Məhkəmə qərarları › İş №3(078)-149/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-149/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-149/2024 16.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri X2 və X11 iştirakları ilə ünvan 1 ünvanında yerləşən, VÖEN nömrəsi ********** olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 02 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 28 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş 28 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan şəhərində 29 fevral 2024-cü il tarixdə suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati xəta törətmişdir. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclası zamanı izahatında həmin ərazidə 6 müəssisə yerləşdiyini, orada köhnə kanalizasiya sistemi xətti olduğunu, onun təmizləmə qurğusu olduğunu, sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən həmin qurğunun söküldüyünü, 6 təşkilatın sularının eyni yerə axıdıldığını, axıtdıqları həmin suyun çirkli su olmadığını, pivənin soyutma suyu olduğunu, rəyin onlara təqdim olunduğunu, əgər çirkli suların axıdılması kimi bir problem var idisə ekoloji pasportun verilməməli olduğunu, hər şey qaydasında olduğu üçün ekoloji pasport verildiyini, 15 ildir ora su axıtdıqlarını, yeni su kanalizasiya sistemləri çəkilən zaman həmin 6 təşkilatın həmin sistemdən kənarda qaldığını, həmin vaxt Meliorasiya və Su Təsərrüfat Nazirliyi tərəfindən sistemlərin çəkildiyini, dəfələrlə müraciət etdiklərini, ancaq köməklik etmədiklərini, əlavə vəsait ayrılmadığını bildirdiklərini, hal-hazırda inzibati cərimə tətbiq olunsa da kanalizasiya sisteminin qaydaya düşməyəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X5 inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də göründüyü kimi 29 fevral 2024-cü ildə akt tərtib etdiklərini, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf mühit və Təbii Ehtiyatlardan istifadəyə nəzarət Xidmətinin məsləhətçiləri X6, X3 şəhəri, Azərbaycan küçəsi 20 Naxçıvan Əliabad yolu dairəvi yolda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə baxış keçirdiklərini, müəssisənin 2008-ci ildən fəaliyyət göstərdiyini, ərazidə su kanalizasiya xətti olmadığına görə yaranan tullantı sularının birbaşa müəssisədən kənarda boş torpaq əraziyə təmizlənmədən axıdıldığını, müəssisədən kənara axıdılan tullantı sularının ərazidən kənardakı hovuzlarda toplandığını, bu əsasda protokol tərtib etdiklərini, suda zərərli maddələr aşkar edildiyini, rəyin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərildiyini, ona əməl olunmadıqdan sonra protokol tərtib edildiyini, ekoloji pasportda çirkli suyun axıdılmasının əks olunmadığını, ekoloji pasportun bu halda verilə biləcəyini bildirdi. Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X14 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Seyfəddin Rəhimovun qəbulunda olduqlarını, onun da kanalizasiya sistemi olmadığını qəbul etdiyini, onların problemi olmadığını bildirdiyini, bundan sonra akt tərtib etdiklərini, su nümunəsi götürdüklərini, xətlərin binadan çıxaraq yerin altı ilə getdiyini, su Kanalizasiya İdarəsinin əməkdaşının göstərdiyi yerdən yəni hazırki hüquqi şəxsin çirkli sularının axıdıldığı borudan su nümunəsi götürdüklərini bildirdi. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf mühit və Təbii Ehtiyatlardan istifadəyə nəzarət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf mühit və Təbii Ehtiyatlardan istifadəyə nəzarət Xidmətinin məsləhətçiləri X6, X3 şəhəri, Azərbaycan küçəsi 20 Naxçıvan Əliabad yolu dairəvi yolda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə baxış keçirmişlər. Müəssisə 2008-ci ildən fəaliyyət fəaliyyət göstərir. Ərazisi 1.4 hektardır. Quraşdırılmış avadanlıqlar Almaniya, Çexiya, İtaliya və Rusiya istehsalıdır. İstehsal olunan məhsul yerli bazarda satılır. İstifadə olunan su şəhər su şəbəkəsindən götürülür. Müəssisə ərazidə su kanalizasiya xətti olmadığına görə yaranan tullantı suları birbaşa müəssisədən kənarda boş torpaq əraziyə təmizlənmədən axıdılır. İstehsal və məişət tullantıları şəhər sanitar təmizlik idarəsi ilə olan müqaviləyə uyğun olaraq daşınır. Müəssisədən kənara axıdılan tullantı suları ərazidən kənardakı hovuzlarda toplanır. Həmin hovuzlar 50-60 il bundan əvvəl tikilib. Hal hazırda ot və qamışlıqdır. Tullantı suları həmin hovuzlarda batır. Hovuzlar uçmuş dağılmış vəziyyətdədir. Müəssisə ekoloji pasport və ekspertiza rəyi almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli, ER-xx/xx/1688 nömrəli dövlət ekoloji ekspertiza rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məişət-təsərrüfat məqsədləri üçün su təchizatının təmin olunması üçün Naxçıvan şəhər içməli su xəttinə qoşulmuş, əmələ gələn tullantı sular isə borular vasitəsilə müəssisənin ərazisindən kənarda boş ərazidə qazılmış quyuya axıdılması müəyyən olunmuş, icrası zəruri olan ekoloji tələblər sadalanmış və ekoloji ekspertiza rəyində müəyyən olunmuş tələblərin pozulması hallarına yol verildikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi qeyd olunmuşdur. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti X13 İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 13 may 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X13 İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2015-ci ildə ********* saylı müqavilə bağlanılmış və bu müqaviləyə əsasən istehlakçı istifadə etdiyi suyun 1m3 görə 1 (bir) manat məbləğində pul ödəyir. Qeyd olunan obyektin tullantı suları xətti kanalizasiya şəbəkəsinə qoşulmayıb. Obyektin mülkiyyətçisi tərəfindən müvafiq müraciətin olacağı təqdirdə tullantı sularının kanalizasiya şəbəkəsinə qoşulması ilə bağlı tədbirlər görüləcəkdir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 228 nömrəli müqavilənin 2.1.1-ci bəndindən görünür ki, "xxxx" ASC ABONENT-in təlabatına uyğun məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər ay ödənişlər həyata keçirilir. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Seyfəddin Rəhimov 28 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmiş, həmin protokolun surəti xx.xx.2024-cü il tarixli məktubla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilmişdir. İş materiallarında olan su nümunələrinin analiz nəticələrindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tullantı sularından götürülən nümunələr yerüstü suların tullantı sularla çirklənməsindən mühafizə qaydalarına uyğun deyildir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 195 nömrəli qərarının 2-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına; sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə və digər tələblərə riayət olunmasını təmin etməkdir. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 195 nömrəli qərarının 5-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini həyata keçirən orqanlar aşağıdakı səlahiyyətlərə malikdirlər: -su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədilə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslərə, Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə qarşı iddia qaldırmaq; -su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulmasında müqəssir şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədilə müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək; -suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırmaq hüququna. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 195 nömrəli qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir. Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar