Məhkəmə qərarları › İş №3(078)-152/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-152/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-152/2024 02.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1987-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, 2 uşaq atası, orta təhsilli, "xxxx" MMC-də anbardar vəzifəsində işləyir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Protokoldan aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-988/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş 27 oktyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 01 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşaq üçün ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında aliment tutularaq 04 iyul 2010-cu il təvəllüdlü X3 və 07 dekabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X1 ödənilməsi, qətnamənin dərhal icra edilməsi, Şəxs iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 21.75 (iyirmi bir manat yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmiş və həmin tarixdə icra vərəqəsi çıxarılaraq dərhal icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş üzrə icraata xx.xx.2022-ci il tarixdə başlamasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 3440 manat aliment borcu yaranmış, beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair protokol məhkəməyə göndərilmişdir. Məhkəmədə Şəxs izahatında davamlı olaraq aliment öhdəliyini ödəmiş, lakin işi davamsız olduğundan və günəmuzd işlədiyindən ödəmələri tam şəkildə həyata keçirə bilməmişdir. Əvvəllər hər ay 100-150 manat aliment ödəmiş, lakin sonradan maddi imkanı olmadığı üçün aliment borcunu lazımi qaydada ödəyə bilməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 100 manat ödəniş etmişdir. Bütün bunların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 27 oktyabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-988/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Şəxs 01 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla iki uşaq üçün ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında aliment tutularaq 04 iyul 2010-cu il təvəllüdlü X3 və 07 dekabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X1 ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 16 oktyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Şəxs aliment borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən borcunun qalan hissəsini üzürlü səbəbdən, yəni maddi imkansızlığı səbəbindən icra edə bilmir. Belə ki, borclu Şəxs həmin icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, borcunu ödəməyə çalışır. O, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə tələbkarın xeyrinə 100 manat aliment ödəmişdir. Lakin, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2700 manat borcunu bir dəfədə ödəməsi üçün maddi imkanının olması hər hansı bir şəkildə öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən və Şöbənin təqdim etdiyi alimentin ödənilməsi barədə cədvəldən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixə 3340 manat borcu olmuş, o, 2022-ci ilin sentyabr ayında 200 manat, oktyabr ayında 100 manat, dekabr ayında 100 manat, 2023-cü ilin yanvar ayında 100 manat, fevral ayında 100 manat, mart ayında 100 manat, aprel ayında 100 manat, may ayında 100 manat, iyun ayında 100 manat, iyul ayında 150 manat, avqust ayında 100 manat, sentyabr ayında 150 manat, oktyabr ayında 100 manat, dekabr ayında 100 manat, 2024-cü ilin yanvar ayında 100 manat, fevral ayında 100 manat, mart ayında 80 manat, aprel ayında 100 manat ödəniş etmişdir. Hazırda Şəxs 3340 manat borcu var. İşdə olan qəbzlərdən görünür ki, Şəxs tələbkara müxtəlif aylarda ödəniş etmişdir. İşin müəyyən edilmiş bu halları isə sonuncunun məlum icra sənədinin icrasından qərəzli olaraq yayınmasını istisna edir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən Qərarında həmçinin onu da qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1 -ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar