Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-164/2025 02.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 iştirakları ilə, xx.xx.1975-ci il tarixində Şahbuz rayonu, K.Şahbuz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq anası, işsiz, deməsinə görə əvvəllər məhkum edilməmiş, Şahbuz rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 02 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 24 mart 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək 24 mart 2025-ci il tarixdə Cahan Ticarət Mərkəzinin qarşısında iş yoldaşı X4 ilə lotereya alan zaman iş yoldaşının anası onları bir yerdə görərək onların yanına gəldiyini və ona qarşı kobud şəkildə təhqiredici ifadələr (nalayiq sözlər) işlədərək sinəsindən tutub itələdiyini, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş 02 aprel 2025-ci il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsi əsasında araşdırma aparılmış, araşdırma zamanı tərəflərin izahatları alınmış, həmçinin Cahan Ticarət Mərkəzinin videomüşahidə kameralarına baxış keçirilmişdir. Məlum olmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Cahan Ticarət Mərkəzinin önündə Zərərçəkmiş şəxs ilə mübahisə yaradaraq AR İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Rübabə ilə oğlunun birlikdə işlədiyini, Rübabəni oğlunun üzərinə təhkim etdiklərini, yoxlamalara getdiklərini, 1 ay sonra Rübabənin oğluna gecələr zəng etdiyini, mesaj yazdığını, 1 il yarımdır ki, iş yoldaşı olduqlarını, oğlunun ailəsinin dağılmaq həddinə gəldiyini, xəbərdarlıq etdiyini, oğlunun ona dostcasına yanaşdığını, oğlunda da günah olduğunu, qızın gecə vaxtı gəlib Əlini insan, dost kimi sevdiyini dediyini, gəlinin də getdiyini, oğluna danışmamasını dediyini, başa sala bilmədiyini, yoldaşının hədələdiyini, ailəsini dağıtmaması üçün yalvardığını, təxminən 10 gün bundan əvvəl bazara getdiyini, gəlininin də yanında olduğunu, oğlu ilə Rübabənin durub poz-qazan oynadıqlarını, yaxınlaşaraq “burada nə edirsiniz?” dediklərini, Rübabənin “sənin səviyyənə enə bilmərəm” dediyini, özünün də “uzaq dur uşağımdan, polisə deyəcəyəm” dediyini, çiynindən itələdiyini, onu vurmadığını, əsəbi olduğu üçün belə bir hal yarandığını, əməlindən peşman olduğunu bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şahid Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində 2023-cü ilin sentyabr ayında komissiya yaradıldığını, rəhbərin də özünün olduğunu, Şahbuz rayonundan da Əlinin adının verildiyini, oktyabr ayından rayonları gəzməyə başladığını, saat fərqi olmadığını, hər zaman işlədiklərini, gecə də ona zəng etdiyini, “saat 3-də gələcəyəm işə başlayaq” dediyini, oktyabr ayının 3-də telefon danışıqları olduğunu, 2024-cü ilin yanvar ayı Əlinin dövlət qulluğu imtahanından keçdiyini, artıq nazirlikdə birlikdə işləməyə başladıqlarını, Əlinin arvadının dayısının oğlu Loğman adlı şəxsin onlarda mühafizə olaraq işlədiyini, Loğmanın onların yaxın olmalarını Əlinin yoldaşına dediyini, Əlinin yoldaşının ona yazdığını, “aranızda nə var” dediyini, özünün də “həddini bil, o nə sözdür deyirsən” dediyini, Əlinin atasının nazirliyə gəldiyini, “Rübabə ilə Əlini işdən çıxardın” dediyini, gecə saat 8-də Loğmana zəng etdiyini, ünvanlarını öyrəndiyini, qapılarına getdiyini, “Rübabədi, niyə gəlmisiniz?” dediyini, Əliyə də Loğmanı polisə şikayət etməsini dediyini, Əlinin avtomobil aldığını, özünün də zamin durduğunu, Əli ilə başqa heç bir münasibəti olmadığını, lotereya oynadıqlarını, aralarında da məsafə olduğunu, Əlinin anasının yaxınlaşaraq “nə edirsiniz burada?” dediyini, gəlinin də Əlini kənara çəkdiyini, səviyyəsiz vəziyyət yarandığını, Əlinin anasının hər kəsin içində ona nalayiq sözlər işlətdiyini, oğlunun ailəsini dağıtdığını dediyini, Əlini də bloka atdığını, zaminlikdən də çıxarmasını istədiyini dediyini, Əlinin anasının camaatın içində onu biabır etdiyini, özünün avtomobili, evi hər şeyi olduğunu, Əlinin özündən işdə də aşağıda olduğunu, qeyd etdiyi kimi hal olsa belə onun oğlu ilə olmayacağını bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində özü ilə Rübabə arasında heç nə olmadığını, səhv başa düşüldüyünü, xasiyyətlərinə görə belə bir hal yarandığını, hər ikisinin də səmimi insanlar olduqlarını, onların küsülü qalmasının qeyri-mümkün olduğunu, özünün avtomobil aldığını, Rübabədən avtomobilin etibarnaməsini götürəcəyini, Rübabənin bazarda olduğunu dediyini, özünün də etibarnaməni götürmək üçün getdiyini, Rübabənin “gəl avtomobilin şirinliyini də verim” dediyini, anası ilə yoldaşının gəldiyini, özünün yoldaşı ilə kənara çəkildiyini, sonunu gördüyünü, anasının Rübabəyə insanların yanında ucadan nalayiq ifadələr işlətdiyini bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 02 aprel 2025-ci il tarixdə saat 14:15-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal isə yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halın olmamasını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək o, maddənin sanksiyasının həddi daxilində 75 (yetmiş beş) manat məbləğində cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şahbuz rayon İcra və probasiya bölməsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-164/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-164/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver