Məhkəmə qərarları › İş №3(078)-150/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-150/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-150/2024 16.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X13, Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri X3 və X14 iştirakları ilə ünvan 1 ünvanında yerləşən, VÖEN nömrəsi ********** olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 02 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 28 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş 28 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan şəhərində 01 mart 2024-cü il tarixdə suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati xəta törətmişdir. Nəticədə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X17 məhkəmə iclası zamanı izahatında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 2014-cü ildə yaradıldığını, 2015-ci ildə "xxxx" ASC ilə müqavilə bağladıqlarını, sukanalizasiya xətti çəkildiyini, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yoxlama aparıldıqdan sonra suların başqa yerə axıdıldığını bildiklərini, müəssisədə suyun sadəcə əl yumaq üçün istifadə olunduğunu, çirkli su olmadığını, əvvəllər həmin ərazidə hovuz olduğunu və təmizləmə qurğusu olduğunu, suyun həmin hovuza axdığını və təmizlənib axıdıldığını, sonradan həmin qurğunun yararsız hala düşdüyünü, müəssisənin özünün su təmizləmə qurğusu olmadığını, həmin ərazidə yerləşən müəssisələrin mərkəzi kanalizasiya sisteminə qoşulmasının mümkün olmadığını, "xxxx" ASC ilə müqavilələrinin olduğunu, o müqaviləyə görə ödənişlər həyata keçirdiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X6 izahatında inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də göründüyü kimi 01 mart 2024-cü ildə akt tərtib etdiklərini, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf mühit və X8 nəzarət Xidmətinin məsləhətçiləri X7, X4 şəhəri, Azərbaycan küçəsində və dairəvi yolda yerləşən müəssisələrə və ətraf ərazilərdə “Ətraf mühitin mühafizəsi” haqqında AR qanunlarına müvafiq olaraq yoxlama və baxış keçirdiklərini, baxış zamanı Azərbaycan küçəsində yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində yaranan çirkab və tullantı sularının mərkəzi kanalizasiya xəttinə qoşulmadığının aşkar edildiyini, birbaşa ərazidən kənardakı qamışlıq sahəyə axıdıldığını aşkarlandığını, bu əsasda protokol tərtib etdiklərini, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərdiklərini, müəssisənin nümayəndəsinin akta və inzibati xəta haqqında protokola imza çəkməkdən imtina etdiyini, ekoloji pasport və rəy vermədiklərini, onları müəssisənin özünün gəlib almalı olduğunu, müəssisənin mərkəzi kanalizasiya sisteminə qoşulmadığını bildirərək Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X18 aktın onun iştirakı ilə tərtib olunduğunu, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinın ərazisinə baxış keçirdiklərini, su nümunəsini "xxxx" ASC-nin nümayəndəsinin iştirakı ilə götürdüklərini, axırda həmin ərazidə yerləşən müəssisələrin suyunun eyni yerə axıdılsa belə hər müəssisədən çıxan ayrı-ayrı borular olduğunu, su nümunəsini də "xxxx" ASC-nin nümayəndəsinin Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin axıtdığı su olduğunu dediyi yerdən götürdüklərini bildirdi. Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X8 Nəzarət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf mühit və X8 nəzarət Xidmətinin məsləhətçiləri X7, X4 şəhəri, Azərbaycan küçəsində və dairəvi yolda yerləşən müəssisələrə və ətraf ərazilərdə “Ətraf mühitin mühafizəsi” haqqında AR qanunlarına müvafiq olaraq yoxlama və baxış keçirmişlər. Baxış zamanı Azərbaycan küçəsində yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində yaranan çirkab və tullantı sularının mərkəzi kanalizasiya xəttinə qoşulmadığı aşkar edilmişdir. Birbaşa ərazidən kənardakı qamışlıq sahəyə axıdılır. Sanitar-gigiyenik və ekoloji normativlər gözlənilməyib, anti-sanitar vəziyyət yaranır. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cü ildən fəaliyyət göstərir. VÖEN-i **********-dir. Müəssisənin direktoru X2r. Müəssisədə mebel materialları istehsal olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf mühit və X8 nəzarət Xidmətinin məsləhətçiləri X18, X1 şəhəri, Azərbaycan küçəsində və dairəvi yolda Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə təkrar baxış keçirmişlər. Baxış zamanı istehsal müəssisəsində istifadə olunan suyun ümumi şəhər su şəbəkəsindən götürüldüyü müəyyən olunmuşdur. Müəssisədə yaranan çirkab suların birbaşa müəssisədən kənarda boş torpaq sahəsinə təmizlənmədən axıdıldığı aşkar olunmuşdur. Çirkab suyun axıdıldığı yerdən laboratoriyaya göndərilməsi üçün su nümunəsi götürülmüşdür. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti X16 İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 13 may 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X16 İdarəsi ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2015-ci ildə ********* saylı müqavilə bağlanılmış və bu müqaviləyə əsasən istehlakçı istifadə etdiyi suyun 1m3 görə 1 (bir) manat məbləğində pul ödəyir. Qeyd olunan obyektin tullantı suları xətti kanalizasiya şəbəkəsinə qoşulmayıb. Obyektin mülkiyyətçisi tərəfindən müvafiq müraciətin olacağı təqdirdə tullantı sularının kanalizasiya şəbəkəsinə qoşulması ilə bağlı tədbirlər görüləcəkdir. İş materiallarında olan "xxxx" ASC ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2015-ci ildə ********* saylı müqavilənin 3.1-ci bəndindən görünür ki, müəssisə istehlakçının təlabatına uyğun məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" ASC ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan müqaviləyə əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər ay ödənişlər həyata keçirilir. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X17 28 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmiş, həmin protokolun surəti xx.xx.2024-cü il tarixli məktubla Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 195 nömrəli qərarının 2-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına; sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə və digər tələblərə riayət olunmasını təmin etməkdir. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 195 nömrəli qərarının 5-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini həyata keçirən orqanlar aşağıdakı səlahiyyətlərə malikdirlər: -su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədilə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslərə, Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə qarşı iddia qaldırmaq; -su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulmasında müqəssir şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədilə müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək; -suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırmaq hüququna. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 195 nömrəli qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir. Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar