Məhkəmə qərarları › İş №3(078)-129/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-129/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-129/2025 07.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinə 07 mart 2025-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 28 fevral 2025-ci il tarixli, 3-13-43-6/2-5388/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 16 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Qeyd olunan halların araşdırılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1 və 100.1.7-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, 16 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə hüquqları və vəzifələrinin izah edilməsi ilə bağlı müvafiq qeyd aparılmamışdır. Həmçinin həmin protokolun surətinin zərərçəkmiş şəxsə təqdim edilməsi ilə bağlı hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Həmçinin 24 dekabr 2024-cü il tarixli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda Şəxs Hyundai İ30 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilə, Geely CK markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilə, Kia Rio markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilə və BMW markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan vurduğu qeyd olunsa da həmin avtomobillərin mülkiyyətçilərinin kim olması barədə heç bir sənəd inzibati xəta haqqında protokola əlavə edilməmiş, həmin avtomobillərin mülkiyyətçiləri zərərçəkmiş şəxs kimi tanınmamış, onlara hüquq və vəzifələri izah edilməmiş və protokolun surəti onlara təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx xxxx 2008-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmamışdır. Belə olan halda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən onun qanuni nümayəndəsinin iştirakı təmin olunmalıdır. Lakin İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanuni nümayəndəsi cəlb edilmədən onun barəsində inzibati xəta haqqında icraat başlanılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs müdafiəçi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxsin diqqətinə çatdırır ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərə vəkil orderinin əlavə edilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçi ilə təmin edilməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı müdafiəçinin iştirakı ilə alınmamış, digər prosessual hərəkətlər həyata keçirilərkən də müdafiəçinin iştirakını təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi, təqdim edilmiş materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 16 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılmalıdır. Həmçinin protokol tərtib edən orqanın diqqətinə çatdırılır ki, protokolun məhkəməyə göndərilməsi müddəti ilə bağlı nöqsana yol verilmişdir. Belə ki, qeyd olunan protokol 16 yanvar 2025-ci il tarixdə tərtib edilməsinə, şəxsin təqsirləndirildiyi maddədə inzibati həbs növündə inzibati tənbeh nəzərdə tutulmasına, qeyd olunan kateqoriya işlərə məhkəmə tərəfindən dərhal baxılmalı olmasına baxmayaraq həmin protokol tərtib olunduğu gün yox, tərtib olunduqdan 51 gün sonra məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmçinin məhkəmə protokol tərtib edən orqanın diqqətinə çatdırır ki, qeyd olunan protokol və ona əlavə edilmiş sənədlər 16 yanvar 2025-ci il tarixdə məhkəmənin qərardadı əsasında nöqsanlar göstərilməklə geri qaytarılmış, lakin protokol tərtib edən orqan tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmadan təkrarən 25 gün sonra məhkəməyə göndərilmiş, 10 fevral 2025-ci il tarixdə məhkəmənin qərardadı əsasında hazırki nöqsanlar göstərilməklə təkrarən geri qaytarılmış, lakin protokol tərtib edən orqan tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmadan təkrarən 07 mart 2025-ci il tarixində məhkəməyə göndərilmişdir. Halbuki qərardadda göstərilən hallara ciddi yanaşılmalı, qeyd olunan nöqsanlar aradan qaldırılmadan təkrarən məhkəməyə müraciət edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 16 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar