Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-153/2025 18.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 iştirakları ilə, xx.xx.2000-ci ildə Babək rayonu, Qaraçuq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 18 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Rəşad Seyidov tərəfindən tərtib olunmuş 18 mart 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində bir nəfər şəxsin Naxçıvan şəhər Əcəmi Seyrangahında uca səslə nalayiq ifadələr işlətdiyini müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşaraq ondan etdiyi hərəkətlərə son verməsini və əməlinin inzibati xəta olduğunu izah etmişlər. Lakin həmin şəxs öz hərəkətlərinə davam edərək, onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxs Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmişdir. 1-ci Polis Bölməsində həmin şəxsin Naxçıvan şəhər sakini Şəxs olduğu məlum olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında haqqında deyilənlərin yalan olduğunu, dünən saat 4-5 radələrində Daxili İşlər Nazirliyinin əməkdaşlarının onu götürüb Daxili İşlər Nazirliyinə apardıqlarını, sinəsində “vasminka” tattosu olduğunu, 25 gün bundan əvvəl onu yenə Daxili İşlər Nazirliyinə apardıqlarını, Cinayət Axtarış İdarəsinin rəisinin ona 1 ay vaxt verdiyini, tattonu silməsini dediyini, özünün də etiraz etmədiyini, siləcəyini bildirdiyini, 25 gün sonra gəlib apardıqlarını, silib-silmədiyini soruşduqlarını, özünün də pulu olmadığı üçün silmədiyini bildirdiyini, sonra 1-ci polis bölməsinə apardıqlarını, dünən axşam da polis bölməsində qaldığını, bu gün də məhkəməyə gətirdiklərini, özünün bu gün Əcəmi seyrəngahında olmadığını, izahat yazmaqdan da, imza etməkdən də imtina etdiyini, çünki yalan protokol tərtib etdiklərini, gecə dostunun ona yemək gətirdiyini, anasının xəstə olduğunu, 10 gün əvvəl əməliyyat olunduğunu, özünün heç bir təqsiri olmadığını, polis bölməsində saxlanıldığını ona yemək gətirən dostunun da təsdiq edə biləcəyini bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X7 izahatında şəxsin Əcəmi seyrəngahında səs-küy saldığını, nalayiq ifadə işlətdiyini, ictimai asayişi pozduğunu, polisin qanuni qələbinə tabe olmadığını, seyrəngahın arxa tərəfində etdiyini, həmin vaxt çox adam olmadığını, bir nəfər şahid olduğunu, onun hansı nalayiq ifadə işlətdiyini bilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında verdiyi izahatında bağın arxa tərəfində gəzdiyini, şəxsin uca səslə danışdığını, söyüş söydüyünü, özünün fəhlə işlədiyini, dostunun gələcəyini, onunla işə gedəcəklərini, orada dostunu gözlədiyi üçün olduğunu, sonra polis əməkdaşlarının gəldiyini, şəxsi maşına mindirib apardıqlarını, oradan başqa şəxslərin də keçdiyini, 30-35 yaşlarda cavan qızların da keçdiyini, ancaq şəxsin hansı söyüşü söydüyünü deyə bilməyəcəyini, neçə nəfər polis əməkdaşının onu apardığını bilmədiyini, hansı dövlət qeydiyyat nömrəli maşına mindirdiklərini deyə bilməyəcəyini bildirdi. X1 məhkəmə iclasında verdiyi izahatında özünün bu yaxınlarda narkotik vasitə istifadə etdiyi üçün məhkəməyə gətirildiyini, ondan sonra tövbə etdiyini, dostu İlkinə də tövbə etdirdiyini, dünən öz evlərində olduqlarını, birdən Daxili İşlər Nazirliyinin əməkdaşlarının gəldiklərini, 3 nəfər olduqlarını, onları Daxili İşlər Nazirliyinə apardıqlarını, kiminsə maşının götürüldüyünü, araşdıracaqlarını dediklərini, özlərinin də heç nə etmədiklərini, sonra Daxili İşlər Nazirliyində onlara kriminallığı təbliğ etdiklərinin deyildiyini, heç nə etmədiklərini, sadəcə “TikTok” sosial şəbəkəsində dostları ilə şəkillərinin üzərinə şeir qoyub paylaşdıqlarını, onu da sildiklərini, özünün 10 ildir “vasminka” tattosu olduğunu, rəisin silməsini dediyini, özünün də niyəsini soruşduğunu, onun da cavabında “xoşuma gəlmirsən” dediyini, 1 ay vaxt verdiklərini, “dostuna verdiyimiz vaxtda silmədiyi üçün sutkaya göndəririk, sən silməsən səni də göndərərik” dediklərini, sonra İlkini polis bölməsinə apardıqlarını, axşam da orada qaldığını, hətta özünün yemək apardığını, İlkinin dünəndən polis bölməsində saxlanıldığını, onu dünəndən görmədiyini, hətta polislər apardığı vaxt telefonunun da onlarda qaldığını, hələ də telefonun öz evlərində olduğunu, İlkinin anasının xəstə olduğunu bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 18 mart 2025-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə araşdıran məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “xırda xuliqanlıq” inzibati xəta əməli yoxdur. Belə ki, şəxsin ümumiyyətlə 18 mart 2025-ci il tarixdə Əcəmi seyrəngahında olması, ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Ümumiyyətlə qeyd edilməlidir ki, yalnız ictimai qaydanı pozmaq inzibati xəta kimi müəyyən edilmişdir. Aparılan məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddə ilə təqsirliliyini təsdiq edən hər hansı bir sübut protokola əlavə edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməlində xırda xuliqanlıq inzibati xətanın olması müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən şəxs ziddiyyətli və əhatəli olmayan izahat verməklə dəqiqliklə şəxsin hansı hərəkəti törətməsini, hansı söyüşü söydüyünü qeyd edə bilməmiş, formal şəkildə səs-küy saldığını, söyüş söydüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, X2 məhkəmə iclasında ziddiyyətli izahat verdiyindən onun izahatı sübut kimi qiymətləndirilməməlidir. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarının qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə araşdıran məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməli törətməsi öz təsdiqini tapmamışdır. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Aparılan məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin hər hansı bir qanuni tələbinə tabe olmaması öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə də təqsirliliyini təsdiq edən hər hansı bir sübut protokola əlavə edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri mövcud deyil. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-153/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-153/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver