Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-145/2023 12.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, ünvan 1 ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs (əvvəlki adı "xxxx" MMC) 300000.00 (üç yüz min) ABŞ dolları məbləğində olan vəsaiti 15 mart 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola görə Şəxs MMC (əvvəlki adı "xxxx" MMC) 300000.00 (üç yüz min) ABŞ dolları məbləğində olan vəsaiti 15 mart 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 300000.00 (üç yüz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC etiraz göndərərək qeyd etmişdir ki, protokol düzgün tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, nümayəndənin izahatı alınmamış, hüquqi şəxsin nümayəndəsinə hüquqlarının və vəzifələrinin izah edilməsi ilə bağlı müvafiq qeyd aparılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin hüquqları məhkəməyədək icraat dövründə pozulmuşdur. Bu səbəbdən protokol düzgün tərtib edilmiş sayıla bilməz. Bundan əlavə etiraza əlavə olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə köçürülən 300000 ABŞ dolları məbləğində vəsait qarşılığında xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə bir sıra mallar Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilmişdir. Yük gömrük bəyənnamələri təqdim edilir. Malların iki ildə artıq müddət keçdikdən sonra daxil olması onun təqsirini istisna edən hal kimi qiymətləndirilə bilər. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 etirazda bildirilən hallara uyğun izahat verərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul eidlməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, X3 İttifaqının Şəxs MMC (əvvəlki adı Gəmiqaya Şirkəti MMC) tərəfindən "xxxx" ASC-də olan hesabdan 300000.00 (üç yüz min) ABŞ dolları məbləğində pul vəsaiti X7 və Dış Ticarət LTD Şirkəti hesabına köçürülmüşdür; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli KB-252-2-41/2023 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin müştərisi olan Şəxs MMC (keçmiş adı Gəmiqaya Şirkəti MMC) tərəfindən xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasına malların alınması məqsədilə 300000.00 (üç yüz min) ABŞ dolları məbləğində avans ödənişi köçürmüş, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənəd Banka təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Məhkəmə protokol və ona əlavə edilən sənədləri araşdırıb, müəyyən edir ki, Şəxs MMC (əvvəlki adı Gəmiqaya Şirkəti MMC) 300000.00 (üç yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2021-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi vardır və həmin əməli törətməkdə təqsirlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiyasından da göründüyü kimi, bu maddə, ilk növbədə, Azərbaycan Respublikasının iqtisadi fəaliyyət subyektləri tərəfindən xarici ölkələrə (xarici iqtisadi fəaliyyət subyektlərinin bank hesablarına) malların alınması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün avans yolu ilə ödənilmiş (köçürülmüş) valyuta vəsaitlərinin düzgün (təyinatı üzrə) istifadəsinə nəzarət, bu sahədə maliyyə intizamını möhkəmləndirmək və müəyyən olunmuş maliyyə qaydalarının pozulmasına görə hüquqi məsuliyyətin tətbiqi məqsədini daşıyır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 28 fevral 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi lazım bilir ki, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun (bundan sonra – Konvensiyanın 1 saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız aşağıdakı hallarda yol verilir: - qanunla müəyyən edilmişdirsə; - ictimai maraq kəsb edirsə; Şəxsin mülkiyyət hüququna qanuni müdaxilə yalnız ümumi (ictimai) maraqlar üçün legitim məqsəd güdüldüyü halda əsaslandırıla bilər. Bu öhdəlik Konvensiyanın qeyd edilən maddəsində əmlakdan məhrumetmə və əmlakdan istifadəyə münasibətdə açıq şəkildə ifadə edilmişdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” X1 2012-ci il 12 mart tarixli Qərarı). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC etiraz göndərərək qeyd etmişdir ki, protokol düzgün tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, nümayəndənin izahatı alınmamış, hüquqi şəxsin nümayəndəsinə hüquqlarının və vəzifələrinin izah edilməsi ilə bağlı müvafiq qeyd aparılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin hüquqları məhkəməyədək icraat dövründə pozulmuşdur. Bu səbəbdən protokol düzgün tərtib edilmiş sayıla bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, İXM-in 101 -ci maddəsi inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini müəyyən edir. Belə ki, İXM-in 101.1 -ci maddəsi inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokolun tərtib edilməsini, 101.2-ci maddəsi isə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməsini şərtləndirir. İXM-in 101.3-cü maddəsində isə inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokolun bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilməsi müəyyən olunmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, İXM-in 102.1-ci maddəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalarla bağlı inzibati orqana hər hansı araşdırma aparmaq səlahiyyəti verilməmişdir. Başqa sözlə, İXM-in 430.4-cü maddəsi üzrə törədilən xətalarla bağlı Mərkəzi Bank hər hansı araşdırma aparmaq hüququna malik olmadığından faktlarla bağlı inzibati xəta haqqında protokolu dərhal (və ya 2 gün ərzində) tərtib etməli və hüquqi şəxslərə münasibətdə işlərə baxılması üçün materialları aidiyyəti məhkəmələrə göndərməlidir. İXM-in 100.2-ci və 100.4-cü maddələrində göstərilən tələblər inzibati xətanın onu törədən şəxsin bilavasitə iştirakı ilə aşkar edildiyi hallara şamil edilə bilər. Belə ki, inzibati xəta törədən şəxsin əməli inzibati orqanın məsul əməkdaşı tərəfindən yerində müəyyən edilir və protokol tərtib edilərkən barəsində icraat aparılan şəxsə hüquq və vəzifələri izah edilir, tərtib edilən protokolda izahat yazmaq təklif olunur və yerindəcə protokolun surəti ona təqdim edilir. Yəni, bu halda həm İXM-in 101.1 -ci maddəsinin, həm də 100.2 və 100.4-cü maddəsinin tələblərinə əmək etmək mümkün olur. Şəxsin iştirakı olmadan, onun barəsində ötürülmüş məlumatlar üzrə inzibati xəta faktı aşkar edildikdə isə protokol tərtib edilərkən şəxsin (və ya onun nümayəndəsinin) iştirakını təmin etmək üçün bir neçə gün vaxt tələb edilir. Bu isə İXM-in 101.1 -ci maddəsinin tələbinin pozulması ilə yanaşı, həm də Məcəllənin 102.1-ci maddəsinin hüdudları çərçivəsindən çıxaraq inzibati araşdırmanın aparılması ilə nəticələnmiş olur. Yuxarıda göstərilən hallar üzrə inzibati icraat başlanılana qədər, yəni protokol tərtib edilənədək şəxsin izahatının alınmaması və ya müdafiəsi üçün sübutların təqdim edilməsinə şəraitin yaradılmaması heç də onun müdafiə hüququna xələl gətirmir. Belə ki, protokol tərtib olunduqdan sonra işə mahiyyəti üzrə baxan vəzifəli şəxs (hakim) ümumi qaydada işi araşdıran zaman şəxsin iştirakı təmin edilir və ona öz müdafiəsini qurmaq, habelə sübutlar təqdim etmək və ya vəsatətlər vermək üçün şərait yaradılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında da göstərilmişdir ki, “işin geri qaytarılması üçün protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. ” Həmçinin qeyd etmək lazımdır ki, bu kimi formal əsaslarla inzibati orqana geri qaytarılması ölkənin tədiyyə balansının yaxşılaşdırılması və valyuta bazarının sabitliyinin qorunması istiqamətində müəyyən edilmiş qaydaların pozulmasına yol vermiş subyektlərin cəzalandırılmasını təmin edən bu kimi işlərin geri qaytarılması 4 aylıq məsuliyyətə cəlb etmə müddətinin ötməsinə və bununla da təqsirli şəxslərin cəzadan - dövlət büdcəsinə ödənilməli olan cərimələrdən yayınmasına və inzibati cəza tədbirinin məqsədinə çatmamasına münbit şərait yaratmış olur. Hazırki işdə də protokol və ona əlavə edilən sənədlər barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilmiş, hüquqi şəxsin nümayəndəsinin izahatı alınmış, müdafiə hüququnun təşkili məqsədilə məhkəmə baxışı iclası 1 ay müddətində aparılmış və natamamlıqlar aradan qaldırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Bundan əlavə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi etiraza əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə köçürülən 300000 ABŞ dolları məbləğində vəsait qarşılığında xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə bir sıra mallar Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilmişdir. Yük gömrük bəyənnamələri təqdim edilir. Malların iki ildə artıq müddət keçdikdən sonra daxil olması onun təqsirini istisna edən hal kimi qiymətləndirilə bilər. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ptorokol tərtib edilən zaman əlavə eidlən sənədlərdən aydın olur ki, X4 İttifaqı Gəmiqaya Şirkəti MMC ilə X8 və Dış Ticaret LTD Şirkəti arasında müxtəlif növ tikinti materialları, avadanlıqlar, nəqliyyat vasitələri, taxıl məmulatları gübrə (amonium nitrat) nəqliyyat vasitələrinin alınması və görülmüş işlərin dəyəri haqqında 18 nömrəli müqavilə bağlanmışdır. Protokola əlavə edilən Naxçıvanbank ASC-nin xx.xx.2021-ci il tarixli 32737 nömrəli köçürmə üçün müraciətdən benfisiarın bankı X10, benefisiarın X9 Nakliyyat ve Dıs Ticaret LTD Şirkəti olması öz təsdiqini tapır. Naxçıvanbank ASC-nin xx.xx.2023-cü il tarixli KB-252-2-41/2023 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin müştərisi olan Şəxs MMC (keçmiş adı Gəmiqaya Şirkəti MMC) tərəfindən xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasına malların alınması məqsədilə 300000.00 (üç yüz min) ABŞ dolları məbləğində avans ödənişi köçürmüş, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənəd Banka təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilən gömrük bəyənnamələrinə nəzər saldıqda aydın olur ki, həmin bəyənnamələr 26 aprel 2023-cü il tarixdə və 04 may 2023-cü il tarixdə tərtib edilmişdir. Artıq inzibati xəta hüquqi şəxs tərəfindən 16 mart 2023-cü il tarixdə törədilmişdir və hüquqi şəxs malın onların iradəsindən asılı olmayan səbəblərdən gecikdirilməsini təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi gömrük bəyənnamələri inzibati xəta törədildikdən sonra tərtib edilmiş, gömrük bəyənnamələri banka təqdim edilməmiş, həmin bəyənnamələrin tərəflər arasında bağlanan hansı müqavilə öhdəliklərinin icrası üçün tərtib edilməsinə dair banka müraciət edilməmişdir. Həmin gömrük bəyənnamələrinin hazırki müqavilənin icrası üçün tərtib edilməsi ehtimalında belə həmçinin gömrük rəsmiləşdirilməsinin gecikdirilməsinin üzürlü səbəbləri barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, köçürülən məbləği həcmini nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyərinin 20 % həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 300000.00 (üç yüz min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 60000 (altmış min) ABŞ dolları (qərar icra olunan gün manatın dollara nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-145/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-145/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver