Məhkəmə qərarları › İş №3(078)-173/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-173/2024

13.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-173/2024 13.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X3 məhkəmə iclas katibliyi ilə, xx xxx 1991-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X7 Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 12 aprel 2024-cü ildə, saat 00:10-da 257 saylı Bakı-Naxçıvan reysi ilə səyahət edən 1 nəfər şəxs hava gəmisində təhlükəsizlik kəmərinin bağlamaqdan imtina edərək və hava gəmisinin daxilində siqaret çəkməyə cəhd göstərərək hava gəmisinin heyət üzvünün tələblərinə tabe olmadığına görə təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən aktla polisə təhvil verilmişdir. Şəxs barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirildiyi zaman, uca səs salaraq onlarla getməkdən imtina etməyə çalışmış, şəxsi nizamintizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərmişdir. Polis Şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün məhkəmədə verdiyi izahatı və şahidlərin izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 10 aprel 2024-cü ildə bacısının övladının ad gününü qeyd etmək üçün Bakı şəhərinə getdiyini, 11 aprel 2024-cü ildə ad gününü qeyd etmək üçün Bakı şəhərində yerləşən adını bilmədiyi restoranda yeyib-içdikdən sonra bacısıgilin yaşadığı evlərinə getdiyini, daha sonra həmin gün gecə 257 saylı Bakı-Naxçıvan aviareysi ilə saat təxminən 23:15-də Naxçıvan şəhərinə gəldiyini, ad günündə həddən artıq spirtli içki qəbul etdiyini, təyyarədə siqaret çəkmək istəyən zaman təyyarə bələdçisinin ona xəbərdarlıq edərək siqaret çəkməyin qadağan olduğunu bildirdiyini, X9 Limanına çatdığı zaman polis əməkdaşlarının ona yaxınlaşaraq polis şöbəsinə dəvət etdiklərini, daha sonra ondan xəstəxanada sidik analizi götürdüklərini, analizin nəticəsinə görə narkotik qəbulu aşkar olunduğunu, narkotik istifadə etmədiyini, ola bilsin ki, Bakıda yeməkxanada nə isə versinlər, sərxoş olduğundan polislərə tabe olub-olmamağını xatırlamadığını, əməlindən peşman olduğunu, bir daha bu kimi əməllərə yol verməyəcəyini, yüngül cəza verilməsini xahiş etdi. X6 məhkəmədə şahid qismində verdiyi izahatında, 12 aprel 2024-cü ildə Hava Limanının qarşısında Bağırov Məhəmmədəli ilə birlikdə xidmət aparan zaman 257 saylı reysdən təhlükəsizlik xidmətinin əməkdaşının bir nəfər şəxsi onlara təhvil verdiyini, onun təhlükəsizlik kəmərini bağlamadığını, təyyarədə siqaret çəkməyə cəhd etdiyini dediyini, onu təhvil aldıqlarını, şəxsin həddindən artıq spirtli içki qəbul etdiyini, onların qanuni tələbinə tabe olmadığını, onlara müqavimət göstərdiyini, qaçmaq istədiyini, şöbəyə getmək istəmədiyini, şəxsi şöbəyə gətirdikdən sonra narkotik vasitələrin qəbulunda əsaslı şübhələr yarandığından onu müvafiq analizə apardıqlarını və yoxlamalardan sonra onun sidiyindən morfinin müsbət aşkar olunduğunu bildirdi. X4 məhkəmədə şahid qismində verdiyi izahatında, 12 aprel 2024-cü ildə Hava Limanının qarşısında Novruzov Rövqan ilə birlikdə xidmət aparan zaman 257 saylı reysdən təhlükəsizlik xidmətinin əməkdaşının bir nəfər şəxsi onlara təhvil verdiyini, onun təhlükəsizlik kəmərini bağlamadığını, təyyarədə siqaret çəkməyə cəhd etdiyini dediyini, onu təhvil aldıqlarını, şəxsin həddindən artıq spirtli içki qəbul etdiyini, onların qanuni tələbinə tabe olmadığını, onlara müqavimət göstərdiyini, qaçmaq istədiyini, şöbəyə getmək istəmədiyini, şəxsi şöbəyə gətirdikdən sonra narkotik vasitələrin qəbulunda əsaslı şübhələr yarandığından onu müvafiq analizə apardıqlarını və yoxlamalardan sonra onun sidiyindən morfinin müsbət aşkar olunduğunu bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı, şahidlərin izahatları və iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 687 nömrəli, 13 aprel 2024-cü il tarixli məktubuna əsasən, dispanserdə narko-test üsulu müayinə nəticəsində Şəxs 12 aprel 2024-cü il tarixdə götürülmüş sidik nümunəsində MOP (morfin) müsbət aşkar olundu. AMP (- ), MDMA (-), OPİ (-), BUP (-), PCP (-), BZO (-), COC (-), MTD (-), BAR (-), MET (-) aşkar olunmadı. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X5 tərəfindən 13 aprel 2024-cü il tarixdə verilmiş 132 nömrəli rəyə əsasən, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulu inkar edilmir. Şəxs 12 aprel 2024-cü il tarixdə Y.Budaqov adma Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MOP (morfin) müsbət aşkar olunmuşdur. 12 aprel 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 12 aprel 2024-cü il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin etirafını, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 12 aprel 2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar