Məhkəmə qərarları › İş №3(078)-115/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-115/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-115/2021 30.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, 11 avqust 1995-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 29 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində Naxçıvan şəhəri, 60-cı məhəlləsində, “Araz” kafe adlanan ictimai yerdə ictimai qaydanı pozduğuna görə baş polis sahə inspektoru onu nizam-intizama dəvət edən zaman o, polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 29 sentyabr 2021-ci il tarixdə qardaşı Tanrı və tanışları Hünərlə birlikdə saat təqribən 23 radələrində “Araz” kafe adlanan kafeyə içki içmək üçün getdiklərini, bir az içki qəbul etdiklərini, Türkiyədə olduğu günlərin yadına düşdüyünü, sərxoş olduğu üçün əsəbləşdiyini, ucadan qışqıraraq ətrafdakıların diqqətini özünə cəlb edərək ünvansız söyüşlər söyməyə başladığını, sonra kafeyə polis əməkdaşının gələrək onu nizamintizama dəvət etdiyini, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirdiyini, ucadan səs-küy salan zaman ətrafda olan insanların kafeni tərk etməyə başladıqlarını, orada heç kimi tanıya bilmədiyini, etdiyi əməldən peşman olduğunu, gələcəkdə bir də belə hallara yol verməyəcəyini bildirdi. X3 məhkəmədə şahid qismində verdiyi izahatında, 29 sentyabr 2021-ci il tarixdə tanışı Tanrı və qardaşı Xanlarla birlikdə saat təqribən 23 radələrində “Araz” kafe adlanan kafeyə içki içmək üçün getdiklərini, bir az içki qəbul etdiklərini, Xanların sərxoş olduğu üçün özünü yaxşı apara bilmədiyini, ucadan səs-küy saldığını, ətrafda olan insanları özünə cəlb etdiyini, ünvansız söyüşlər söydüyünü, Xanları sakitləşdirməyə çalışdıqlarını, həmin vaxt kafeyə polis əməkdaşının gələrək Xanları nizam-intizama dəvət etdiyini, Xanların da polis işçisinin qanuni tələbinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirdiyini, Xanlar ucadan səs-küy salan zaman ətrafda olan insanların kafeni tərk etməyə başladıqlarını, orada heç kimi tanıya bilmədiyini bildirdi. X5 məhkəmədə şahid qismində verdiyi izahatında, 29 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində kürəkənləri Eminlə birlikdə “Araz” kafeyə çay içmək üçün getdiklərini, bir az əyləşdikdən sonra qarşıda oturan masada olan üç nəfərdən birinin uca səslə qışqırmağa və nalayiq ifadələr işlətməyə başladığını, bir az oturduqlarını, həmin şəxsin içəridə özünü yaxşı aparmadığını gördüklərini, özlərinin kafeni tərk etdiklərini, çıxan zaman içəri polis əməkdaşlarının gəldiyini, sözügedən şəxsi də tanımadığını bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 29 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində Naxçıvan şəhəri, 60-cı məhəlləsində, “Araz” kafe adlanan ictimai yerdə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, həmçinin polisin qanuni tələbini pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsi tərəfindən 30 sentyabr 2021-ci il tarixdə verilmiş 576 nömrəli arayışa əsasən, Şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 29 sentyabr 2021-ci il tarixdə verilmiş icbari tibbi müayinə vərəqəsinə əsasən, Şəxs praktiki sağlamdır. İş üzrə 30 sentyabr 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 30 sentyabr 2021-ci il tarixdə, saat 09:20-də inzibati qaydada tutulmuşdur. İş üzrə Naxçıvan şəhər X7 publik hüquqi şəxsi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli, 279 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, Şəxs alkoqol sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar