Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-178/2025 23.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 21 mart 2025-ci il tarixli, EQ seriyalı, 26817133 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X3 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, DYP tərəfindən ona yazılan EQ26817133 saylı protokolla bağlı icraatda olan xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X3 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təqribən saat 16:46 radələrində özünə məxsus dövlət qeydiyyat nişanı ** BG *** olan Opel İnsignia markalı avtomobillə Naxçıvan şəhərində Xatirə muzeyi istiqamətində hərəkətdə olarkən sürət həddi 50 km saat olan yolda avtomobili 60 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt ona qarşı istiqamətdə hərəkət edən DYP-nin Mersedes markalı avtomobilində yerləşdirilmiş qurğu vasitəsilə avtomobilinin sürəti 73 km/saat müəyyən edilərək İXM-nin 328.2-ci maddəsilə hərəkət sürəti 50 km/saat nəzərdə tutulmuş yolda sürət həddini (21-40) km/saat aşdığına görə EQ26817133 saylı elektron protokol tərtib edilərək 50 (əlli) manat cərimə yazılmış və saat 18:03 radələrində Asan Pay vasitəsilə ona SMS-lə məlumat göndərilmişdir. Özünün avtomobilində hərəkət sürətini müəyyən edən, GPS-lə işləyən və saatı düzgün əks etdirən videoregistrator var. Bu qurğu vasitəsində göstərilən sürət özünün avtomobilinin sürətilə təqribən üst-üstə düşür və ya 3-5 km/saat az olur. Qeyd olunan hadisə zamanı hərəkət sürətinin 60 km/saat olduğunu göstərən video yazıları da mediafire.com web sayıtına yükləyərək sübut üçün endirmə linklərini (https://www.mediafire.com/file/pvbzxoa6dxnpo04/2025-03-21-16-45-36.MP4/file, https://www.mediafire.com/file/jkl7i84p053hprd/2025-03-21-16-46-36.MP4/file) təqdim etmişdir. Şikayətinin əsas mahiyyəti ondan ibarətdir ki, düzgün halda ona DYP tərəfindən İXM-nin 328.1-ci maddəsilə sürət həddi 50 km/saat nəzərdə tutulmuş yolda sürət həddini (10-20) km/saat aşdığına görə 10 manat cərimə yazılmalıydı. Lakin ona İXM-nin 328.1-ci maddəsi ilə də cərimə yazıla bilməz. Çünki onun sürət həddini aşmağını DYP əməkdaşı öz polis avtomobilindən qeydiyyata almışdır. Belə olduğu təqdirdə "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinin Vİİ hissəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Əgər inzibati xəta xüsusi texniki vasitədən istifadə ilə aşkarlanmışdırsa, onda xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir və müvafiq sertifikatı olmalı və metroloji sınaqdan keçmiş ölçü cihazı olmalıdır. Lakin tərtib edilmiş protokolda və qərarda xüsusi texniki vasitələrin göstəriciləri əks etdirilməmiş, müvafiq sertifikatının olması əks etdirilməmişdir. Lakin DYP-nin ona göndərdiyi fotoşəkildən də görünür ki, onun sürət həddini ölçdüyü yerdən (yaşayış məntəqəsindən kənarda) ***-**** m qabaqda hər ansı bir radarın mövcudluğuna dair nişan (radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı) quraşdırılmamışdır. Əgər quraşdırılmışdırsa, bunu sübut etmək yükü inzibati xəta haqqında protokol yazan DYP əməkdaşının üzərinə düşür. Göstərilənlərə əsasən onun sürət həddinin aşmasına dair DYP əməkdaşının öz avtomobilindən apardığı çəkiliş, sürəti müəyyən etmək barədə sübutu, həmin yolda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı olmadığından, belə vəziyyətdə toplanan sübut qanunun pozulması ilə əldə edilmiş sübut sayılır. Həmçinin DYP avtomobilindəki xüsusi texniki qurğunun göstəriciləri protokolda (qərarda) əks etdirilməmiş, həmin qurğunun müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazı olmasına dair sübut yoxdur. Bu iki faktdan birinin mövcudluğu kifayət edir ki, iş üzrə icraata xitam verilsin. Çünki qanunun pozulması ilə əldə edilmiş sübutla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə vəziyyətdə şəxsin inzibati xəta törətməsində təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə, İXM-nin 53.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən şikayət vermiş şəxs X3 izahatında 21 mart 2025-ci il tarixdə, saat 16:46-da Xatirə muzeyi tərəfdə avtomobili ilə hərəkətdə olan zaman avtomobili 60-70 km/saat sürətlə idarə etdiyini, ancaq tərtib edilmiş qərarda sürətinin 73 km/saat göstərildiyini, özünün sürət həddini təxminən 10 km/saat aşdığını, həmin əsasda 10 manat miqdarında cərimələnməli olduğunu, inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulduğunu, radar işarəsinin qeyd edilməli olduğunu, həmçinin qanunun tələbinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazlarının xüsusi texniki vasitələr adlandığını, özünün qərarı aprelin 3-4-ü aldığını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəricilərinin inzibati xəta haqqında iş üzrə protokolda, inzibati xəta haqqında iş üzrə qərarda qeyd edilməli olduğunu, ancaq qeyd edilmədiyini, özünün avtomobilində hərəkət sürətini müəyyən edən, GPS-lə işləyən və saatı düzgün əks etdirən videoregistrator olduğunu, polis avtomobilinin yanından keçərkən həmin cihazın saatı 16:45 kimi göstərdiyini, ancaq qərarda inzibati xətanı 16:41-də törətdiyinin göstərildiyini, qərarda ölçü cihazının markasının, modelinin göstərilmədiyini, özünün qərardan şikayət verdiyini, qərarla müəyyən edilmiş cərimənin üzərinə faiz gəldiyi üçün qərarı icra etdiyini, cəriməni ödədiyini bildirmişdir. 18 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən barəsində şikayət verilən qərarı tərtib edən orqanın nümayəndəsi X5 izahatında sistemdə heç bir problem olmadığını, aşılan sürət həddinin də, saatın da düzgün göstərildiyini, şəxsə qərarın, videogörüntülərin göndərildiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 21 mart 2025-ci il tarixli, EQ seriyalı, 26817133 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, 21 mart 2025-ci il tarixdə, saat 16:41:48-də “Opel İnsignia” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 yolda müəyyən edilmiş hərəkət sürətini 23 km/saat həddində aşmışdır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin P101800095 nömrəli kamerasından 21 mart 2025-ci il tarixdə, saat 16:41:48-də çıxarılmış fotoşəkillərdən və video görüntüdən görünür ki, “Opel İnsignia” minik markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü sürət limiti 50 km/saat olan ərazidə faktiki 73 km/saat sürətlə hərəkət edərək sürət həddini aşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə şikayət verənin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən dövlət orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Şikayətin təmin edilməməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 327.1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) və inzibati cərimənin məbləği və ödənilməsi qaydası da göstərilir. Qeyd edilən 21 mart 2025-ci il tarixli, EQ seriyalı, 26817133 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, elektron qərar tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələblərinə əməl edilmiş, həmin sənədlərdə X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmuş, protokolu tərtib edən orqan şikayət verən şəxsin təqsirini təsdiq edən sübutları, şəxsin həqiqətən hərəkət sürətini 23 km/saat həddində aşmasını təsdiq edən materialları məhkəməyə təqdim etmişdir. Beləliklə də həmin inzibati xəta əməlinin baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 21 mart 2025-ci il tarixli, EQ seriyalı, 26817133 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 21 mart 2025-ci il tarixli, EQ seriyalı, 26817133 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-178/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-178/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver