Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-171/2025 07.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), natamam orta təhsilli, subay, maşın ustası, deməsinə görə əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 07 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X10 tərəfindən tərtib olunmuş 07 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə 6-cı küçədə yerləşən Reyhan marketin qarşısında saxlanılması zəruri olan nəqliyyat vasitəsini görən DYP əməkdaşının xidməti vəzifələrinin icrasına maneə olan vətəndaş Şəxs səs-küy salmış onun qanuni tələblərinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dostunun ad günü olduğunu, kafedə oturduqlarını, içki içdiyini, başqa dostunun ona zəng etdiyini, avtomobilinin işığının yanmadığını və onu düzəltməsini istədiyini, özünün maşın ustası olduğunu, gəlməsini və düzəldə biləcəyini dediyini, avtomobilin işığını düzəltdiyini, sonra özünü də aparıb evə qoymasını dediyini, avtomobillə gedən zaman marketdən siqaret və su almaq üçün düşdüklərini, polis əməkdaşı Rzanın onlara “siz nə etmisiniz, bütün şəhər sizi axtarır” dediyini, özünün də heç nə etmədiklərini bildirdiyini, qırmızı işıqda keçdiklərini dediyini, özünün də “qırmızı işıqda keçib, cəriməsini yazın ödəyər” dediyini, avtomobili duracağa aparmaq istədiklərini, aralarında mübahisə yarandığını, başqa polis əməkdaşlarını çağırdıqlarını, onlar gələn zaman Rza adlı polis əməkdaşının ona şillə vurduğunu, özünün də onu itələdiyini, polis maşınına mindirmək istədiklərini, özünün də “içkiliyəm gözləyin nəfəs alım” dediyini, polis əməkdaşlarının buna məhəl qoymadığını, onu avtomobilə mindirib polis şöbəsinə apardıqlarını, 1 gün orada saxladıqlarını, özünün oxuya və yaza bilmədiyini, izahatını özünün yazmadığını, polis əməkdaşının yazdığı izahata qol çəkib gəldiyini, polis şöbəsində su istədiyini, vermədiklərini, başını qapıya çırpdığını, bundan sonra su verdiklərini, özünün hal-hazırda cəza çəkdiyini, oğurluq hadisəsinə görə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, 3-cü dərəcəli əlilliyinin olduğunu, törətdiyi əməldən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X10 məhkəmə iclasında verdiyi izahatında hadisəni şahidlərin izahatından və kamera görüntülərindən gördüyünü, şəxsin mübahisə yaratdığını, polis əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə maneçilik törətdiyini, şəxsin sərxoş vəziyyətdə qeyd olunan əməli törətdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X5 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2025-ci il tarixdə YPX əməkdaşlarının radiostansiya vasitəsilə məlumat verdiklərini, iki nəfər şəxsin polis əməkdaşlarına tabe olmadığını bildirdiklərini, özlərinin də yaxınlaşdıqlarını, iki nəfər şəxsin ictimai asayişi pozduqlarını, ucadan səs-küy saldıqlarını və polisin qanuni tələbinə tabe olmadığını gördüklərini, onları polis şöbəsinə dəvət etdiklərini, onlara polis avtomobilinə əyləşmələrini dediklərini, onların ilk olaraq etiraz etdiklərini, əyləşmək istəmədiklərini, sonra özlərinin əyləşdirdiklərini, onları polis şöbəsinə apardıqlarını, onların sərxoş vəziyyətində olduqlarını, həmin şəxslərdən birinin Şəxs olduğunu bildirdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşı Məhərrəmov Rzanın onları çağırdığını, Reyhan marketin yanına getdiklərini, digər polis əməkdaşı olan Rəşidlə getdiklərini, Məhərrəm adlı şəxs ilə polis əməkdaşı Məhərrəmov Rzanın arasında mübahisə yarandığını gördüklərini, iki nəfər şəxsin gecə vaxtı ictimai asayişi pozduqlarını, söyüş söydüklərini, onları polis şöbəsinə dəvət etdiklərini, onlara polis avtomobilinə əyləşmələrini dediklərini, onların ilk olaraq etiraz etdiklərini, əyləşmək istəmədiklərini, sonra özlərinin əyləşdirdiklərini, onları polis şöbəsinə apardıqlarını bildirdi. X6 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2025-ci il tarixdə axşam saat 11 radələrində bir nəqliyyat vasitəsinin işıqforun qadağanedici işığında keçdiyini, özlərinin “saxla” işarəsi verdiklərini, sürücünün məhəl qoymadığını, avtomobili çox sürətli sürməyə davam etdiyini, qəza törənməməsi üçün özlərinin artıq avtomobilin arxasınca getmədiklərini, bu hadisədən 1 saat yarım sonra həmin avtomobili Reyhan marketin qarşısında gördüyünü, sürücüyə işıqforun qadağanedici işığında keçdiyini, avtomobili sürətli sürdüyünü bildirdiyini, sürücünün təqsirini qəbul etdiyini, ancaq avtomobildə olan qadının polislərin onu görsə tanıyacağını, avtomobili saxlamamasını bildirdiyini, özünün də bu səbəbdən avtomobili saxlamadığını, avtomobildə olan Məhərrəm adlı şəxsin və adını bilmədiyi digər şəxsin avtomobildən düşdüyünü, kameraya çəkdiyini, onu təhdid etdiklərini, “gör sənin başına nə oyun açacağıq” dediyini, özünün onlara “sizlik bir şey yoxdur, biz sürücünü axtarırdıq” dediyini, Məhərrəmin içkili olduğunu, sonra post patrul əməkdaşları çağırdığını, Məhərrəmin səs-küy yaratdığını, təhdid etdiyini, söyüşlər söydüyünü, nalayiq ifadələr işlətdiyini, onlara ətrafda vətəndaşların olduğunu bildirdiyini, həmin vaxt özünün xidməti geyimdə olduğunu, Məhərrəmin ona “sən kimsən cərimə yaza bilməzsən” dediyini, özünün Məhərrəmə şillə vurmadığını, sadəcə aralarında itələşmə olduğunu, sonra onları polis şöbəsinə dəvət etdiklərini, onlara polis avtomobilinə əyləşmələrini dediklərini, onların ilk olaraq etiraz etdiklərini, əyləşmək istəmədiklərini, sonra özlərinin əyləşdirdiklərini, onları polis şöbəsinə apardıqlarını bildirdi. X3 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2025-ci ildə xidmətdə olduqları zaman qarşıda hərəkətdə olan avtomobilin sol farasının yanmadığını müşahidə etdiklərini, həmin nəqliyyat vasitəsinin işıqforun qadağanedici işığında keçdiyini, özlərinin “saxla” işarəsi verdiklərini, sürücünün məhəl qoymadığını, avtomobili çox sürətli sürməyə davam etdiyini, qəza törənməməsi üçün özlərinin artıq avtomobilin arxasınca getmədiklərini, 1 saat yarım sonra polis əməkdaşı X16 marketin qarşısında həmin avtomobili saxladığını, ona tabesizlik göstərdiklərini, sonra Rzanın onları çağırdığını, özünün oraya yaxınlaşanda Rza ilə Məhərrəmin mübahisə etdiyini gördüyünü, ucadan səs-küy saldıqlarını, sonra post patrul əməkdaşları çağırdıqlarını, özünün Məhərrəm ilə qonşu olduğunu, Məhərrəmin ona cəriməsi olduğunu dediyini, özünün də cavabında “Rza yazmayıb ki, o cəriməni, kim yazıb get onunla danış” dediyini, şəxsi polis şöbəsinə dəvət etdiklərini, onlara polis avtomobilinə əyləşmələrini dediklərini, onların ilk olaraq etiraz etdiklərini, əyləşmək istəmədiklərini, sonra özlərinin əyləşdirdiklərini, onları polis şöbəsinə apardıqlarını bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində Məhərrəmin usta olduğunu, Tüstü kafenin qarşısında avtomobilinə baxdığını, sonra ona “gözlə məni və dostum Orucu də evə qoy” dediyini, sonra Reyhan marketin qarşısında Rza adlı polis əməkdaşının onları saxladığını, “bütün şəhər sizi axtarır, qırmızı işıqda keçmisiniz” dediyini, özünün də cavabında “cəriməsi nədirsə ödəyərəm” dediyini, avtomobilin duracağa getməli olduğunu dediyini, Məhərrəmin də “bunun maşını 2 gündür çıxıb içəridən, kasıb uşaqdır” dediyini, Məhərrəm ilə polis əməkdaşının arasında mübahisə yarandığını, post patrul əməkdaşlarının gəldiyini, həmin vaxt itələşmə olduğunu, Rza adlı polis əməkdaşının Məhərrəmi vurduğunu, Məhərrəmin də onu itələdiyini bildirdi. X11 məhkəmə iclasında verdiyi ifadəsində 5-ci gün Tüstü kafedə Məhərrəmlə ad günündə olduqlarını, Məhərrəmə zəng gəldiyini, Məhərrəmin ona “bir avtomobilin farasında problem var, düzəldim, gedək evə” dediyini, sonra gedərkən Reyhan marketin qarşısında polis əməkdaşının özünü təqdim etmədən “bütün şəhər sizi axtarır” dediyini, Məhərrəmin də “biz nə etmişik ki, bütün şəhər bizi axtarır” dediyini, polis əməkdaşının da “qırmızı işıqda keçmisiniz” dediyini, sonra mübahisə yarandığını, polis əməkdaşının ekipaj çağırdığını, polis əməkdaşının Məhərrəmə şillə vurduğunu, özünün polis avtomobilinə könüllü əyləşdiyini, Məhərrəmin də telefonla danışdığını, telefonla danışıb keçəcəyini bildirdiyini, həmin vaxt səs-küy yarandığını, içkili olduqlarını bildirdi. İş materiallarında olan 05 aprel 2025-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin DYPB-nin YPX-nin polis baş serjantı X14 tərəfindən verilən raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində ** BH *** dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı avtomaşın onun dayan tələbinə məhəl qoymamışdır. Bundan sonra həmin avtomaşın gəlib Reyhan marketin qabağında saxlamışdır. O, öz növbəsində sürücüyə yaxınlaşıb özünü təqdim etmişdir. Sürücü öz etdiyi qanunsuzluğu boynuna almışdır. Bu zaman həmin avtomaşından 2 nəfər düşərək ona “sən kimsən” deyib onu təhqir edərək üstünə gəlmişdir. Ona qarşı nalayiq ifadələr işlədərək ünvanına söyüşlər söymüşlər. O da radio vasitəsi ilə Qalaya bu haqda məruzə etmiş və kömək istəmişdir. Bu zaman PPX əməkdaşları həmin ünvana yaxınlaşıb onu təhqir edənləri avtopatrullara mindirib Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişlər. İş materiallarında olan 05 aprel 2025-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin postpatrul xidmət bölüyünün manqa komandiri, polis baş serjantı X13 tərəfindən verilən raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:25 radələrində ona növbətçi hissədən radio stansiya vasitəsi ilə məlumat verilmişdir ki, Reyhan marketin qabağında 2 nəfər vətəndaş YPX əməkdaşlarına tabe olmur. Onlar da ** AP *** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan polis serjantı Məmmədov Firudin və ** AP *** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan manqa komandiri, polis baş serjantı Məmmədov Arzu, polis baş serjantı Orucov İlkin və polis serjantı Allahverdiyev Sənan ilə birlikdə həmin ünvana yaxınlaşmışlar. Vətəndaşlar polisin qanuni tələbinə tabe olmayıb mübahisə yaradıb tabesizlik etmişlər. Onların bu hərəkətlərinə məhəl qoymamış və qanun çərçivəsində avtopatrullara mindirib Naxçıvan Şəhər Polis İdarəsinə gətirib növbətçi hissəyə təhvil vermiş, növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1991-ci il təvəllüdlü 11-ci məhəllə, ev 56 ünvanında qeydiyyatda olan Şəxs, xx.xx.1999-cu il təvəllüdlü Heydər Əliyev prospekti, ev 44, mənzil 10-da qeydiyyatda olan X17r. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 07 aprel 2025-ci il tarixdə, saat 14:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 05 aprel 2025-ci il tarixli çıxarışdan görünür ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilməsi nəticəsində Şəxs həqiqətən də alkoqol şərxoşluğu vəziyyəti müəyyən edilmiş və müayinənin nəticəsi 1.961 promildir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsini nəzərə alan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi iş üzrə ağırlaşdırıcı haldır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halı və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinin tələbini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada tutulduğundan cərimənin məbləği 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-171/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-171/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver