Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-149/2025 14.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Quliyeva (Əhmədova) Yenilə Zahid qızının və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, orta təhsilli, işsiz, iki uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 14 mart 2025-ci il tarixli, 88676/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-314/2024 saylı, 06 mart 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş 06 mart 2024-cü il tarixli icra sənədinə əsasən “11” yanvar 2024-cü il tarixdən hesablanmaqla, 04 avqust 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında 15 mart 2024-cü il tarixli qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında işsiz olduğu üçün ödəniş edə bilmədiyini, bu gün iş üçün məşğulluq idarəsindən məlumat verdiklərini, əvvəllər avtomobil yuma sexində işlədiyini, ödəniş edə bildiyini, dəfələrlə iş üçün müraciət etdiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Quliyeva (Əhmədova) Yenilə Zahid qızı izahatında uşağı ilə bir dəfə olsun maraqlanmadığını, aliment borcunu ödəmədiyini, tələbi təmin etməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında şəxsin 2024-cü ilin noyabr ayından ödəniş etmədiyini, ona kimi bir ay ərzində hər gün 5-10 manat olmaqla ödənişlər etdiyini, bunun nəticəsində də il ərzində 97 manat ödəniş etdiyini, tələbkarın pulu tələb etdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 06 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-314/2024 saylı, 06 mart 2024-cü il tarixli qətnaməsinə əsasən “11” yanvar 2024-cü il tarixdən hesablanmaqla, 04 avqust 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 15 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-314/2024 saylı, 06 mart 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 15 mart 2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il xəbərdarlıqlar göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 09 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. İnzibati həbsin müddəti 16 gün müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 16 (on altı) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 14 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-149/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-149/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver