Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-16/2025 21.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR ƏƏSMN yanında DƏMX tərəfindən qəbul olunmuş 23 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Naxçıvan MR ƏƏSMN yanında DƏMX 23 dekabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini iddia edərək barəsində inzibati cərimə tətbiq etmişdir. İnzibati xətanın başlanmasına səbəb və əsas olaraq Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən daxil olmuş məlumat göstərilmişdir. Bu məsələ ilə bağlı mən DƏMX-yə dəvət olunaraq izahat vermişdir. İzahatda da məsələ ilə bağlı onun heç bir məsuliyyətinin olmadığını, daxil olmuş məlumatların əsassız olduğunu və hec bir qanuni və hüquqi əsas daşımadığını bildirmişdir. Əlavə olaraq İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsində qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinin yol verilmədiyini və 53.2-ci maddəsində hər hansı şəxs barəsində başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliyi sübuta yetirilmədikdə, o cümlədən, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verildiyini bildirmişdir. Buna cavab olaraq ona bildirilmişdir ki, onlara daxil olmuş məlumatların və sübutların doğru olub-olmadığını, əldə olunan məlumatların qanuni olub-olmadığını, hüquqi əsas daşıyıb-daşımadığını araşdırmaq onların səlahiyyəti deyil. Onlara dövlət qurumundan daxil olmuş məlumatlar əsasında və bu məlumata əsasən araşdırma apararaq protokol tərtib edib icraata başlayırlar. Məlumatların əsaslı olub-olmadığını, qanuni olub-olmadığını, hər hansı bir hüquqi əsas daşıyıb-daşımadığını araşdırmaq və qərar vermək məhkəmənin səlahiyyətindədir və bununla bağlı məhkəməyə müraciət edilməlidir. Heç bir inizibati məsuliyyət daşımadığı halda onun haqqında qəbul edilmiş bu qərardan şikayətini bildirir. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən araşdırmanın başlaması Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən DƏMX-yə daxil olan xx.xx.2024-cü il tarixli məlumata əsasən və bu məlumatlar əsasında AR ƏƏSMN-in “MEİS”ə məxsus “ƏMAS”da aparılan araşdırma nəticəsində və işçi M.Ə.Nuriyevin izahatına əsasən iki nəfər işçi ilə əmək müqavilələri hüquqi qüvvəyə minmədən işə cəlb edilməklərinin məlum olması ilə bağlı olmuşdur. Tərtib edilmiş protokola nəzər yetirdikdə protokolda İXM-in 192.1-ci maddəsinin pozuntusu aşkar edilmiş, qərarda isə İXM-in 192.1-ci maddəsinin pozulması nəticəsində inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi şikayətdə məsələ ilə bağlı onun heç bir məsuliyyətinin olmadığını, məlumatların əsassız olduğunu və hec bir qanuni və hüquqi əsas daşımadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Protokolun tərtib edilməsinə əsas kimi Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən DƏMX-yə daxil olan xx.xx.2024-cü il tarixli məlumata əsasən və bu məlumatlar əsasında AR ƏƏSMN-in “MEİS”ə məxsus “ƏMAS”da aparılan araşdırma nəticəsində və işçi M.Ə.Nuriyevin izahatına əsasən iki nəfər işçi ilə əmək müqavilələri hüquqi qüvvəyə minmədən işə cəlb edilməklərinin məlum olması rəhbər tutulmuşdur. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən:
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir.
4. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır.
5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 verdiyi izahatında şikayəti müdafiə edərək bildirmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassızdır. Şəxsin müdafiə hüququ pozulmaqla həyata keçirilmiş araşdırma heç bir mötəbər sübutlarla təsdiq edilmir, inzibati orqan qanunsuz şəkildə işə baxmış, şikayətin ümumiyyətlə predmeti olmayan məsələ ilə bağlı cərimə tətbiq etmişdir. Şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X11 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, onlar Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən DƏMX-yə daxil olan xx.xx.2024-cü il tarixli məlumata əsasən və bu məlumatlar əsasında AR ƏƏSMN-in “MEİS”ə məxsus “ƏMAS”da aparılan araşdırma nəticəsində və işçi M.Ə.Nuriyevin izahatına əsasən yoxlama apararkən bir sıra nöqsanlar aşkarlanmışdır. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin pozuntusu aşkar edilmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən hər bir sənədləşmə qanunauyğun və qanun çərçivəsində həll edilmişdir. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati işin materiallarını yoxlayıb hesab edir ki, şikayət təmin edilməklə, qərar ləğv edilərək iş yenidən baxılması üçün Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə geri göndərilməlidir. Şikayətə əlavə edilən sənədlərdən və qərar qəbul edən orqan tərəfindən təqdim olunan sənədlərdən aydın olur ki, işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə protokol tərtib edilmiş, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə tənbeh növü tətbiq edilmiş, 1300 (min üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə belə hesab edir ki, işəgötürənin barəsində inzibati xətalar qanunvericiliyinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. İnzibati protokol tərtib edən orqan işəgötürəni əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilmiş və müvafiq cərimə tətbiq etmişdir. İşəgötürənin əməlində İXM-in 192.1-ci maddəsinin tərkibi olmamışdır, onun barəsində inzibati icraat həmin maddə ilə başlana bilməzdi, başlanmış icraata xitam verilməlidir. Eyni zamanda işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilən zaman kifayət qədər araşdırma aparılmamışdır. Belə ki, təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan aydın olur ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə X2 adına qeydiyyata alınmışdır. Təqdim edilmiş 16 sentyabr 2024-cü il tarixli icarə müqaviləsindən aydın olur ki, Naxçıvan şəhəri, M.Topçubaşov 32 ünvanında yerləşən İpək yolu restoranı X5 tərəfindən X4 icarəyə verilmişdir. Vergi ödəyicisinin uçota alınması haqqında arayışa əsasən X1 şəhəri, Mustafa Topçubaşov ev 34 ünvanı üzrə X4 verilmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirib məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin olmasına dair işin faktiki hallarının tam araşdırılması məqsədilə yenidən qərar qəbul edən orqana geri qaytarılmalıdır. İnzibati xətanın barəsində qərar qəbul edilmiş şəxsə aid olmaması təqdim edilən sənədlərlə təsdiq edilir. Həmin xəta “potensial işəgötürən” şəxsə münasibətdə tətbiq edilməlidir ki, bununla bağlı zəruri sənədlər məhkəmədə işə baxılarkən şikayət vermiş şəxs tərəfindən təqdim edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırki halda işə baxmaq səlahiyyəti Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə aiddir və belə olan halda İXM-in 192.1-ci maddəsi üzrə tam araşdırma aparılması və müvafiq qərar qəbul edilməsi üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərara aid tələblər sadalanmışdır: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərar verdi:
Şikayət təmin edilsin. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 əməlində İXM-in 192.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə törədilmiş inzibati xətaya düzgün hüquqi qiymət verilməsi, yenidən baxılması üçün Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.