Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-124/2025 04.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 iştirakları ilə, xx.xx.1996-cı ildə, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), ali təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 04 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 04 mart 2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində məlumat əsasında Naxçıvan şəhər Babək məhəlləsində bir nəfər şəxsin hal və hərəkətlərində şübhə olduğu üçün həmin şəxs Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 narko-test müayinəsinə aparılmışdır. Orada həmin şəxs öz ərizəsi əsasında narko-testdən keçirilmişdir. Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2025-ci il tarixli test nəticəsinə əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1996-cı il təvəllüdlü, Şəxs narkotik vasitələrin istifadəsi aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında fevral ayının 8-də də məhkəməyə gətirildiyini, həmin vaxt resepti yanında olmadığı üçün təqdim edə bilmədiyini, hal-hazırda resepti gətirdiyini, bud-çanaq nahiyəsində ağrısı olduğunu, yeriməsində də məhdudiyyət olduğunu, İİİ dərəcəli əlilliyi olduğunu, pensiya aldığını, ağrı səbəbindən də pentalqin dərmanından istifadə etdiyini, bunu həkimin yazdığını, ekspert rəyində də pentalqin dərmanına görə opioidin çıxa biləcəyinin qeyd edildiyini, özünün narkotik vasitə istifadə etmədiyini, polis əməkdaşlarına da, Azad həkimə də pentalqin dərmanından istifadə etdiyini bildirdiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 şəxsin resepti inzibati xəta haqqında protokol tərtib edildikdən sonra verdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 04 mart 2025-ci il tarixli, 108 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq olmadan narkotik və psixotrop maddə istifadəsi inkar edilmir. Halhazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə OPİ (opioid) və BAR (barbital) müsbət aşkar olunmuşdur. Opioid qrupuna tiryək, heroin, morfın, kodein, tabein kimi maddələr daxildir. Qeyd: Şəxsin istifadə etdiyi pentalgin-N adlı dərman vasitəsinin tərkibində fenobarbital və kodein olduğu üçün həmin dərmanın istifadəsi zamanı narko-test nəticəsində aşkarlanmış hər iki maddə müsbət nəticə verə bilər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 04 mart 2025-ci il tarixdə saat 13:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası X10 tərəfindən verilmiş rəydən görünür ki, Şəxs, 1996-cı il təvəllüdlü, Naxçıvan şəhəri, H.Aslanov 7/6 sakini xx.xx.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanası X10n Travmatologiya şöbəsində həkimlər tərəfindən müayinə olunmuş və M16.1. Hər iki bud sümüyü başlarının avaskulyar nekrozu, ikitərəfli koksartroz birinci mərhələ; M25.5; R26. Oynaqlarda ağrı, funksiya pozğunluğu; M24.5 - Sol bud-çanaq oynağının kontrakturası diaqnozu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş həkim travmatoloq X9 tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli tövsiyə vərəqəsindən görünür ki, Şəxs ağrı olan zaman 1 tab. yeməkdən sonra “Pentalqin H N20” dərmanını istifadə etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, hazırda Şəxs təqsirləndirildiyi maddənin məzmunundan da göründüyü kimi qeyd olunan maddənin tərkibinin yaranması üçün şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi təsdiq edilməlidir. Lakin Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 04 mart 2025-ci il tarixli, 108 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində “şəxsin istifadə etdiyi pentalgin-N adlı dərman vasitəsinin tərkibində fenobarbital və kodein olduğu üçün həmin dərmanın istifadəsi zamanı narko-test nəticəsində aşkarlanmış hər iki maddə müsbət nəticə verə bilər” kimi qeyd edilmişdir. Şəxsin məhkəməyə təqdim etdiyi tövsiyə vərəqəsindən də həqiqətən həkim tərəfindən ona pentalgin-N adlı dərman vasitəsinin istifadə edilməsi tövsiyə edildiyi görünür. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edilən dərmanı qanuni şəkildə əldə edərək istehlak etmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinin məzmununa əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-124/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-124/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver