Məhkəmə qərarları › İş №3(078)-122/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-122/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-122/2022 19.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Babək rayonu, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum edilmiş, işsiz, Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 19 oktyabr 2022-ci il tarixli, 009984 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib olunmuş 19 oktyabr 2022-ci il tarixli, 009984 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 19 oktyabr 2022-ci il tarixdə Naxçıvan şəhər, Nizami küçəsində "Böyük Bağ" adlanan yerdə iki nəfər tanışı ilə birgə uca səslə səs-küy salmış, nalayiq ifadələr işlətmiş və onları nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhərində tanışı X4 ilə görüşüb Nizami küçəsində yerləşən böyük bağ adlanan ərazidə ortaq tanışı X5 ilə görüşüb bağda yerləşən çayçıya getməli olduqlarını, saat təxminən 11:00 radələrində onların orada görüşdüklərini, Elçin Hümbətovun onları çox gözlədiyi üçün onlara irad bildirdiyini, bu mövzuda aralarında mübahisə yarandığını, onlar ətrafda insanların olmağını nəzərə almayaraq uca səslə bir biriləri ilə mübahisə edərkən ağızlarından nalayiq ifadələr çıxdığını, bu zaman onlara bir nəfər polis geyimində əməkdaşın yaxınlaşaraq özünü təqdim etdiyini, ərazinin polis sahə inspektoru olduğunu bildirib, etdikləri əməlin inzibati xəta olduğunu onlara izah etdiyini, onların hərəkətlərinə son vermələrini və nizam intizamlı olmaqlarını tələb etdiyini, onların isə onun tələbinə məhəl qoymayaraq ona "özümüz bilərik biz tanışıq məsələmizin heç kimə aidiyyəti yoxdur" dediklərini, onların hərəkətlərinin ətrafdakı insanların narahatçılığına səbəb olduğunu, bu zaman polis sahə inspektorunun əraziyə əlavə polis əməkdaşları dəvət edib onları Naxçıvan Şəhər Polis idarəsinə gətirdiyini, hazırda etdiyi əməldən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında verdiyi izahatında xx.xx.2022-ci il tarixdə saat təxminən 1100 radələrində Naxçıvan Şəhər Nizami küçəsində böyük bağ adlanan ərazidə hərəkətdə olarkən üç nəfər şəxsin uca səslə səs-küy saldığını və aralarında bir-birlərinə nalayiq ifadələr işlətdiklərini gördüyünü, hadisə onun diqqətini çəkdiyi üçün ayaq saxlayıb onlara baxmağa başladığını, bir neçə dəqiqə sonra bir nəfər polis əməkdaşının onlara yaxınlaşdığını və onların nizam intizamlı olmalarını və hərəkətlərinə son vermələrini tələb etdiyini, həmin şəxslərin polis əməkdaşının tələbinə məhəl verməyərək öz hərəkətlərinə davam etdiklərini, polisin onlara təkrar eyni tələbi irəli sürdüyünü, onların isə “öz məsələmizdir biz tanışıq, özümüz bilərik” deyə cavab verərək polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadıqlarını, əraziyə əlavə polis əməkdaşlarının gəldiyini və onları polis idarəsinə apardıqlarını, orada olan polis kapitanının ondan gördüklərinə şahidlik etməyini xahiş etdiyini, onun da razılaşdığını, onlarla birlikdə idarəyə gəldiyini, idarədə həmin şəxslərin Naxçıvan şəhər sakini X5, Naxçıvan şəhər sakini Şəxs və Kəngərli rayon sakini X4 olduğunun ona məlum olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası X15 tərəfindən 19 oktyabr 2022-ci il tarixdə verilmiş məktuba əsasən Şəxs tibbi müayinədən keçdiyi və ona “praktik sağlam” diaqnozu qoyulduğu aydın olur. İş materiallarına əlavə olunmuş X8 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 03/1832 nömrəli arayışdan görünür ki, Şəxs Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və heç bir növ sosial müavinət və təqaüd almır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 1341 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən Qaraxanbəyli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 1341 nömrəli arayışdan görünür ki, Şəxs ailə üzvləri yoldaşı və azyaşlı qızıdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 183 nömrəli arayışdan görünür ki, Şəxs Naxçıvan Şəhər Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 19 oktyabr 2022-ci il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru polis kapitanı X6 tərəfindən verilən raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə inzibati ərazisində xidməti vəzifələrini yerinə yetirərkən üç nəfər şəxsin Naxçıvan şəhəri Nizami küçəsində yerləşən böyük bağ adlanan ərazidə ucadan səsküy salaraq nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozduğunu gördüyünü, həmin şəxslərə yaxınlaşıb nizam intizama dəvət etdiyini, lakin onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdiklərini, həmin şəxsləri Naxçıvan Şəhər Polis idarəsinə gətirdiyini, idarədə həmin şəxslərin Kəngərli rayonu Qıvraq qəsəbəsində qeydiyyata olan və yaşayan X4, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 olduğu məlum olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini isə iş üzrə məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halı nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar