Məhkəmə qərarları › İş №3(078)-157/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-157/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-157/2022 29.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs X3 İttifaqının Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 15 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanında yerləşən “X3 İttifaqının Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, X3 İttifaqının Şəxs 18800.00 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində vəsaiti 01 oktyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18800.00 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 02 oktyabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da X3 İttifaqının Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq barəsində icraat aparılan hüquqi şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyi və həmçinin ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4cü maddələrinə əsaslanaraq hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X3 İttifaqının Şəxs MMC-nin nümayəndəsi Vəkil 26 dekabr 2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə etirazını və etirazının əsası kimi istinad etdiyi sənədləri məhkəməyə göndərmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs X3 İttifaqının Şəxs MMC-nin nümayəndəsi Vəkil etirazda qeyd etmişdir ki, icraatınızda Şəxs MMC barəsində inzibati xəta haqqında 3(078)-157/2022 saylı iş mövcuddur. Şəxs MMC ilə “X6 ve Dış Ticaret LTD” Şirkəti (bundan sonra “Satıcı”) arasındakı razılaşmaya əsasən Satıcı tərəfindən Gəmiqayaya müxtəlif növ tikinti materialları, avadanlıqlar, nəqliyyat vasitələri və s. malların (bundan sonra “Mal/Mallar”) verilməsi və xidmətlərin göstərilməsi. Gəmiqaya tərəfindən isə müvafiq Mallar və xidmətlər qarşılığında müəyyən edilmiş qiymətin ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən 18800 ABŞ dolları məbləğində Mal 28 mart 2019-cu il tarixində Türkiyə Respublikasından ixrac edilmiş və ixrac edilən zaman X1 bəyan edilmişdir. İnzibati xəta tərkibi 4 elementin məcmusundan ibarətdir və Gəmiqayanın hərəkətində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın bütün əlamətləri, daha dəqiq ifadə etsə, obyektiv cəhəti və subyektiv cəhəti mövcud olmadığından inzibati xəta tərkibi yaranmış olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 430.4-cü maddəsində qeyd edilən inzibati xətanın obyektiv cəhəti mövcud deyil, çünki Gəmiqayanın hərəkətində qeyd edilən maddənin mahiyyətindən irəli gələn pozuntu olmamışdır. “İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cii maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Sözügedən qərardan da aydın olur ki, İXM-nin 430.4-cü maddəsinin avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində malların idxal edilməməsini nəzərdə tutması birbaşa olaraq beynəlxalq cinayətkarlıqla əlaqəli olub, malların idxal edilməsi halında artıq vəsaitin hər hansı cinayətkar məqsədlər üçün istifadə edilməsi faktını da istisna etmiş olur. Həmçinin qeyd edilən maddənin dispozisiyasında yük gömrük bəyannaməsinin təqdim edilib-edilməməsi ilə əlaqədar heç bir nüans qeyd edilməmişdir. Belə olan halda, yük gömrük bəyannaməsi mövcud olmasa belə, digər sənədlər əsasında malların ölkəyə idxal edilməsi öz təsdiqini tapdığı üçün edilmiş avans ödənişin hər hansısa cinayətkar məqsədlər üçün istifadə edilməmiş olması müvafiq norma ilə nəzərdə tutulan inzibati xətanın mövcudluğunu da aradan qaldırmış olur. Qeyd edək ki, sifariş edilən malın Türkiyə Respublikasından ixrac edilən zaman X1 bəyan edilməsi (Qoşma 1: İxrac bəyannaməsi), malın təyinat ünvanı bölməsində Azərbaycan Respublikasının göstərilməsi, həmçinin yükün daşınması ilə əlaqədar “Tır çeki listesi” (Qoşma 2: Tır çeki listesi) və “Çeki listesi” (Qoşma 3: Çeki Listesi) Malın Azərbaycan Respublikasına göndərildiyini təsdiq etmiş olur. Bundan əlavə X6 ve Dış Ticaret LTD Şirkəti tərəfindən kəsilmiş Malın hesab-fakturası (Qoşma 4: Hesabfaktura) yükün göndərilməsi və gömrük məntəqəsinə təqdim edilməsi məqsədinin mövcudluğunu sübut edir. Dilucu gömrük məntəqəsindən ixrac edilən Mal üçün yalnız bir təyinat ünvanı ola bilər ki, bu da Naxçıvan Muxtar Respublikasıdır. Bu halda aydındır ki, mal Dilucu gömrük məntəqəsindən ixrac edilibsə, Naxçıvan MR-a idxal edilib və bu barədə şübhələrin olması, ümumiyyətlə, ağlabatan deyildir. Hətta sifariş edilən Malın Naxçıvan MRna daxil olması və Naxçıvan MR-da Gəmiqaya tərəfindən qəbul edilməsi də “Təhvil-təslim” Aktı (Qoşma 5: “Təhvil-Təslim” Aktı) ilə öz təsdiqini tapır. İXM-nin 430.4-cü maddəsində qeyd edilən inzibati xətanın subyektiv cəhəti mövcud deyil, çünki yük gömrük bəyannaməsinin təqdim edilməməsində Gəmiqayanın təqsiri yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsi yalnız hu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, Malın Türkiyə Respublikasından ixrac bəyannaməsi və yüklə əlaqədar daşıma sənədləri, həmçinin gömrük ödənişinin edilməsi ilə bağlı 02141 nömrəli mədaxil qəbzi də (Qoşma 6: Mədaxil qəbzi) açıq-aşkar sübut edir ki, sifariş edilən Mal Azərbaycan Respublikasına göndərilmiş və ölkə ərazisinə daxil olmuşdur. X7 Respublikası Dövlət Gömrük Komitəsinin (“Naxçıvan MR DGK”) dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sisteminə daxil olmaq mümkün olmadığından, ümumiyyətlə, elektron sistem faktiki olaraq işləmədiyindən Mal idxal edildiyi zaman gömrük bəyannaməsini elektron sistem üzərindən tərtib və təqdim etmək də mümkün olmamışdır. Monitordan əldə edilmiş ekran, görüntüsü də (“screenshot”) (Qoşma 7: Ekran görüntüsü) elektron sistemə daxil olmağın mümkün olmadığını sübut edir. Bu barədə dəfələrlə Naxçıvan MR DGK-nə şifahi müraciətlər edilsə də, Naxçıvan MR DGK-nin elektron sistemlə işləmədiyi və gömrük rüsumlarının nağd qaydada qəbul edildiyi bildirilmiş, ödənişin nağdsız qaydada həyata keçirilməsi üçün bank hesabı belə təqdim edilməmişdir. Həmçinin, Gəmiqaya tərəfindən sifariş edilən Mal üçün yük gömrük bəyannaməsinin təqdim edilməsi barədə Naxçıvan MR DGK-nə xx.xx.2022-ci il tarixdə 162 № li yazılı müraciət də (Qoşma 8: Məktub və Qoşma 9: Poçt qəbzi) edilmişdir. Yük gömrük bəyannaməsinin Naxçıvan banka təqdim edilməməsində təqsirin qəsd və ya ehtiyyatsızlıq formasına rast gəlinmir, çünki Naxçıvan MR DGK-nin elektron sisteminin işləməməsi Gəmiqayanın iradəsindən və müdaxiləsindən tamamilə kənar olmaqla, qeyd edilən əməldə Gəmiqavanın təqsirini istisna edir. Həmçinin hal-hazırda Naxçıvan MR DGKdə bir sıra vəzifəli şəxslərə qarşı cinayət işinin açılmış olması da mövcud olan sistemsizliyin bariz göstəricisidir. X5 tərəfindən yazılan “Naxçıvan Gömrük Komitəsinin şöbə rəisi həbs edilib” məqaləsində də (Qoşma 10: “Amerikanın səsi” qəzeti, xx.xx.2022-ci il) qeyd edilmişdir ki, Naxçıvan MR DGK-nin vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar. Təbiidir ki, Gəmiqaya bu sistemsizliyin və qanunsuzluğun bir qurbanı olmaqla, bununla əlaqədar başqa cür hərəkət etmə iqtidarında da ola bilməzdi. Nəticə etibarı ilə, Gəmiqayanın hərəkətində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün əməlin mühüm elementləri olan obyektiv cəhəti və subyektiv cəhəti mövcud olmadığından, inzibati xəta tərkibi yaranmış hesab edilə bilməz. Etiraza Tır çeki listesi, Hesab-faktura, Çeki listesi, İxrac bəyannamələri, Təhvil-təslim aktları, Mədaxil qəbzləri, e-gov Ekran görüntüsü, Naxçıvan Bankdan daxil olan sorğu, Naxçıvan Baş Gömrük İdarəsinə ünvanlanmış məktub, Naxçıvan Baş Gömrük İdarəsinə ünvanlanmış məktubun göndərilməsi barədə poçt qəbzi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş 29 dekabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki, Şəxs MMC xx.xx.2020-ci il tarixdə 18.800 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ölkədən kənara köçürmüş, lakin qanunvericiliklə müəyyən edilmiş 2 il müddətində müvafiq malları ölkəyə idxal etməmiş və vəsaiti geri qaytarmamışdır. Hazırda icraatda olan bu işlə bağlı Şəxs MMC tərəfindən təqdim edilmiş etiraz ərizəsində malların faktiki olaraq ölkəyə idxal edildiyi, lakin bununla bağlı müvafiq gömrük bəyannamələrinin olmadığı bildirilmişdir. MMC-nin vəkili ərizəsində bəyannamənin mövcud olmadığını malların ölkəyə idxal edilən zaman gömrük orqanının elektron sistemində problemlərin olması və bu səbəbdən gömrük rüsumlarının da nağd şəkildə ödənilməsi ilə əsaslandırmış, malların ölkəyə idxalı faktının Türkiyə Respublikası tərəfindən verilmiş ixrac bəyannaməsi, hesab- faktura, “tır çeki listesi” və digər sənədlərlə təsdiq edildiyini iddia etmişdir. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.11 -ci maddəsinə görə gömrük bəyannaməsi - malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 1.0.18-ci maddəsinə görə gömrük proseduru - bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir. Sözügedən Məcəllənin 164.1 -ci maddəsinə əsasən daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın (Qaydalar) 4.3.1.3-cü yarımbəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Qanunvericiliyin qeyd edilən normalarına əsasən müəyyən edilir ki, sərbəst dövriyyə üçün malların ölkəyə idxalını təsdiq edən sənəd gömrük bəyannaməsidir. Məhz bunu nəzərə alaraq Qaydaların 4.3.1.3-cü yarımbəndində də malların ölkəyə idxalı ilə bağlı yalnız gömrük bəyannaməsinin banklara təqdim edilməli olunduğu qeyd edilmişdir. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Məhkəmə protokol və ona əlavə edilən sənədləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş etirazı və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən edir ki, inzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaitini Bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən qanunvericiliklə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da X3 İttifaqının "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında Konstiusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 28 fevral 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun (bundan sonra – Konvensiyanın 1 saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız aşağıdakı hallarda yol verilir: - qanunla müəyyən edilmişdirsə; - ictimai maraq kəsb edirsə; Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə ilk növbədə qanunauyğunluq tələbini ödəməlidir. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Qaydaların 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıdığı üçün həmin hüquqi normalar Konstitusiyanın 59 və 79-cu maddələrinin tələblərinə uyğun hesab edilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən etirazda həmin malların Naxçıvan Muxtar Respublikası ərazisinə gətirildiyi qeyd olunsa da bununla bağlı hər hansı əsaslı bir sübutu məhkəməyə təqdim etməmişdir. Nümayəndə tərəfindən məhkəməyə təqdim edilən təhvil təslim aktı və s. sənədlərin hamısının tarixi 2019-cu ildir. Məhz tərəflər arasında bağlanmış müqavilənin özü, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən etirazda qeyd olunan halların əsassız olduğunu təsdiq edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, həmin tarixdə X3 İttifaqının "xxxx" MMC ilə “X6 ve Dış Ticaret LTD” Şirkəti arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən müxtəlif növ tikinti materialları, avadanlıqlar, nəqliyyat vasitələri, gübrə, (ammonium nitrat), taxıl məmulatları və s. malların satıcıdan alınması, alıcı qismində çıxış edən X3 İttifaqının "xxxx" MMC tərəfindən isə müvafiq Mallar və xidmətlər qarşılığında müəyyən edilmiş qiymətin ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan müqavilənin 4-cü maddəsinə əsasən bu müqavilədə müxtəlif növ tikinti materialları, avadanlıqlar, taxıl məmulatları, gübrə (monium nitrat) nəqliyyat vasitələrinin alınması və görülmüş işlərin ümumi satış dəyəri 10.000000.00 ABŞ dollarıdır. Qeyd olunan müqavilənin 5-ci maddəsinə əsasən maddə 4-də göstərilən qiymət qabaqcadan ödəniləcəkdir. Qeyd olunan müqavilənin şərtindən də göründüyü kimi mallar üçün ödəniləcək qiymətin qabaqcadan ödənilməli olması barədə tərəflər arasında razılıq əldə edilmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin etirazda qeyd etdiyi kimi malların 2019-cu il tarixdə ölkə ərazisinə daxil olması halı əsaslı deyildir və qeyd olunan müqavilənin şərti (müqavilənin 5-ci maddəsi) ilə təkzib olunur. Müqavilədən də göründüyü kimi 2019-cu il tarixdə tərəflər arasındakı hazırki müqavilə bağlanmamış, həmçinin protokolda qeyd olunan məbləğdə pul satıcı şirkətin hesabına köçürülməmişdi. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2020-ci il tarixli köçürmə üçün ərizədən görünür ki, X3 İttifaqının "xxxx" MMC 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində pulun öz hesabından “X6 ve Dış Ticaret LTD” Şirkəti hesabına köçürülməsi üçün Naxçıvan Bank ASC-nə müraciət etmiş, həmin məbləğdə pul bank tərəfindən satıcı şirkətin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, həqiqətən də 01 oktyabr 2020-ci il tarixdə 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində pul “X6 ve Dış Ticaret LTD” Şirkəti hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, "xxxx"xxxx"xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasına malların alınması məqsədilə 18800 (on səkkiz min səkkiz yüz) USD məbləğində avans ödənişi köçürülmüş, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədi Banka təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin diqqətinə çatdırılır ki, istər tərəflər arasında bağlanmış yazılı müqavilə, istərsə də müqavilə bağlandıqdan sonra pulun köçürülməsi nümayəndənin etirazda qeyd etdiklərini təkzib edir, həmin sənədlərin hazırki protokol üçün heç bir sübut əhəmiyyəti yoxdur, yuxarıda qeyd olunanlardan da göründüyü kimi sərbəst dövriyyə üçün malların ölkəyə idxalını təsdiq edən sənəd gömrük bəyannaməsidir. Məhz buna görə də “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü yarımbəndində də qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalı ilə bağlı yalnız gömrük bəyannaməsinin banklara təqdim edilməli olunduğu qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən isə malların ölkə ərazisinə gətirilməsini təsdiq edən gömrük bəyannaməsi təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X3 İttifaqının Şəxs Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə X3 İttifaqının Şəxsnə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini, onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, X3 İttifaqının Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 İttifaqının "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 18800.00 (on səkkiz min səkkiz yüz) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi məbləğində, yəni 3760 (üç min yeddi yüz altmış) ABŞ dolları məbləğində (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar