Məhkəmə qərarları › İş №3(078)-123/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-123/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-123/2022 19.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxx 1986-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, 2 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, 19 oktyabr 2022-ci il tarixdə üç nəfər şəxs Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən böyük bağ adlanan ərazidə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, polis əməkdaşı həmin şəxslərə yaxınlaşıb nizamintizama dəvət etmiş, lakin onlar polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etmişlər. Polis əməkdaşı həmin şəxsləri Naxçıvan Şəhər Polis İdarəsinə gətirmiş, idarədə həmin şəxslərin Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyata olan və yaşayan X3, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan X2 və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs olduğu məlum olmuşdur. Bununla da, onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 19 oktyabr 2022-ci il tarixdə Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən böyük bağ adlanan ərazidə tanışı X2 və X3 ilə görüşüb bağ çayçıya getməli olduqlarını, saat təxminən 11:00 radələrində orada görüşdüklərini, onları orada gözəldiyi üçün irad bildirdiyini, bu mövzuda aralarında mübahisə yarandığını, İlkin və Nicat söyüşlə qarşılıq verdiyi üçün bir-birlərinə ətrafda insanların olmağını nəzərə almayaraq uca səslə mübahisə edərkən söyüşlər söydüklərini, bu zaman onlara bir nəfər polis geyimində əməkdaşın yaxınlaşaraq özünü təqdim etdiyini, ərazinin polis sahə inspektoru olduğunu bildirib etdikləri əməlin inzibati xəta olduğunu onlara izah edib onların hərəkətlərinə son verməklərini və nizam-intizamlı olmaqlarını tələb etdiyini, onun tələbinə məhəl qoymayaraq ona “özümüz bilərik, biz tanışıq, məsələmizin heç kimə aidiyyəti yoxdur” deyə ona bildirdiklərini, ətrafda hərəkətdə olan insanların onların səs-küylərinə onların yanına toplaşmağa başladıqlarını, bu zaman polis sahə inspektorunun əraziyə əlavə naryad dəvət edib onları Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiyini, əməlindən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X6 məhkəmədə şahid qismində verdiyi izahatında, 19 oktyabr 2022-ci il tarixdə, saat təxminən 11:00 radələrində Naxçıvan şəhəri, Nizami küçəsində böyük bağ adlanan ərazidə hərəkətdə olarkən üç nəfər şəxsin uca səslə səs-küy saldığını və aralarında birbirlərinə nalayiq ifadələr işlətdiklərini gördüyünü, hadisə onun diqqətini çəkdiyi üçün ayaq saxlayıb onlara baxmağa başladığını, bir neçə dəqiqə sonra bir nəfər polis əməkdaşının onlara yaxınlaşdığını və onların nizam-intizamlı olmalarını və hərəkətlərinə son vermələrini tələb etdiyini, həmin şəxslərin polis əməkdaşının tələbinə məhəl verməyərək öz hərəkətlərinə davam etdiklərini, polisin onlara təkrar eyni tələbi irəli sürdüyünü, onların isə "öz məsələmizdir, biz tanışıq, özümüz bilərik” deyə cavab verərək polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadıqlarını, əraziyə əlavə polis əməkdaşlarının gəldiyini və onları polis idarəsinə apardıqlarını, orada olan polis kapitanının ondan gördüklərinə şahidlik etməyini xahiş etdiyini, razılaşdığını, onlarla birlikdə idarəyə gəldiyini, idarədə həmin şəxslərin Naxçıvan şəhər sakini Şəxs, Naxçıvan şəhər sakini X2 və Kəngərli rayon sakini X3 olduğunun ona məlum olduğunu bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 19 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən böyük bağ adlanan ərazidə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, həmçinin polisin qanuni tələbini pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə edilmiş: İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 19 oktyabr 2022-ci il tarixdə verilmiş məktuba əsasən, Şəxs “praktiki sağlam” diaqnozu müəyyən olunmuşdur. İş üzrə 19 oktyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 19 oktyabr 2022-ci il tarixdə, saat 11:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, himayəsində iki uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Əməlin bir qrup şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 19 oktyabr 2022-ci il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar