000 (üç min) manat mələğində cərimə olunduğunu, məhkəməyə təqdim etdiyi sənədlərdən də X8 əmrinin, əmək kitabçasının və əmək müqaviləsinin X7 tərəfindən imzalandığının göründüyünü, əmək müqaviləsinin Əmək və X22 daxil edilmədiyinin müəyyən olunduğunu, işçiyə əmək haqqının ödənilməsinin Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyini, Maliyyə Nazirliyi tərəfindən xərclər smetası göndərildiyini, onun əsasında əmək haqqının ödənildiyini bildirərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X15 tərəfindən DƏMX-ə daxil olan xx.xx.2025-ci il tarixli müraciətin araşdırılması nəticəsində əldə olunan məlumata əsasən H.R.Orucova ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi faktı aşkar edilmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş 04 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi X7 tərəfindən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış 28 dekabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, X17 01 noyabr 2021-ci il tarixdən Kəngərli Rayon Dövlət Arxivində xadimə vəzifəsində çalışır və əməkhaqqı Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən ödənilir. Onun yazılı müqaviləsi və işə qəbul edilmə əmri Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən rəsmiləşdirilsədə əmək haqqını Kəngərli Rayon İcra Hakimiyyəti ödədiyindən və "esosial.az” internet portalından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair elektron informasiya sistemindən aldığı əmək haqqının aylar üzrə çıxarışları Kəngərli Rayon İcra Hakimiyyətinə məxsus olduğundan işçinin müqaviləsinin “Əmək və Məşğulluq" altsisteminə daxil edilməsində çətinliklər yaranır. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 müraciət etsə də, nəticə əldə olunmamışdır. X9 əmrinin surəti və əmək kitabçası daxili əmrlə rəsmiləşdirilməsi və əmək müqaviləsinin "Əmək və Məşğulluq altsisteminə yerləşdirilməsi üçün müvafiq sənədləri Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 göndərilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi X5 ünvanlanmış 12 fevral 2024cü il tarixli məktubunun surətindən görünür ki, Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.1.10-cu bəndinə uyğun olaraq Rayon İcra Hakimiyyəti müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirir. Yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil edir, o cümlədən, sənədlərin mühafizəsini, müvəqqəti mühafizə müddətləri başa çatdıqdan sonra arxiv fondu sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməsini təmin edir. Dövlət büdcəsindən ayrılan smeta xərcləri əsasında Kəngərli Rayon Dövlət Arxivinin mühasibatlıq işləri Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən aparılır. Bu səbəbdən Kəngərli Rayon Dövlət Arxivində xadimə vəzifəsinə təyin olunmuş X9 aylıq əməkhaqqı ödənişləri Rayon İcra Hakimiyyətinin mühasibatlığı tərəfindən ödənilir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi rəisinin 01 noyabr 2021-ci tarixli, 03/125A nömrəli əmrinə əsasən Kəngərli Rayon Dövlət Arxivində xadimə vəzifəsinə təyin olunmuş X17 ilə əmək müqaviləsinin bağlanması və "Əmək və Məşğulluq" altsisteminə yerləşdirilməsi Kəngərli Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. İş materiallarına əlavə olunmuş 01 noyabr 2021-ci il tarixli, 03/125A nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi X7 tərəfindən X17 01 noyabr 2021-ci il tarixdə Kəngərli Rayon Dövlət Arxiv İdarəsində xadimə vəzifəsində işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş X12 məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən X8 01 noyabr 2021-ci il tarixli, 03/125A nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.1-ci bəndinə əsasən Kəngərli Rayon Dövlət Arxivində xadimə vəzifəsində işə qəbul edilməsi aydın olur. İş materiallarına əlavə olunmuş 01 noyabr 2021-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, işəgötürən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi X7 ilə işçi X17 arasında əmək müqaviləsi bağlanmış və X2 Rayon Dövlət Arxivində xadimə vəzifəsinə işə qəbul edilmişdir. “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 14 və 14.4-cü bəndlərinə əsasən orqanın rəhbəri orqanın aparatının işçilərini, yerli və digər qurumlarının rəhbərlərini (Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, ikili tabelikdə olan yerli bölmələrin rəhbərlərini isə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq təqdimat əsasında vəzifəyə təyin və vəzifədən azad edir, yaxud buna razılıq verir, həmçinin digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür. Məhkəmə şikayət verənin müdafiəçisinin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən dövlət orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Şikayətin təmin edilməməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Qeyd edilən 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmuş, protokolu tərtib edən orqan şikayət verən şəxsin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Beləliklə də həmin halın baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar