Məhkəmə qərarları › İş №3(078)-113/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-113/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-113/2024 26.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Naxçıvan, Badaşqan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, işsiz, subay, iki uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayon Badaşqan kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə Şahbuz rayon Şahbuzkənd kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri Nizami 59/44 ünvanında yaşayan X3 Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə keçmiş həyat yoldaşı yaşadığı ünvana zorla daxil olaraq onun üz nahiyyəsinə 2 dəfə şillə, həmçinin bədəninə təpiklə vurmuşdur. X3 qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis leytenantı X12 tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X4 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 26 fevral 2024-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, X3 ilə ailəli olub, 2 övladı var. Şahbuz Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulub və uşaqların onun yanında qalması qət edilib. Uşaqlar dəfələrlə xəstələnəndə Fərqanəni çağırıb ki, “gəl uşaqlarının yanında ol, onlara yaxın ol, sən anasan”. Dəfələrlə deyəndə çox vaxt heç gəlməyib. Uşaqlar anaları ilə görüşüb ünsiyyətdə olurdular. Sonra da Fərqanə ona qarşı Babək Rayon Məhkəməsində uşaqların atadan alınaraq anaya verilməsi və aliment tələbi ilə bağlı iddia qaldırıb. Uşaqları öyrədib və ondan ayırıb. Məhkəmə psixoloji ekspertiza təyin edib. İndi uşaqlar haliyədə anaları ilə yaşayır. O, övladları üçün şəhərdə ev kirayə tutub. Fərqanə ilə yenidən barışıb bir yerdə yaşaya bilər deyə razılaşmışlar. Lakin Fərqanə başqa bir ev kirayə tutmuşdu və o uşaqları necə bir evdə Fərqanə ilə yaşayır deyə baxmağa getmiş, həmin vaxt Fərqanəyə “gəl gedək mənim tutduğum ev daha rahatdır orada yaşayaq” demiş, Fərqanə razı olmamış və kobud şəkildə onu evdən qovmağa çalışmışdır. O da Fərqanəni yüngül şəkildə itələyərək geri çəkib. Bu zaman Fərqanə guya onu döyür deyə qışqır-bağır saldı. Nəticədə onu polisə şikayət etdi. O, Fərqanəni döyməyib. Fərqanə onu şərləyib tutdurmaq istəyir. Sadəcə olaraq onu itələyib. Şahbuz Rayon Məhkəməsinin qətnaməsini və Babək Rayon Məhkəməsinin qərardadını məhkəməyə təqdim edib. Babək Rayon Məhkəməsi uşaqlarla bağlı ekspertiza təyin edib, uşaqları ekspertə aparmaq ona həvalə edilib. Fərqanənin aliment borcu vardır. Onu döyüb sağlamlığına zərər vurduğu üçün barəsində cinayət işi açılmışdı. Sonra o Fərqanə ilə barışdı, çünki uşaqların gələcəyinə analarının məhkumluğunun düşməsini istəmədi. Fərqanə uşaqları ona göstərmir, ona vermir. O uşaqlarını tələb edir. O, Fərqanənin döyməyib. Onların söhbəti olanda uşaqlar içəri otaqda idilər. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, keçmiş həyat yoldaşı dəfələrlə onu döyüb-təhqir edib. Uşaqlar da artıq onunla yaşamaq istəmir. Boşanma vaxt uşaqları balaca idi və bir-iki dəfə ataları ilə görüşəndə onları öyrətdi və uşaqlar da bilməyib atalarını seçdilər və qətnamə ilə atalarının yanında qaldılar. İndi uşaqlar ona bağlıdır və özləri təkidlə deyirlər ki, “ana biz səninlə yaşamaq istəyirik”. Heç uşaqları atalarını görmək belə istəmir. Çünki bu dövrdə uşaqlarını həm atası, həm də bibiləri döyüblər, barlara gedib uşaqları da özü ilə aparıb. Buna görə də Babək Rayon Məhkəməsində uşaqların onun yanında saxlanılması və aliment alınması üçün müraciət edib, işlə bağlı hazırda ekspertiza təyin edilib. O hətta harada yaşamağını da Şəxs deməyib. Çünki onu hər yerdə təqib edir və iş yerinin qarşısında dəfələrlə onu hədələyib və təhqir edib. Hadisə günü uşaqlarla evə gəlib, sən demə Şəxs onu təqib edib. Qapını örtən zaman qapını itələdi. Evə gəlmək istədi və o qapının ağzında Şəmili evə buraxmaq istəməsə də Şəmil zorla içəri girdi və onun gözünün üstünə sillə ilə vurdu. Buna görə də o, səs-küy saldı, uşaqlar da bundan bərk qorxdu. Şəmildən şikayətçidir və cəzalanmasını istəyir. Şəmil uşaqları narahat edir. Onları rahat yaşamağa qoymur. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən xx.xx.2023-cü il tarixli 244 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol infraorbital nahiyyədə və sol əlin arxa səthində, sol əlin İ və V barmaqlarının protez dırnaqlarının hissəvi qopması. Qançırlar küt alətin təsirindən törənə bilərdi, həmçinin bilavasitə əl zərbəsinin müvafiq nahiyyəyə çırpılması nəticəsində yarana bilərdi. Xəsarətin müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş: Şahbuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(090)-13/2023-cü il tarixli qətnaməsinin surətindən məlum olur ki, həmin qətnamə ilə İbrahimova (Babayeva) Fərqanə Zəngibar qızı ilə Şəxs arasında Babək rayon Qeydiyyat şöbəsində 22.02.202-ci il tarixdə bağlanmış 22 nömrəli nikah qeydi pozulmuş, boşanmadan sonra tərəflərin nikahından doğulmuş 03 fevral 2013-cü il təvəllüdlü X10 və 13 dekabr 2014-cü il təvəllüdlü X2 Şəmil Əlabbas oğlunun yanında şaxlanılmışdır. Babək Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 2(079)-34/2024 saylı qərardadının surətindən məlum olur ki, iddiaçı X1 cavabdeh Şəxs qarşı uşaqların alınıb ataya verilməsi və aliment tələbinə dair mülki iş üzrə məhkəmə psixoloji ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, eləcə də inzibati xəta törədən şəxsin məhkəmə qətnaməsinə əsasən himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də məhkəmə Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının yuxarı həddinin dörddə üçündən çox olmayan məbləğdə 350 manat məbləğində cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar