Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-140/2024 15.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1992-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, iki uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 206.3.2-ci maddələri ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227ci maddələri ilə Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, Şəxs X4 maddi ziyan vurmuş, həmçinin müayinə zamanı narkotik vasitə qəbul etdiyi müəyyən olunmuş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və izahatlar ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 206.3.2-ci maddələri ilə beş il doqquz ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəza verilmişdi. Mənə verilən cəzanın üçdə ikisini çəkdikdən sonra şərti olaraq azadlığa buraxıldım. Təxminən 2024-cü ilin yanvar ayının ortalarında Qadir mənə zəng edərək bizimlə bir məhəllə də yaşayan Aslan ləqəbli X8 məhəlləsində fəaliyyət göstərən Alov servisin çayxanasında oluqlarını və mənim də oraya getməyimi istədilər. Mən onlarla görüşə getdim. Həmin vaxt Qadir mənə Samiqin Yaquba 680 manat borc pul veribdir, Yaqub isə həmin pulu qaytara bilmir. Biz Samiqlə danışaq bundan sonra Yaquba zəng etməsin, Yaqub bizə söz verir ki, həmin pulu gətirib bizə verəcək biz aparıb Samiqin pulunu verərik. Bunu da qeyd edim ki, həmin vaxta kimi mən Samiqlə danışmamışdım. Bundan başqa Qadir mənə Yaqubun məsələni həll edəcəyimiz təqdirdə bizə 200 manat dəyərində qonaqlıq verəcəyinə də söz verdiyini dedi və Yaqub da Qadirin dediyini təsdiqləyərək "nə iki yüz, məsələm həll olsun, Samiq məni narahat etməsin mən sizə dörd yüz manatlıq qonaqlıq verəcəm” dedi. Mən də Qadirə razılığımı bildirdim. Qadir bu barədə Samiqə zəng edərək onunla danışdı. Bizim bu danışığımızdan bir neçə gün sonra Samiq yenidən Yaquba zəng edib pulunu istədiyi üçün Yaqub Qadirə zəng vurur amma Qadirə zəng çatmır deyə Yaqub gəlib mənimlə X9 yanında görüşdü və Samiqlə bu barədə danışmağımı xahiş etdi. Mən Samiqə zəng vurdum Samiq gəlib voğzalın yanında mənimlə görüşdü və orada Samiqə “bundan sonra xahiş edirəm sən Yaquba zəng etmə, sənə söz verirəm ki, sənin pulunu Yaqubdan alıb sənə qaytaracam” deyə xahiş etdim. O, da mənə etiraz etmədi və mənimlə razılaşdı. Daha sonra Yaqub mənə 200 manat gətirib pul verdi ki, mən Samiqə verim, lakin həmin vaxt mənimlə Qadirin pulu olmadığı üçün hərəmiz 100 manat götürərək pulu xərclədik. Xərcləməyimizə səbəb isə Samiqə 680 manat pulun hamısını bir dəfəyə verəcəyimə söz verdiyim üçün düşündüm ki, bu pulu xərcləyim və daha sonra həmin pulu düzəldib Yaqubun qalan verəcəyi 480 manat pulla birlikdə Samiqə verərəm. Daha sonra mən Yaqubla yenidən məhəllədə görüşdüm. Yaqub mənə təşəkkür edərək Samiqin ona zəng etmədiyini dedi və mən də ona sən narahat olma mən ona söz vermişəmsə o, sənə zəng etməz dedim. Yaqub mənim bu sözümdən sonra “mənim qəşəng bir müştərim var ondan pul alacam, mən pulu alan zaman gedib birlikdə yeyib içərik” dedi və sağollaşıb getdi. Həmin vaxtdan sonra mən Yaquba zəng edərək bir dəfə də pulumun olmadığını və mənə beş manat siqaret pulu verməsini xahiş etdim və oda mənə etiraz etmədi mənimlə məhəllədə görüşüm mənə beş manatı verdi. Bir neçə gün sonra mən Qadirlə birlikdə olan zaman Yaquba zəng edərək “Yaqub nə oldu sənin işin, bəs sən bizə qonaqlıq verirdin, nə oldu?” deyə sual verdim, Yaqub isə gəlin sizə 200 manat verim gedin yeyin için dedi. Mən Qadirlə onun işlədiyi, yəni Xətai məhəlləsində yerləşən qəbristanlığa gəldik, amma o, orada yox idi. Yaqub bir neçə dəfə mənimlə Qadiri bu şəkildə aldatdı və daha sonra telefona cavab vermədi. Sonuncu dəfə təxminən 3-4 gün əvvəl yəni səhv etmirəmsə 20 fevral 2024-cü il tarixdə mən Yaquba yenə zəng vurdum və ona “mənim maşınım xarabdı, sən bu gün mənə pul verə biləcəksən?” deyə sual verən zaman Yaqub isə həmin gün axşam saat 17 radələrində mənə 300 manat pul verəcəyini dedi. Mən isə Yaquba mənə 300 yox, 150 manat pula ehtiyacımın olduğunu dedim. Yaqub həmin gündə telefona cavab vermədi və məni aldatdı. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Yaqub mənə zəng etdi və hərbçilərin maaşlarının verildiyini, mənə söz verdiyi 150 manat pulu verəcəyini dedi. Mən sonradan Qadirində Yaquba zəng edərək mənə söz verdiyi pulu soruşduğunu dedi. Həmin gün axşam saatlarında Yaqub mənə zəng edərək Qadirin onların evlərinə getdiyini və onu bayıra çağırdığını deyən zaman məndə ona bunun mümkün olmadığını, mənim Qadirlə birlikdə nənəmgilin məhəlləsində olduğumuzu dedim və yenidən pul barəsində soruşdum. Yaqub mənim dediklərimdən sonra məni qəbiristanlığın yanına çağırdı. Mən Qadirlə oraya getdim. Yaqub mənim avtomobilimə tərəf gəlmək istəyən zaman mən Qadirin əsəbi olduğunu bildiyim üçün avtomobildən enib ona tərəf getdim və onu bir kənara çəkib ondan pul barəsində soruşdum.Yaqub telefonunu çıxarıb kiməsə zəng vurub danışdı və sonra mənə pulu ala bilmədiyini dedi. Mən Yaqubun bu dediyindən sonra qəzəbləndim. Yaqub mənim qəzəbləndiyimi görüb “ gedək bir taksi sürücüsü dostum var ondan alıb sənə verim” dedi və mənimlə birlikdə Naxçıvan şəhərində 8 nömrəli məktəbin yanına gəldik. Yaqub mənim avtomobilimdən enib dediyi taksiyə əyləşdi və 10 dəqiqə sonra taksi sürücüsü avtomobilindən enib bizə tərəf gəldi. Mən avtomobildən endim bu zaman taksi sürücüsü mənə ’’qaqaş nə olub?, bu uşağı niyə belə qısnamısınız?” deyə sual verdi. Mən də ondan Yaqubun qohumu olub-olmamasını soruşdum və o, da dostu olduğunu dedi. Mən həmin şəxsin yanında “Yaqub biz sənə nə etmişik?” deyə sual verdim o, da “heç nə” deyə cavab verdi. Mən ona Yaqubun Samiq adlı bir tanışımıza pul borcunun olduğunu, bizi aparıb Yaquba zamin durmağımızı istədiyini, lakin pulu qaytarmadığını və bizi də aldatdığını dedim. Taksi sürücüsü mənim sözümdən sonra Yaquba hirsələrək mənim düz dediyimi dedi və mənə “sənə 150 manat pulu söz verirəm, sabah verəcəm” deyib düşüb getmək istəyən zaman Qadir Yaqubu buraxmaq istəmədi. Mən isə Qadirə “işin olmasın, qardaş söz verdi sabah 150 manatı verəcək” dedim. Onlar bizimlə sağollaşıb getdilər. Narkotik vasitədən istifadəyə görə peşmanam. Məni testən keçirdilər aşkar olundu. Əməlimdən peşmanam. Yaquba vurulan ziyan ödənilib, barışmışıq. Xahiş edirəm mənə yüngül cəza verilsin. X7 məhkəmədə zərərçəkmiş şəxs qismində verdiyi izahatında bildirmişdir ki,Şəxs və Samiq Cəfərovu bir məhəllədə yaşadığımız üçün tanıyıram. Təxminən 3-4 Samiq Cəfərovdan 680 manat borc pul almışdım. Mənim işim qəbir daşı düzəltmək olduğu üçün qış fəslində işim az olur deyə Samiqin pulunu qaytara bilmirdim. Təxminən 2024-cü ilin yanvar ayının ortalarında mən Qadirə Samiqə olan borcum haqqında danışmışdım. Bir-iki gün sonra Qadir mənə zəng edərək harada olduğumu soruşdu və mən də qəbristanlıqda olduğumu dedim. Toğrulla Qadir mənim yanıma gəldilər, mənimlə bir neçə dəqiqə söhbət etdikdən sonra mənə Araz restoranına gedəcəklərini və mənimdə oraya gəlməyimi istədilər. Mən də onlardan bir qədər sonra Araz restoranına getdim. Həmin vaxt Toğrul və Qadirdən başqa Toğrulun dostu Rəşad da orada idi. Qadirlə Toğrul mənə “400 manat sən bizə pul ver, biz sənin Samiqə olan 680 manat borcunu həll edək” dedilər. Mən də onlarla razılaşdım və onlar məndən ilkin olaraq 50 manat pul istədilər. Mən üzərimdə pul olmadığını və mənimlə iş yerimə gedib orada verə biləcəyimi dedim. Toğrul mənimlə iş yerimə gəldi mən 50 manat pulu Toğrula verdim. Samiqlə özümün danışdığını, hər ay 50 manat olmaqla pulu ona verəcəyimi dedim. Qadir isə mənə “ Samiqə pul verə bilərsən, amma sənin bizə söz verdiyin dörd yüz manatı sənə doğuzduracağıq” dedi. Onun bu dediklərindən sonra Toğrulun qardaşı da avtomobildə olduğu üçün o, avtomobili idarə edərək Əliabad qəsəbəsinə getdik. Mən orada bir müştərimdən 200 manat alıb Toğrula verdim və məni işə gətirdilər. Həmin vaxt bir nəfər Toğrula zəng etdi və o, telefonu mənə uzatdı ki danış. Mən həmin şəxslə danışan zaman o,” pulu niyə vaxtında çatdırmırsa, bunlar sənin nazınla oynamalıdır” deyəndə Toğrul telefonu alıb, “problem yoxdu almışıq dedi və sağollaşdı. Bir neçə gün onlardan mənə zəng gəlmədi. Daha sonra Toğrul mənə zəng edərək mənim 200 manat verməli olduğumu dedi və məndə ona lazım olan qədər pul verdiyimi dedim. Mən də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə gələrək onlar barədə şikayət ərizəsi yazdım. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında ərizə yazaraq, Şəxs ona dəymiş zərəri ödədiyini, onunla barışdıqlarını, heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş: 26 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. 27 fevral 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 27 fevral 2024-cü il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuş, saat 17:00-da azad edilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 tərəfindən 26 fevral 2024-cü il tarixdə verilmiş 69 nömrəli rəyə əsasən, Şəxs Epizodik metamfetamin narkomaniyası xəstəliyi aşkar edilir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub və AMP (amfetamin) aşkar olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs X4 maddi ziyan vurmuş, həmçinin müayinə zamanı narkotik vasitə qəbul etdiyi müəyyən olunmuş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, 2 uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İş üzrə Şəxs törətdiyi 206-cı maddə üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda, inzibati iş üzrə icraata xitam verilir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, Şəxs inzibati qaydada bir gün tutulması təyin olunmuş cəzadan çıxılmalıdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməsinə dair iş üzrə icraata zərərçəkmiş şəxsin inzibati icraat aparılan şəxslə barışması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada bir gün tutulması təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq 24 (iyirmi dörd) gün müddətinə inzibati qaydada həbs saxlanılsın. İnzibati həbsin əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməsinə dair iş üzrə icraata zərərçəkmiş şəxsin inzibati icraat aparılan şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-140/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-140/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver