Məhkəmə qərarları › İş №3(078)-161/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-161/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-161/2025 12.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyata olan VÖEN 200544871 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 01 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 13 mart 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. 13 mart 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokola, əsasən, 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etmədiyinə görə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 14 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə inzibati xəta haqqında protokol ilə bağlı məktub göndərilmişdir. 4 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə 2023-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2024-cü ildə təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə 13 mart 2025-ci il tarixdə, saat 12-00-da Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılması ilə bağlı bildiriş göndərilmişdir. İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim və dərc edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatının surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Döviət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi haqqında Maliyyə Nazirliyinə məktubu iş materiallarına əlavə edilmişdir. İş materiallarına “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının surəti iş materiallarına əlavə edilmişdir. Şəxs MMC-nin “X2 və Maliyyə Hesabatları”nın surəti iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli “Təsis payının alqı-satqısı müqaviləsi”ndən aydın olur ki, Şəxs MMC-nin nizamnamə kapitalında olan 400120 manat, 100% payı alıcıların mülkiyyətinə verir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Döviət Vergi Xidmətinin X1 Reyestrindən Çıxarış iş materillarına əlavə edilmişdir. Şəxs MMC-nin nizamnaməsi iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan təşkilatın nümayəndəsi Nümayəndə izahatında Şəxs MMC 2023-cü ildə təsisçinin dəyişdiyini, rəyin hazır olduğunu, lakin təsisçinin dəyişməsinə görə yubandığını, mühasibatlığın tərtib etdiyini, direktorların təsdiq etdiyini, bu məsələlərin 2025-ci ilin yanvarında meydana gəldiyini, indiki təlimata görə 2024-cü ilin iyul ayında rəyin çap olunmalı olduğunu, hesabatın 6 ay müddətində dərc olunmalı olduğunu, mühasiblərdən bu barədə məlumat əldə etdiyini bildirmişdir. Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 3.1-ci maddəsində qeyd olunur ki, kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Lakin Şəxs MMC illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu müddət ərzində-2024-cü ilin iyun ayının 30-a qədər dərc etməmişdir. Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsinə əsasən “Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.” İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “Şəxs MMC tərəfindən İXM-in 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında “Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar