Məhkəmə qərarları › İş №3(078)-16/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-16/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-16/2024 09.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Şəxs barəsində Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: Naxçıvan şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən baxılması üçün inzibati material xx.xx.2023-cü il tarixli 3-13-43-6/2-20614/2023 nömrəli müşayət məktubu ilə birlikdə aidiyyatı üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, inzibati protokol 09 yanvar 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən vətəndaş Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə ilk öncə protokol tərtib etmiş şəxsin diqqətinə inzibati xətalar qanunvericiliyinin protokol tərtib edilməsini nəzərdə tutan aşağıdakı normaları çatdırmağı zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 78.2-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 1 00.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 106.0-cı maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; Tərtib edilmiş protokoldan aydın olur ki, şəxs İXM-in 343.4-cü maddəsi ilə təqsirləndirilir. Həmin maddənin tələbinə görə bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur İXM-in 343.4-cü maddəsi dispozisiyasına görə göndərici dispozisiyaya malikdir və müəyyən edilmiş halları həmin Məcəllənin 334.1-ci maddəsi ilə müəyyən edildiyini bildirir. İXM-in 334.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edir. Beləliklə İXM-in 343.4-cü maddəsi üzrə protokol tərtib edilməsi üçün aşağıdakı halların mövcud olması zəruridir: -şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmamalıdır; -həmin şəxs tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edilməlidir; -həmin şəxs tibbi müayinədən imtina etməlidir. Təqsirləndirilən şəxsin izahatından görünür ki, üç dəfə alkotest vasitəli onun sərxoşluq vəziyyəti müəyyən edilmiş, hər dəfə sərxoşluğun faizində fərqlilik olduğundan onun təkidi ilə tibbi müayinəyə aparılmışdır. Həmin alkotest nəticələri materiala əlavə edilməmişdir. Digər tərəfdən inzibati hüquq pozuntusu Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında “avtonom cinayət” hesab edilir və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bununla bağlı qərarında formalaşmış hüquqi mövqeyə görə inzibati xətalar qanunvericiliyində müəyyən edilməyən hallar üzrə cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan normalar tətbiq edilir. İnzibati xəta üzrə tərtib edilmiş protokol cinayət prosessual hüquq nöqteyi nəzərindən ittiham aktı funksiyası daşıyır və baş verən hüquq pozuntusu üzrə toplanmış bütün sübutların məcmusu məhz həmin yekun sənəd olan protokolda qeyd edilməli, ondan sonra tərtib edilən yeganə sənəd işin aidiyyəti üzrə göndərilməsi qərardadı olmalıdır. Bu işdə isə ilkin sənəd protokoldur, xx.xx.2023-cü ildə protokol aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə gönədrilməsinə dair müşayiət məktubu olsa da şəxslərin izahatı 02 yanvar, dispanserə sorğu 08 yanvar kimi qeyd olunan tarixlər üzrə müvafiq hərəkətlər edilmişdir. Sanki protokol tərtib edilməzdən əvvəl toplanmalı olan bütün zəruri sübutlar bu işdə protokoldan sonra tərtib edilmişdir. Bu işdə protokolun tərtibi inzibati xətalar qanunvericiliyinə tamamilə zidd olaraq rəsmiləşdirilmişdir. Həmçinin protokol tərtib edən orqanın diqqətinə çatdırılır ki, protokolun məhkəməyə göndərilməsi müddəti ilə bağlı nöqsana yol verilmişdir. Belə ki, qeyd olunan protokol 29 dekabr 2023-cü il tarixdə tərtib edilməsinə, şəxsin təqsirləndirildiyi maddədə inzibati həbs növündə inzibati tənbeh nəzərdə tutulmasına, qeyd olunan kateqoriya işlərə məhkəmə tərəfindən dərhal baxılmalı olmasına baxmayaraq həmin protokol tərtib olunduğu gün yox, tarixi 30 dekabr 2023-cü il tarix qoyulmaqla 09 yanvar 2024-cü ildə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qəraraaldım: Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılsın. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar