Məhkəmə qərarları › İş №3(078)-149/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-149/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-149/2021 22.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş xx xxxxx 1975-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, fərdi sahibkar, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş materialdan görünür ki, 09.02.2021-ci il tarixdə Biləsuvar gömrük postunda İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “DAF” markalı 90VP885/99ZA669 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gedən Azərbaycan Respublikası vətəndaşı X2 avtomobilinin yoxlanılması zamanı avtomobilin yük yerindən 017752 saylı CMR-də göstərilməyən və gömrük nəzarətinə bəyan edilməyən 5 ədəd “İphone 12 Pro 128 GB”, 2 ədəd “İphone 12 Pro Max 512 GB”, 4 ədəd “İphone 12 Pro Max 256 GB” və 35 ədəd “İphone 12 Pro Max 128 GB” markalı ümumilikdə 46 ədəd mobil telefon, “İphone 12” markalı mobil telefonlara aid 83 ədəd boş telefon qutuları, 132 ədəd “İphone 12” mobil telefonuna aid USB kabeli aşkarlanaraq götürülmüş və mobil telefonların, onların qutularının, aksesuarlarının kimə aid olması, hansı şəkildə əldə edilməsi, ölkəyə necə gətirilməsi barədə müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı Azərbaycan Respublikası vətəndaşları X17, X9, X4 və X6 02 mart 2021 -ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə dəvət olunmuş və müvafiq araşdırma aparılmışdır. Vətəndaşlar həmin vaxt verdikləri izahatlarında aşkarlanan mobil telefonların hamısının onlara məxsus olduğunu və Naxçıvan şəhərindəki mobil telefon mağazalarından alınıb Bakı şəhərinə göndərildiyini bildirmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası vətəndaşları X17 və X7 02 mart 2021-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə verdikləri izahatlara əlavə və dəyişikliklər etmiş, sözü gedən mobil telefonların 20 ədədinin Azərbaycan Respublikası vətəndaşı Şəxs məxsus olduğunu bildirmişlər. Araşdırma üzrə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə dəvət edilmiş Azərbaycan Respublikası vətəndaşı Şəxs öz izahatında həqiqətən həmin mobil telefonlardan 20 ədədinin, yəni 5 ədəd “İphone 12 Pro 128 GB”, 2 ədəd “İphone 12 Pro Max 512 GB”, 1 ədəd İphone 12 Pro Max 256 GB” və 12 ədəd “İphone 12 Pro Max 128 GB” markalı telefonların və 46 ədəd “İphone” markalı mobil telefonlara aid boş telefon qutularının özünə məxsus olduğunu və həmin telefonların Azərbaycan Respublikası ərazisinə gömrük sərhədini keçən ayrı-ayrı şəxslər vasitəsilə ölkə ərazisinə gətirildiyini bildirmiş, mobil telefonların gömrük qaydaları pozulmaqla gətirildiyini bilə-bilə əldə etdiyini etiraf etmişdir. Digər 26 ədəd mobil telefonun və 37 ədəd telefon qutularının isə kimə məxsus olduğunu bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək, təhqiqat orqanına verdiyi izahatının düzgünlüyünü təsdiq edərək, telofon və aksesuarları alıb-satmaqla məşğul olduğunu, telofonları burada sata bilmədiyindən 20 ədəd mobil telefonun hamısını “Surət” karqo ilə Bakı şəhərinə göndərdiyini, Bakı şəhərində həmin 20 ədəd telefonu X6 və X10 götürəcəklərini, telofon dükanı olduğundan həmin telofonları aşağı qiymətə satıldığından aldığını, həmin şəxslərin telofonları gömrükdə bəyan etmədən gətirdiklərindən ucuz satdıqlarını, mobil telefonları qutusuz açıq vəziyyətdə göndərdiyini, həmin telefonları göndərən vaxt malları bəyan etməyin olmadığını, ona görə də, “Surət” karqoya malların nədən ibarət olduğunu bildirmədən göndərdiyini, boş telofon qutularının lazımsız olduğundan satılmadığından Bakı şəhərindən alındığından geri qaytardığını, həmin qutuların dəyərinin olmadığını, telofonları uzun müddət əvvəl aldığından satan şəxsləri tanımadığını, tutduğu əməldən peşiman olduğunu, qanuni qərar verilməsini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X5 və X13 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, işdə olan telefonoqramlara əsasən onlar Bakı şəhərində yaşadıqlarını, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş edərək, təhqiqat orqanına verdiklərini izahatın düzgünlüyünü təsdiq etmişlər. Məhkəmə iclası şahidlərin iştirakı olmadan keçirilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: 10.02.2021-ci il tarixli maddi sübuta baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09.02.2021-ci il tarixdə Biləsuvar gömrük postunda İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan MR-dan Azərbaycan Respublikasına gələn X2 idarə etdiyi “DAF” markalı 90VP885/99ZA669 dövlət qeydiyyat nişanlı yük avtomobilindən 46 ədəd “İphone 12” markalı telefon, 132 ədəd USB kabeli və 83 ədəd “İphone” markalı mobil telefonlara məxsus boş qutu aşkar edilərək götürülmüşdür. 09.12.2021-ci il tarixli Naxçıvan MR Dövlət Gömrük Komitəsininin inzibati xəta haqqında iş üzrə qərardadından görünür ki, 26 ədəd “İphone 12” markalı telefonun məxsus olduğu X8 barəsində inzibati xəta haqqında işin materialları baxılması üçün aidiyyəti üzrə Şərur rayon Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2021-ci il tarixli, 332 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş 5 ədəd “İphone 12 Pro 128 GB”, 2 ədəd “İphone 12 Pro Max 512 GB”, 1 ədəd “İphone 12 Pro Max 256 GB” və 12 ədəd “İphone 12 Pro Max 128 GB” markalı mobil telefonların hər biri ayrı-ayrılıqda istifadəyə yararlıdır və təqdim olunmuş 5 ədəd “İphone 12 Pro 128 GB”, 2 ədəd “İphone 12 Pro Max 512 GB”, 1 ədəd “İphone 12 Pro Max 256 GB” və 12 ədəd “İphone 12 Pro Max 128 GB” markalı mobil telefonların ümumilikdə qiyməti 36400 (otuz altı min dörd yüz) manat həcmində müəyyən olunur. "xxxx" MMC-nin 20.04.2021-ci il tarixli, 19 nömrəli məktubundan görünür ki, 09.02.2021-ci il tarixdə Biləsuvar gömrük postundan keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “DAF” markalı 90VP885/99ZA669 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gedən X2 avtomobilinin yoxlanılması zamanı aşkar edilən mallar cəmiyyətə məxsus deyildir və X16, X3, X14, X9 tərəfindən ərzaq adı ilə sifarişi verilmişdir. Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin 27.05.2021-ci il tarixli, 34/170/027931 nömrəli xidməti qeyd məktubundan görünür ki, Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən siyahısı təqdim edilən mobil telefonların gömrük rəsmiləşdirilməsi haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı məlumat yoxdur. Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 504-cü maddəsinə əsasən, malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43,114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 36400 (otuz altı min dörd yüz) manat məbləğinin qırx faizi miqdarında-14560 (on dörd min beş yüz altmış) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut qismində Naxçıvan Şəhər Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan 5 ədəd “İphone 12 Pro Max 128 GB”, 2 ədəd “İphone 12 Pro Max 512 GB”, 1 ədəd “İphone 12 Pro Max 256 GB” və 12 ədəd “İphone 12 Pro Max 128 GB” markalı mobil telefonlar və 46 ədəd “İphone” markalı mobil telefonlara məxsus boş qutular Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar