Məhkəmə qərarları › İş №3(078)-142/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-142/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-142/2024 19.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təhsilli, “Tockha” kafedə dönərçi işləyən, evli, uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi tərəfindən tərtib edilmiş 19 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Əli Qasımlı tərəfindən verilmiş 29 fevral 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü Şəxs “Tik-tok” sosial şəbəkəsində özünə məxsus “SAFO.NAXCİVANSKİ” profilində kriminal aləmi və kriminal ünsürləri təbliğ edən paylaşımlar etdiyi üçün onunla profilaktiki söhbət aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət edilmişdir. Şəxs izahatı alınarkən hal-hərəkətlərində narkotik vasitənin təsirində olmasına dair əsaslı şübhələr yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında “Tockha” kafedə dönərçi işlədiyini, “Tik-tok” sosial şəbəkəsində “SAFO.NAXCİVANSKİ” profilinin ona məxsus olduğunu, həmin profili təxminən 2020-ci ildə açdığını, profildə özünə və qardaşına aid şəkillər paylaşdığını, əlavə olaraq həmin profildə kriminal ünsürləri təbliğ edən musiqilər formasında paylaşımlar etdiyini, bunlara görə polis əməkdaşlarının onu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət etdiklərini, onunla izahedici söhbət apardıqlarını, sonra halı pisləşdiyi üçün onu xəstəxanaya apardıqlarını, analiz verdiyini, narkotik vasitə qəbul etmədiyini, diş ağrıları üçün dərman istifadə etdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 19 mart 2024-cü il tarixli “məhkəmə-narkoloji ekspertizası təyin etmək haqqında” qərardan görünür ki, material üzrə məhkəmə ambulator narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli, 18\K saylı maddi sübutların müayinəsi aktında qeyd edilmişdir ki, Şəxs götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metamfetamin aşkar edilmiş, metil, etil, propil, butil və amil spirtləri aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 19 mart 2024-cü il tarixli 100 saylı ambulator məcburi narkoloji yoxlamanın rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyinə xas əlamətlər aşkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə mənfi aşkar olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 19 mart 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların İİ siyahısının 27-ci bəndinə görə metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Məhkəmə qeyd edir ki, hazırda Şəxs təqsirləndirildiyi maddənin məzmunundan da göründüyü kimi qeyd olunan maddənin tərkibinin yaranması üçün şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi təsdiq edilməlidir. Lakin qeyd olunan iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin psixotrop maddə olan metamfetamin istehlak etdiyi qeyd olunsa da bunu təsdiq edən sübut qismində tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəy iş materiallarına əlavə edilməmişdir. Şəxsin barəsində tərtib olunan protokolda ümumi sözlərlə şəxsin psixotrop maddədən istifadə etməsi qeyd edilmiş, lakin nə vaxt istifadə etməsi qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respulikası Qanununun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir. Qeyd olunanlardan da göründüyü kimi şəxsin narkotik vasitə və ya psixotrop maddəni istehlak edib etməməsinin müəyyən edilməsi üçün tibbi müayinə keçirilməli və onun nəticəsində rəy tərtib edilməlidir. Qeyd olunan tibbi müayinə isə həkim-narkoloq həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən keçirilməlidir. Lakin hazırki inzibati xəta haqqında iş araşdırılarkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin psixotrop maddə olan metamfetamini istehlak etməsi ilə bağlı hər hansı bir həkim narkoloq tərəfindən verilmiş tibbi müayinədən keçirilməsinə dair rəy iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan iş materiallarına maddi sübutların müayinəsinə dair akt əlavə edilmiş, həmin aktda Şəxs qanında metamfetamin aşkar edildiyi göstərilmişdir. Qeyd olunan aktdan da göründüyü kimi həmin aktı tərtib edən şəxs həkim narkoloq deyildir və onun narkotik vasitənin və ya psixotrop maddənin istehlakına dair rəy vermə səlahiyyəti yoxdur. Ona görə də onun verdiyi rəy sübut qismində qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinin məzmununa əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar