Məhkəmə qərarları › İş №3(078)-144/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-144/2022

03.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-144/2022 03.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 2001-ci ildə Babək rayonu, Şəkərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olan və yaşayan vətəndaş Şəxs 02 dekabr 2022-ci il tarixdə X2 məxsus “Azsamand” markalı avtomobilin yan güzgülərini oğurlamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, 02 dekabr 2022-ci il tarixdə dostu X3 ilə Naxçıvan şəhərində görüşüb çay içdiklərini, evə getmək üçün Naxçıvan şəhəri, Əziz Əliyev küçəsindən keçən zaman borcları barədə söhbət etdiklərini, maşın güzgüləri sataraq borclarını ödəyəcəklərini danışdıqlarını, söhbət zamanı gözlərinə bir maşın sataşdığını, həmin maşının güzgülərini sökmək qərarına gəldiklərini, maşının güzgülərini sökdüklərini, ordan uzaqlaşdıqlarını, güzgüləri 70-80 manat dəyərində satmağı razılaşdıqlarını, güzgüləri evə apardığını, polis əməkdaşlarının ona zəng edərək Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, Naxçıvan Şəhər Polis İdarəsinə getdiklərini, etdikləri əməlin onlara bildirildiyini, əməllərini etiraf etdiklərini, güzgüləri polisə təhvil verdiklərini, dükana 20 manat borcunun olduğunu, ona görə də, güzgüləri satıb borcunu ödəmək istədiyini, etdiyi əməldən peşman olduğunu, gələcəkdə bir də belə hallara yol verməyəcəyini, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən X4, təqribən bir həftə bundan qabaq Bakı şəhərindən “Azsamand” markalı maşın gətirdiyini, 02 dekabr 2022-ci il tarixdə həmin maşınla şəhərdə öz işlərini gördüyünü, təqribən 22:30 radələrində Elit-57 adlanan binanın qarşısındakı Əziz Əliyev küçəsində yerləşən dayanacaqda maşını saxladığını, taksi ilə evə getdiyini, 03 dekabr 2022-ci il tarixdə, saat 08:30 radələrində maşını götürən zaman maşının sağ və sol yan güzgülərinin qırılaraq oğurlandığını gördüyünü, yoldan keçən şəxslərdən bu barədə soruşduğunu, görmədiklərini bildirdiklərini, oğurlandığını bilib bu barədə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini, həmin güzgülərin polis tərəfindən ona təqdim olunduğunu, lakin yararsız olduğundan yenisinin alınmalı olduğunu, maşının ehtiyat hissələri bazarından yeni güzgülərin qiymətini soruşduğunu, 80-90 manata satıldığını, hazırda şikayətçi olduğunu, qanuni cəza verilməsini xahiş etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş 03 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 03 dekabr 2022-ci il tarixdə, saat 10:45-də tutulmuşdur. İş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 02 dekabr 2022-ci il tarixdə X2 məxsus “Azsamand” markalı avtomobilin yan güzgülərini oğurlamışdır Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. İnzibati həbsin əvvəli 03 dekabr 2022-ci il tarixdən, saat 10:45-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə, üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tədbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.İnzibati həbsin əvvəli 03 dekabr 2022-ci il tarixdən, saat 10:45-dən hesablansın. 3.Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. 4.Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar