Məhkəmə qərarları › İş №3(078)-17/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-17/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-17/2023 09.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, taksi sürücüsü, ailəli, 5 uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla, orada yaşayan Zərərçəkmiş şəxs 09 yanvar 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, 08 yanvar 2023-cü il tarixdə, saat 15:30 radələrində tanımadığı qadın taksi sürücüsünün əlində taxta ilə onu vurub təhqir etdiyini bildirmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru X8 tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 09 yanvar 2023-cü il tarixdə 008651 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, 08 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində tiktok sosial şəbəkəsində onunla bağlı video yayan şəxsi canlıda gördüyünü, onun 4 yol tərəfdə yerləşən 9 mərtəbə binalar tərəfdə olduğunu, idarə etdiyi **-TA-*** dövlət qeydiyyatlı avtomobili ilə onun olduğu yerə getdiyini, binanın arxasına çatdığını, orada qızıl dükanına yaxınlaşdığını, liftlərə kimin baxdığını soruşduğunu, onların göstərdiyi yerə gəldiyini, həmin şəxsin qarşısına çıxdığını, onu tanıdığını soruşduğunu, onun onu tanımadığını bildirdiyini, “bəs məni tanımadığın halda necə paylaşım etmisən, sil onu” dediyini, onun silməyəcəyini bildirdiyini, mübahisə etməyə başladıqlarını, əsəblərini cilovlaya bilmədiyini, ağacı götürərək onu vurmağa başladığını, sonra aralaşdıqlarını, onun polisə zəng etdiyini, polis əməkdaşının hadisə yerinə gəldiyini, onları Şəhər Polis İdarəsinə dəvət etdiklərini, etdiyi əməldən peşman olduğunu bildirdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs, 08 yanvar 2023-cü il tarixdə, saat 15:30 radələrində digər liftlərə baxmaq üçün binadan çölə çıxdığını, bu zaman tanımadığı qadın taksi sürücüsünün onun üstünə gələrək özünü təqdim etmədən onu təhqir etməyə başladığını, onun idarə etdiyi avtomobili gördükdən sonra bu qadının onu niyə təhqir etdiyini anladığını, 1 həftə əvvəl taksi yoldaşı Yusifin avtomobilinin üzərindəki TAXİ nişanını icazəsiz götürüb yerə çırpan və Yusifi təhqir edənin qadın sürücüsü olduğunu, bu hadisədən 3 gün sonra taksi sürücülərinin bir yerə yığışdıqlarını, Ali Məclisə, sonra Daxili İşlər Nazirliyinə, sonra isə Nəqliyyat Nazirliyinə getdiklərini, Nəqliyyat Nazirliyində taksi fəaliyyətinə icazə almaq üçün toplandıqlarını, Naxçıvan Televiziyası çəkilişinin gəldiyini, danışdıqlarını, çəkiliş zamanı 1 həftə əvvəl baş verən hadisəni danışdığını, çəkilişini öz tiktok sosial şəbəkəsindən paylaşdığını, onu təhqir edən qadın sürücünün videonu silməyini istədiyini, ona “videoda sənin adın çəkilməyib, mən ümumi olaraq demişəm ki, qadın taksi sürücüləri TAXİ nişanlarını görən kimi yerə çırpırlar” dediyini, qadın taksi sürücüsünün də onun dediklərini təsdiq edərək TAXİ nişanlarını götürüb yerə çırpanın özü olduğunu bildirdiyini, sonra ona “sənin TAXİ nişanını çırpıb qırmamışam ki, sən niyə danışırsan” dediyini, ona “bu gün ona edən sabah da mənə edəcək” dediyini, sonra da onun maşından ağac götürdüyünü və onu təhqir edə-edə binanın qabağında ağacla vurmağa başladığını, qadın olduğuna görə heç bir şey etmədiyini, 102 polis qaynar xəttinə zəng edərək şikayət etdiyini, sonra Naxçıvan Şəhər Polis İdarəsinə gəldiklərini, şikayətçi olduğunu, qanuni cəza verilməsini bildirdi. İşə əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli, 20 nömrəli canlı şəxsin müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər: sol bazu nahiyyəsinin bayır səthinin yuxarı 1/3 hissəsində qançır, sol baldır nahiyyəsinin bayır səthinin yuxarı 1/3 hissəsində qançır vardır. Qançır küt əşyanın təsirindən yaranmışdır və həmçinin dediyi şəraitdə yarana bilərdi. Müddəti qərarda göstərilən tarixə uyğun gəlir və zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 09 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 09 yanvar 2023-cü il tarixdə, saat 15:40-da inzibati qaydada tutulmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 111 nömrəli, 09 yanvar 2023-cü il tarixli arayışa əsasən, Şəxs aşağıdakı ailə üzvləri vardır:

1. X9 qızı 2007-ci il təvəllüdlü;

2. X6 qızı 2008-ci il təvəllüdlü;

3. X3 oğlu 2017-ci il təvəllüdlü;

4. X13 oğlu 2017-ci il təvəllüdlü;

5. X10 qızı 2013-cü il təvəllüdlü. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 03/57 nömrəli, 09 yanvar 2023-cü il tarixli arayışa əsasən, Əsgərova X7 şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmaqla övladları X11 24 mart 2035-ci il tarixədək və X4 06 may 2025-ci il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa görə ayda 400 (dörd yüz) manat sosial müavinət və qulluq üçün 160 (yüz altmış) manat prezident təqaüdü ödənilir. Vətəndaşa 105 manat (yüz beş) manat 80 (səksən) qəpik ünvanlı sosial yardım üçün sosial müavinət ödənilir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 015194 nömrəli vəsiqəyə əsasən, X9 uşaqlıqdan əlildir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 015192 nömrəli vəsiqəyə əsasən, X13 uşaqlıqdan əlildir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, səmimi peşman olmasını, himayəsində azyaşlı və həmçinin əlil uşaqlarının olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. İşdə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarında olan Şəxs inzibati qaydada tutulmasına dair tərtib olunmuş protokola münasibət bildirərək qeyd edir ki, bu hal qanun pozuntusudur. Belə ki, Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru, polis leytenantı X8 inzibati qaydada protokol tərtib edərkən Şəxs ailə vəziyyətini tam olaraq araşdırmamış, himayəsində on dörd yaşınadək uşağının olmasını nəzərə almamış və inzibati qaydada tutulma tətbiq etmişdir. Məhkəmə protokol tərtib edən orqanın diqqətinə qanun pozuntusunu çatdırır və gələcəkdə bu kimi hallara yol verilməməsini tövsiyyə edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar