Məhkəmə qərarları › İş №3(078)-134/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-134/2024

10.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-134/2024 10.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə, xx.xx.2001-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, işsiz, deməsinə görə əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 10 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X12 tərəfindən tərtib olunmuş 10 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, X8 08 mart 2024-cü il tarixdə Naxçıvan şəhərində xırda xuliqanlıq etmiş, 09 mart 2024-cü il tarixdə 1-ci Polis Bölməsində səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında özünü təqsirli bildiyini, xx.xx.2024-cü il tarixdə ona məxsus olan avtomobillə şəhərdə gəzdiyini, təxminən saat 12:00 radələri olan zaman 4 yol tərəfdə iki qızın yol kənarı ilə getdiyini gördüyünü, onların yanından keçən zaman mahnını səsinin yüksək olduğunu, yanındakılarla həmin qızlara baxdıqlarını, daha sonra yolun digər tərəfinə keçərək oradan uzaqlaşdıqlarını, həmin gün 17:00 radələrində fujifilm tərəfdə həmin qızları yenə gördüyünü, səslərinin yüksək olduğu üçün həmin qızların narahat olduğunu görüb avtomobili sürüb getdiklərini, xx.xx.2024-cü il tarixdə “Fərda” şirniyyat tərəfdə gedən avtomobili ötmək üçün siqnal verdiyini, onu ötüb keçdiyini, yolun kənarında həmin qızlardan birini gördüyünü, həmin vaxt maşında anasının da olduğunu, onu “Fərda” şirniyatın önündə düşürdükdən sonra sonra geri qayıtdığını, bu zaman qızın yanında olan bir qadının ona saxlaması üçün əl elədiyini, lakin saxlamayıb getdiyini, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının onu bölməyə dəvət etdiklərini, anasının da həmin vaxt yanında olduğunu, izahatını alan zaman anası narahat olduğu üçün əsəbləşib nalayiq ifadələr işlətdiyini, özündən çıxdığını, giriş qapısının şüşəsini sındırdığını, əlinin yaralandığı üçün ona yardım etdiklərini, sanitar qovşağa əl-üzünü yumaq üçün apardıqlarını, oranın da qapısına təpiklə vurduğunu, həmin qapını sındırdığını, daha sonra onu xəstəxanaya apardıqlarını, özünü cilovlaya bilmədiyi üçün belə hadisənin olduğunu, əməlindən peşman olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə Naxçıvan Tibb kollecində birlikdə oxuduğu kurs yoldaşı Qumral Tağıyeva ilə birlikdə saat 12:00 radələrində Naxçıvan şəhər Heydər Əliyev prospekti ilə səki ilə Perinetal Mərkəzə dərsə getdiklərini, 4 yol adlanan yerə çatan zaman yolun kənarında ağ rəngdə bir avtomobilin onlara yaxın istiqamətdə saxladığını, avtomobilin sürücüsünün pəncərəni endirib onlara tərəf baxaraq nələrsə deməyə başladığını, avtomobilin içindən yüksək səslə mahnı səsi gəldiyi üçün onun dediklərini başa düşmədiyini, sonra avtomobili sürüb getdiyini, həmin gün saat 17:00 radələrində dərsdən çıxıb evə gedən zaman fujifilmin yaxınlığında işıqforun yanında olan piyada keçidi ilə keçmək istəyən zaman həmin avtomobilin sürücüsünün pəncərəni endirərək yüksək səslə ona “sənə demirəm evə get” deyib avtomobili sürüb getdiyini, bu hadisəni evə getdikdən sonra anasına danışdığını, xx.xx.2024-cü il tarixdə anası ilə birlikdə şirniyyat almaq üçün “Megastore” market ilə Fərda şirniyyatın arasında olan məsafədə səki ilə Fərda şiriniyyata getdiklərini, həmin avtomobilin onlar səki ilə gedən zaman yanlarından keçərək səs siqnalı verdiyini, onun dönüb baxan zaman avtomobildən ona əl etdiyini, həmin şəxsin yanında avtomobildə bir qadının əyləşdiyini, daha sonra onlar “Fərda” şirniyyatda olan zaman həmin avtomobilin yolun əks istiqaməti ilə qayıtdığını, anasının həmin avtomobilə saxlaması üçün əl etdiyini, lakin onun anasını görsə də avtomobili saxlamayıb sürüb getdiyini, sonradan həmin avtomobilin sürücüsünün Şəxs adlı şəxs olduğunu öyrəndiyini bildirdi. X5 məhkəmə iclasında verdiyi ifadəsində 08 mart 2024-cü il tarixdə övladı X9 ilə birlikdə saat 18:00 radələrində Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən “Fərda” şirniyyat mağazasına şirniyyat almağa getdiklərini, səki ilə piyada hərəkət edən zaman avtomobilin səs siqnalı verən zaman uzun uzadı siqnal verdiyini eşidib nə olduğuna dönüb baxan zaman bir ağ avtomobil gördüyünü, maşının salonuna baxdığını, saçı və saqqalı uzun cavan şəxsin əli ilə maşının içindən onlara tərəf baxaraq əl edərək onlara baxaraq güldüyünü, daha sonra sürüb getdiyini, təxminən 1-2 dəqiqə sonra həmin avtomobilin “Billur” şadlıq evinin qarşısı ilə dönərək digər yola gedə-gedə maşının içindən maşını sürən həmin şəxsin onlara baxdığını, onu saxlayıb nə üçün belə etdiyini soruşmaq istədiyini, astaca əli ilə maşına “dur” hərəkəti etdiyini, həmin vaxt avtomobili idarə edən şəxsin onu saxlamaq istədiyini görərək sürüb getdiyini, həmin vaxt qızı Gülüstanın ona “ana, bu şəxs ayın 4-ü mən dərsə gedən zaman məni narahat edən şəxsdir, maşın da həmin maşındır” dediyini, onun da qızına “kaş sən mənə biraz tez deyərdin, mən həmin maşının şəklini çəkərdim gedib polisə şikayət edərdim” dediyini, həmin şəxsin qızını bundan əvvəl bir dəfə də 04 mart 2024-cü il tarixində narahat etdiyini, sonradan həmin şəxsin Şəxs adlı şəxs olduğunu öyrəndiyini bildirdi. X25 Hicran qızı məhkəmə iclasında verdiyi ifadəsində 04 mart 2024-cü il tarixində kurs yoldaşı Vəliyeva Gülüstan ilə birlikdə saat 12:00 radələrində Naxçıvan şəhəri, H.Əliyev prospekti tərəfdə səki ilə Perinatal mərkəzə dərsə getdiklərini, 4 yol adlanan yerə çatan zaman yolun kənarında ağ rəngdə **-BL-*** nömrəsi olan bir avtomobilin onlara yaxın istiqamətdə saxladığını, onlara tərəf baxıb gülərək nəsə deməyə başladığını, avtomobildə yüksək səslə mahnı səsi gəldiyi üçün onun dediklərini başa düşmədiklərini, sonra sürüb getdiyini, həmin gün saat 17:00 radələrində dərsdən çıxıb evə gedən zaman fujifilmin yaxınlığında işıqforun yanında olan piyada keçidi ilə keçmək istəyən zaman həmin avtomobilin sürücüsünün pəncərəni endirərək yüksək səslə Gülüstana “sənə demirəm evə get” deyib avtomobili sürüb getdiyini bildirdi. X10 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə qazanxanaçı işlədiyi Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində işdə olarkən çölə çıxan zaman vətəndaşların qəbulu otağında polis əməkdaşının bir vətəndaşı izahatını alması üçün dəvət etdiyini gördüyünü, həmin vətəndaşın isə polis əməkdaşına qarşı gəldiyini, polis əməkdaşının sakitliyə riayət etməsi və polisin qanuni tələbinə tabe olmağı tələb etsə də, həmin şəxsin yüksək səslə nalayiq ifadələr işlətdiyini, anidən yumruqla bölmənin giriş qapısına vurduğunu, qapının şüşəsinin qırıldığını, polis əməkdaşının şəxsə tibbi yardım etdiyini, daha sonra həmin şəxsin sanitar qovşağın qapısını da təpiklə vurduğunu gördüyünü, sonradan həmin şəxsin Şəxs adlı şəxs olduğunu öyrəndiyini bildirdi. X14 məhkəmə iclasında verdiyi ifadəsində 09 mart 2024-cü il tarixdə məsul növbətçi vəzifəsində çalışdığı Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində xidmətdə olan zaman Naxçıvan şəhər sakini Gülüstan Vəlizadənin vətəndaş Şəxs barəsində etdiyi şikayət ərizəsi ilə bağlı araşdırma aparılması məqsədilə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət olunduğunu, həmin şəxsin şəxsi məlumatlarını qeyd edən zaman şəxsin kobud cavablar verdiyini, onun barəsində məlumatları qeyd etməyə maneçilik törətdiyini, qeydiyyat apardıqdan sonra Şəxs müraciətlə bağlı vətəndaşların qəbulu otağına dəvət olunduğunu, həmin vaxt onun aqressivlik etməyə və polisin qanuni tələblərini pozmağa başladığını, ona xəbərdarlıq olunmasına baxmayaraq nalayiq ifadələr işlətməklə və söyüş söyməklə hərəkətlərinə davam etdiyini, Şəxs anidən bölmənin giriş qapısına sağ əli ilə yumruq zərbəsi vurduğunu, şüşənin qırılaraq sağ əlini kəsdiyini, dərhal növbətçi hissəyə keçdiyini, tibbi yardım dolabından 1 ədəd sarğı götürdüyünü, Şəxs əlini sarıdığını, əl-üzünü yuyub sakitləşməsi üçün Bölmənin sanitar qovşağına apardığını, su krantını açıb əl-üzünü yumaq əvəzinə daha da aqressivləşdiyini, sanitar qovşağın qapısına bir neçə təpiklə vurduğunu, qapının çərçivədən qırıldığını, qapının üzlük hissəsinin qırılıb içəri batdığını, onu sakitləşdirib əl-üzünü yumasına köməklik etdiyini, kəsilmiş yarasına müdaxilə etmələri üçün X26 Tibbi Yardım briqadasının çağırmasını bildirdiyini, Şəxs X11 qrupu ilə müşayət olunaraq Naxçıvan Mərkəzi xəstəxanasına müayinə və müalicə olunması üçün aparıldığını bildirdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində xidmətdə olan zaman bir nəfər vətəndaşın şikayətlə bağlı araşdırma aparılması üçün bölməyə dəvət olunduğunu, həmin şəxsin Şəxs olduğunu, həmin şəxsin qeydiyyatını xidmətdə olan növbətçi polis mayoru Orxan Rzayevin yazdığı vaxt şəxsin kobud cavablar verdiyini, daha sonra izahatının alınması üçün vətəndaşların qəbulu otağına dəvət olunan zaman polisin qanuni tələblərini pozmağa başladığını, ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, tabesizlik göstərdiyini, ona sakit olmağı və tabe olmağı bildirsələr də, məhəl qoymayıb daha da aqressivləşərək bölmənin qapısına yumruqla vuraraq şüşəsini sındırdığını, əli kəsildiyi üçün polis əməkdaşının ilkin tibbi yardım etdiyini, sanitar qovşağa əlini-üzünü yuması üçün aparıldığını, lakin şəxsin orada da qapıya təpiklə vurduğunu, oranın da qapısının qırıldığını, daha sonra şəxsin müşayət altında xəstəxanaya aparıldığını bildirdi. X3 məhkəmə iclasında verdiyi ifadəsində 09 mart 2024-cü il tarixdə sürücü kimi xidmət etdiyi Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində xidmətdə olduğunu, növbətçi hissənin qarşısında bir vətəndaşın dayandığını, Bölmənin məsul növbətçisi, polis mayoru Orxan Rzayevin ona nə üçün Bölməyə dəvət olunduğunu izah etdiyini, səbəb isə həmin şəxsin Naxçıvan şəhəri ərazisində bir xanımı avtomobili ilə narahat etməsi olduğunu, həmin vaxt Şəxs şəxsi məlumatlarını məsul növbətçi soruşan zaman ona kobud rəftar edərək tabesizlik göstərdiyini, daha sonra Şəxs müraciətlə bağlı araşdırma aparılması üçün vətəndaşların qəbulu otağına dəvət edən zaman səs-küy salmağa başladığını, nalayiq ifadələr işlətdiyini, söyüş söydüyünü, vətəndaşların qəbulu otağından aqressiv şəkildə çıxaraq Bölmənin giriş qapısına yumruqla vuraraq qapının şüşəsini qırdığını, məsul növbətçi Orxan Rzayevin növbətçi hissədən sarğını götürərək Şəxs kəsilən əlini sarıdığını və sanitar qovşağa əl-üzünü yumaq üçün apardığını, Şəxs sanitar qovşaqda olan zaman sakitləşmək əvəzinə hərəklərinə davam etdiyini, içəridə qışqırdığını, qapını təpiklədiyini, qapıya vurduğu təpik zərbəsindən sanitar qovşağın qapısının iki yerdən qırıldığını bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə X8 09 mart 2024cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə X7 inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halı nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də X4 barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 09 mart 2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 09 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X17 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar