Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-144/2023 31.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X3 məhkəmə iclas katibliyi ilə, 01 avqust 1970-ci il tarixdə İran İslam Respublikası, Ərdəbil şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, ailəli, üç uşaq atası, orta təhsilli, sürücü, deməsinə görə əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Ərdəbil şəhərində vüsal prospekti ev 157-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Şəxs 30 mart 2023-cü il tarixdə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya daxil olmuş, lakin şəxsdə qida zəhərlənməsi şübhəsi olmadığından məlumatla bağlı Əməliyyat- İstintaq qrupu ünvana göndərilmiş, orada Şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilindiyinə görə narko-test müayinəsindən keçirilmiş, nəticə olaraq “Heroin”, “Morfin” adlı narkotik maddələrdən istifadə etdiyi məlum olmuş və o, Naxçıvan Şəhər Polis İdarəsinə gətirilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, Bakı- Naxçıvan avtobus xəttində sürücü işlədiyini, 30 mart 2023-cü il tarixdə Naxçıvana gəldiyini, saat təxminən 23 radələrində avtovağzala çatdığını, narahat olduğunu, halının olmadığını, taksi ilə xəstəxanaya getdiyini, ona sistem köçürdüklərini, uzandığını, halının düzəldiyini, xəstəxanaya polis əməkdaşlarının gəldiyini, onla maraqlandıqlarını, onun halından şübhələndiklərini, onu narko-testə aparacaqlarını bildirdiklərini, onlara İranda, Culfa şəhərində narahat olub dərman qəbul etdiyini bildirdiyini, narko-testə getdiyini, test nəticəsindən narkotik tərkibli dərman içdiyinin məlum olduğunu, narkotik istifadəçisi olmadığını, dərmandan olduğunu, yenidən həkim qəbulunda olduğunu, onu təkrar yoxladıqlarını, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 tərəfindən 31 mart 2023-cü il tarixdə verilmiş 71 nömrəli rəyə əsasən, Şəxs alkoqolizmdən əziyyət çəkmir. Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. Hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs 31 mart 2023-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 narko-testdən keçirilmiş və MOP (morfin) və OPİ (opioid) qəbulu aşkar edilmişdir. 31 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 31 mart 2023-cü il tarixdə, saat 01:50-də inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin səmimi peşmançılığını, himayəsində uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. Həbsin müddəti 31 mart 2023-cü il tarixdən, saat 01:50-dən hesablansın.
3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət vermək olar.
Hakim Qabil Məmmədov.