Məhkəmə qərarları › İş №3(078)-123/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-123/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-123/2021 21.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təhsilli, usta, evli, iki uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, 6-cı məhəllə, ev 5 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsinin 1 №-li Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 20 oktyabr 2021-ci il tarixdə ünvan 3 ünvanda yaşayan zərərçəkmiş şəxs Rəhimov X5 Şəhər Polis İdarəsinin 1 №-li Polis bölməsinə ərizə ilə müraciət edərək ərizəsində 19 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində Hacıniyyət kəndində yerləşən mebel sexində əvvəllər aralarında mübahisə yaranmış şəxs Ülfətlə yenidən mübahisələrinin düşdüyünü, bu zaman Ülfətin onun sifət nahiyəsindən yumruqla vurduğunu, bədənində ağrılar olduğunu, Ülfət barədə tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin 1 №-li Polis Bölməsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 21 oktyabr 2021-ci il tarixli, 009823 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında Vüsal adlı şəxslə əvvəllər aralarında mübahisələr olduğunu, 19 oktyabr 2021-ci il tarixdə saat təqribən 22 radələrində tanışı Əbülfəzin ona zəng edərək Vüsalın işlədiyi Hacıniyyət kəndindəki mebel sexinə gəldiyini bildirdiyini, onun nə yaxşı gəlib soruşduğunu, Əbülfəzin də əvvəllər aranızda olan mübahisədən yana gəldiyini dediyini, əynini dəyişərək tanışı Əbülfəzin sexinə getdiyini, Vüsal ilə Əbülfəzin orda olduğunu, Vüsaldan niyə gəlmisən soruşduğunu, onun da keçmişdə olan mübahisəni həll etmək üçün gəldiyini bildirdiyini, Vüsalı həmin vaxt sərxoş olduğu üçün onu başa sala bilmədiyini, Vüsal sərxoş olduğu üçün nalayiq ifadələr işlətdiyini, əsəblərini cilovlaya bilməyərək Vüsalın sifət nahiyəsindən vurduğunu, Vüsalın da onlardan ayrılaraq evlərinə getdiyini, daha sonra Vüsalın bu barədə polis bölməsinə məlumat verdiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Ülfət adlı şəxslə əvvəllər aralarında mübahisələr olduğunu, Ülfətin onun keçmiş arvadı ilə münasibətləri olduğunu, bunu məhkəmədə nikahın pozulması ilə bağlı işə baxıldığı vaxtlarda öyrəndiyini, Ülfətin hətta ona arvadı ilə barışdığına görə hədə qorxu gəldiyini, Ülfətə görə arvadı ilə təkrar ayrıldıqlarını, lakin Ülfətin əməllərinə son qoymadığını, bu məsələlərə görə Ülfətlə aralarında əvvəllər mübahisə olduğunu, 19 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Ülfətlə aralarında olan mübahisələrin yadına düşdüyünü, özünün də Ülfətin tanışı Əbülfəzin Hacıniyyət kəndində yerləşən mebel sexinə getdiyini, içkili olduğu üçün Əbülfəzin yanında Ülfətin arxasınca nalayiq ifadələr işlətdiyini, az müddət keçdikdən sonra Ülfətin həmin sexə gəldiyini, onu görüb onunla mübahisə etməyə başladığını, ona nalayiq ifadələr işlətdiyini, həmin vaxt onun üz nahiyəsindən yumruqla vurduğunu, sonra özünün bu barədə polis bölməsinə müraciət etdiyini, onu bağışlamadığını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında şahid X7 izahatında təqribən 16 ildir ki mebel ustası işlədiyini, Hacıniyyət kəndində kirayə işlədiyi sexdə olan zaman əvvəlcədən tanıdığı Vüsalın onun sexinə gəldiyini, biraz söhbət etdiklərini, Ülfətin onun boşandığı əvvəlki arvadının evinə getdiyini bildirdiyini, onun zəng vurmuşam Ülfətin atasına Ülfət o evə birdə gedib dediyini, Vüsalla Ülfətin arasında əvvəllər də bu məsələyə görə mübahisə olduğunu, Ülfətin Vüsalın keçmiş arvadı ilə münasibətlərinin olduğunu, Vüsalın ailəsini bərpa etmək istədiyini, Vüsalın Ülfətin atası ilə danışanda Ülfət telefonu atasından alaraq Vüsalı söydüyünü, bunları Vüsalın sexdə dediyini, Ülfətin qardaşı uşaqlarını evlərinə apardığını vaxt Vüsalın sexə girəndə gördüyünü və sexə gəldiyini, sexdə olan zaman Vüsalın ona qarşı söyüş söyməyib sadəcə "şərəfsiz sən o evə niyə bir də getmisən?" dediyini, Ülfət bunu gözləməyib onun atasına zəng vurduğuna görə döydüyünü Vüsalın burnuna vurduğunu, onları aralayaraq polisə zəng vurduğunu, Vüsalın polisi gözləməyib özünün polisə şikayətə getdiyini bildirdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən 21 oktyabr 2021-ci il tarixli, 81 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sol gözaltı nahiyəsindəki qançır və burun kökünün sol yarısındakı sıyrıq küt əşyanın təsirindən törənmişdir. Müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş X9 adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxs tərəfindən 21 oktyabr 2021-ci il tarixdə verilmiş icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli, 604 nömrəli arayışdan görünür ki, Hüseynov X4 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs bir azyaşlı övladı vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq agentliyinin PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli 285 nömrəli arayışdan görünür ki, Hüseynov X4 Şəhər Məşğulluq Mərkəzində işsiz və iş axtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR X3 Publik hüquqi şəxsi QİÇS-lə X1 tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli, 7736 nömrəli analizdən görünür ki, Şəxs analiz nəticəsi mənfidir. İş materiallarına əlavə olunmuş 21 oktyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 21 oktyabr 2021-ci il tarixdə saat 09:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, şahidin izahatı ilə, tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, bir azyaşlı övladının olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirərkən törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə cərimə növündə inzibati tənbehi tətbiq etməyərkən Şəxs heç bir yerdə işləməməsini, heç bir növ pensiya almamasını da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 45 (qırx beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 21 oktyabr 2021-ci il tarixdən, saat 09:30-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar