Məhkəmə qərarları › İş №3(078)-138/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-138/2021

18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-138/2021 18.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN KOD: xxxxxxx) orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, subay, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsinin 1№-li Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 18 noyabr 2021-ci il tarixdə Babək rayonu, Hacıvar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan zərərçəkmiş şəxs Xəlilov X4 Şəhər Polis İdarəsinin 1 №-li Polis bölməsinə ərizə ilə müraciət edərək ərizəsində 10 noyabr 2021-ci il tarixdə, X2 və Şəxs onu işə düzəltmək adı ilə ondan 450 manat pul aldıqlarını, onun pulunun geri qaytarılması və hər iki şəxs barədə tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin 1 №-li Polis Bölməsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 18 noyabr 2021-ci il tarixli, 009825 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında Naxçıvan şəhər, Qaraxanbəyli kəndində yaşadığını, 10.11.2021-ci il tarixdə tanışı olan Elçinlə birlikdə çay içdiyini, həmin vaxt əvvəlcədən tanışı olan Tofiq adlı şəxsin Elçinə zəng vuraraq işsiz olduğunu dediyini və ona hər hansı bir yerdə köməklik etməyini istədiyini və onunda ona köməklik edə biləcəyini dediyini, sağollaşıb telefonu söndürdüyünü, ondan sonra təqribən 20-25 dəqiqə sonra o Elçinə ondan 450 manat pul istəməyini istədiyini, onun da Tofiqə zəng edərək iş üçün 450 manat lazım olduğunu dediyini, onun da razılaşdığını, onun Elçinə 450 manatı aralarında bölməyi təklif etdiyini, onun da razılaşdığını, təqribən 2 saat sonra Tofiqin onlara zəng edərək yerlərini soruşduğunu və onlara pulu gətirdiyini, onlarında ona yaxın bir yerdə mühafizə işinə düzəldəcəklərini dediyini və sağollaşdıqlarını, o getdikdən sonra 450 manat pulu aralarında böldüyünü, ertəsi gün Tofiqin hər ikisinə zəng etdiyini və onların Tofiqin zənglərinə cavab vermədiyini, 18.11.2021-ci il tarixdə o və Elçinin Tofiqə zəng etdiyini və iş üçün əlavə 100 manat pul lazım olduğunu dediyini, onun da verdiyi 450 manatı geri istədiyini və əlavə 100 manat pul verməyəcəyini dediyini, ondan sonra Tofiqin onlardan polisə şikayət etdiyini əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Babək rayon Hacıvar kəndində yaşadığını, 10.11.2021-ci il tarixdə işsiz olduğu üçün əvvəlcədən tanıdığı Elçinə zəng etdiyini və ondan hər hansısa bir işin olmasını soruşduğunu, onun da ona maraqlanıb deyərəm bildirdiyini, təqribən 20-25 dəqiqə keçdikdən sonra Elçinin ona zəng etdiyini və mühafizə işinin olduğunu, bunun üçün 450 manat pul verəcəyini bildirdiyini, onun da Elçin və Kamranla görüşüb 450 manat pulu onlara verdiyini, onların da ona sabah ona xəbərinin dəyəcəyini bildirdiyini, ertəsi gün hər ikisinə zəng vurduğunu, telefonlarına cavab vermədiklərini, 18.11.2021-ci il tarixdə Elçin və Kamranın ona zəng vurduğunu, yenidən ondan 100 manat pul istədiklərini, onun da pul olmadığı üçün yox deyərək onlara verdiyi 450 manat pulu geri istədiyini, onların isə pulu başqa şəxsə verdiklərini bildirdiyini, onun da aldandığını bilib bu barədə polis bölməsinə müraciət etdiyini, onu bağışlamadığını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlik tərəfindən 18 noyabr 2021-ci il tarixli, 1799 nömrəli arayışdan görünür ki, atası, anası, bacısı, qardaşı vardır. İşə əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlik tərəfindən 18 noyabr 2021-ci il tarixli, 1799 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən də Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş X6 adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxs tərəfindən 18 noyabr 2021-ci il tarixli, 123 nömrəli icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli, 650 nömrəli arayışdan görünür ki, Həsənov X3 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli, 292 nömrəli arayışdan görünür ki, Həsənov X3 Şəhər Məşğulluq Mərkəzində işsiz və iş axtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə olunmuş 18 noyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 18 noyabr 2021-ci il tarixdə saat 09:40-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. -33.1 və 33.1.5-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatı, həmçinin zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, məsuliyyəti ağırlaşdıran hal qismində əməlin bir qrup şəxs tərəfindən törədilməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbs etmənin əvvəli onun tutulduğu 18.11.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə işin hallarını, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət saymayaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 18 noyabr 2021-ci il tarixdən, saat 09:40-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar