Məhkəmə qərarları › İş №3(078)-146/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-146/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-146/2022 06.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Naxçıvan Şəhər Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 07 avqust 1995-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 06 dekabr 2022-ci il tarixdə, saat 11:10 radələrində Naxçıvan şəhər Əliabad qəsəbə İcra Nümayəndəliyinin qarşısında mobil telefonla uca səslə danışaraq, nalayiq ifadələr işlədərək aqressiv hərəkətlər nümayiş etdirmiş və onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, hər hansı rəsmi dövlət işində işləmədiyini, maddi tələbatını ödəmək məqsədilə usta kimi şəxsi evlərdə iş olan zaman işlədiyini, noyabr ayının sonlarında Əliabad qəsəbəsində bir nəfər şəxsin həyətində suvaq işləri gördüyünü, işinin pulunun yarısını ona borclu qaldığı üçün dekabr ayının əvvəlində pulun yerdə qalan hissəsini ödəyəcəyinə dair razılaşdıqlarını, bu gün səhər pulunu almaq üçün Əliabad qəsəbə İcra Nümayəndəliyinin qarşısına getdiyini, orada ev sahibinə zəng etdiyini, “nümayəndəliyin qarşısındayam, pulu gətir” dediyini, onun isə pulu hazırlamadığını, bir neçə günə hazırlayacağını dediyini, əsəbləşdiyini, ona “məni bezdirirsən, söz danışmışdıq, ehtiyacım var, adam kişi olar, pulu ver” dediyini, özündən asılı olmadan əsəbi olduğundan əsəbləşib çığırdığını, bu zaman bir nəfər polis mayorunun ona yaxınlaşıb onu nizam-intizama dəvət edib ictimai yerdə səs-küy saldığını, hərəkətləri ilə ətrafdakıların narahatçılığına səbəb olduğunu dediyini, hərəkətlərinə son verməyini tələb etdiyini, onun tələbinə əsəbi olduğu üçün tabe olmadığını, polis əməkdaşının əlavə qüvvə çağıraraq onu Naxçıvan Şəhər Polis idarəsinə dəvət etdiklərini, etdiyi əmələ görə peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X3, 06 dekabr 2022-ci il tarixdə Əcəmi məhəlləsində ona həvalə olunmuş ərazidə təmizlik edərkən Əliabad qəsəbə İcra Nümayəndəliyinin qarşısında bir nəfər tanımadığı şəxsin mobil telefonla danışaraq ucadan səs-küy saldığını, həmin ərazinin polis sahə inspektoru Bahadur müəllimin həmin şəxsə yaxınlaşaraq sakitləşdirməyə çalışan zaman həmin şəxsin Bahadur müəllimin sözünə məhəl verməyərək telefonla danışa-danışa nalayiq ifadələr işlətdiyini, daha sonra Bahadur müəllimin əlavə polis əməkdaşı çağıraraq həmin şəxsi polis maşınına oturdaraq apardıqlarını bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 06 dekabr 2022-ci il tarixdə, saat 11:10 radələrində Naxçıvan şəhər Əliabad qəsəbə İcra Nümayəndəliyinin qarşısında mobil telefonla uca səslə danışaraq, nalayiq ifadələr işlədərək aqressiv hərəkətlər nümayiş etdirmiş və onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 06 dekabr 2022-ci il tarixdə verilmiş 311 nömrəli arayışa əsasən, Şəxs həmin tarixdə müayinədən keçirilmiş və ona “praktiki sağlam” diaqnozu qoyulmuşdur. 06 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 06 dekabr 2022-ci il tarixdə, saat 11:20–də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal, icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs olunsun.

2. Həbs olunmanın əvvəli 06 dekabr 2022-ci il tarixdən, saat 11:20-dən hesablansın.

3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin.

4. Qərarın sürəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar