Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-183/2024 25.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X16 və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, Şikayət vermiş şəxs X16 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji ekspertiza, Ətraf Mühitə və X10 Nəzarət Xidmətinin 05 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X22 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, əməlində inzibati xəta tərkibinin olmadığını və ümumiyyətlə ortada hər hansı inzibati xəta hadisəsinin olmadığını nəzərə alaraq Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji ekspertiza, Ətraf Mühitə və X10 Nəzarət Xidmətinin 05 aprel 2024-cü il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarını ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X22 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, təxminən 4 il əvvəl Naxçıvan şəhər Hacıniyyət kəndində yerləşən ona məxsus yaşayış sahəsinin qapısının ağzına yaşıllıq məqsədilə ağac və gül kolları əkmişdir. 2021-ci ilin aprel ayında güclü külək nəticəsində ona məxsus evin dam örtüyünə ziyan dəymiş və bununla bağı olaraq ona 665 manat sığorta ödənişi edilmişdir. Eyni zamanda həmin təbii fəlakət zamanı evinin dam örtüyü yuxarıda qeyd etdiyi 1-2 illik ağac bitkisinin üzərinə düşərək yerdən 40- 50 sm hündürlükdə qırılmasına və qabığından asılı vəziyyətdə qalmasına səbəb olmuşdur. O həmin ağacı qorumaq və yenidən pöhrələməsi üçün, həmçinin yola düşdüyü üçün avtomobillərin gediş gəlişinə maneə yaratmasın deyə külək qırdığı yerdən, yəni yerdən 40- 50 sm hündürlükdən qırıb atmışdır. Bu hadisəni həmin vaxt polis sahə rəisi işləyən X6 və kəndin icra nümayəndəsi X24 və sığorta agentliyinin işçisi X15 gəlib görmüş və şahid olmuşlar. Həmin ağac qabığı qopduğu üçün həmin il və sonrakı il pöhrələməsə də, halhazırda ağac yenidən pöhrələnmiş və məhv olmasının qarşısı alınmışdır. 2024-cü ilin mart ayında Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji ekspertiza, Ətraf Mühitə və X10 Nəzarət Xidmətinin əməkdaşları gələrək ona demişlər ki “sən bu ağacı kəsmisən”. O da cavabında onlara “özüm öz əkdiyim ağacı niyə kəsim? ağacın qırılmasına güclü külək səbəb olmuşdur və əgər kəsmək niyyətim olsa yerdən 40-50 sm hündürlükdə yox, dibdən kəsərdim” desə də, buna əhəmiyyət verməyərək və şahid kimi təqdim etdiyi həmin vaxt polis sahə rəisi işləmiş X1, kəndin icra nümayəndəsi X19 və sığorta agentliyinin işçisi X9 şahid kimi ifadəsinə istinad etməyərək, hadisənin səbəbi araşdırılmadan, məsələyə səthi yanaşaraq inzibati protokol tərtib etmişlər. 8 aprel 2024-cü il tarixdə yaşadığı ünvana “İnzibati tənbeh vermə haqqında” 05 aprel 2024-cü il tarixli, ******* nömrəli qərar göndərilmiş və həmin qərarla onun 2000 manat inzibati qaydada cərimə olunmağı qərara alınmışdır. Barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsində (götürülməsində) və ya məhv edilməsində təqsirli bilinir. Həmin maddənin mahiyyətindən göründüyü üzrə qeyd olunan inzibati hüquq pozuntusu təqsirin qəsd forması ilə törədilən əməllərə aiddir və burada qəsd ağac və ya kol əkililərinin qanunsuz kəsilib götürülməsində və ya məhv edilməsində ifadə olunur. Belə olan halda sual yaranır ki, əgər onun həmin ağacı kəsib götürmək niyyəti olsa nəyə görə dibindən yox, yerdən 50-60 sm hündürdən kəsirdi? Yaxud məhv etmək niyyəti olsa o zaman necə olur hal-hazırda həmin ağac pöhrələmişdir. Fors-major hadisə nəticəsində qırılmış bir ağac necə ola bilər ki, qəsdən kəsilmiş hesab olunsun? Halbuki Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində əsasən yalnız qəsdən və ya ehtiyatsızlıqdan törədilən əməl inzibati xəta hesab olunur. Digər tərəfdən, “Yaşıllıqların mühafizəsi haqqında” qanunun 1.0.8-ci maddəsində yaşıllıqların məhv edilməsinin anlayışı verilir. Həmin maddəyə əsasən bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik) yaşıllıqların məhv edilməsi hesab olunur. Əgər o həmin ağacı kəsib məhv etmişdirsə hal-hazırda necə olur o ağac yenidən pöhrələyib və boy artmaqda davam edir? Yuxarıda qeyd etdiyi halları nəzərə aldıqda barəsində qəbul olunmuş qərarın heç də, ədalətli olduğu görünmür. Hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuzdur. Çünki fors-major hadisə nəticəsində sözügedən ağacın qırılması onun tərəfindən qəsdən qırılma kimi hesab edilməklə Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin hadisənin baş vermə halları və səbəbləri nəzərə alınmadan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmaqla İXM-nin 9-cu maddəsində nəzərdə tutulmuş ədalətlilik prinsipi pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X22 izahatında 2021-ci ilin aprel ayında baş vermiş güclü külək nəticəsində ona məxsus evin dam örtüyünə ziyan dəydiyini, həmin dam örtüyünün ağacın üzərinə düşərək qırılmasına səbəb olduğunu, həmin vaxt Ali Məclisin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının gəldiklərini, baxış keçirdiklərini, hətta ona ziyan dəydiyi üçün ona sığorta ödənişinin də edildiyini, ağacı qəsdən kəsmədiyini, ağacı özünün əkdiyini, ağac qırıldığı üçün onu kəsməli olduğunu, həyətinin yola yaxın olduğunu, o vaxt bu hadisəni çəkib saxlamaq lazım olduğunu düşünmədiyini, hətta NTV əməkdaşlarının çəkmək istədiyini, onun da lazım olmadığını dediyini, inzibati tənbeh verən orqan tərəfindən tərtib olunan aktı imzalamaq istəmədiyini, akta qeyd yazmaq istədiyini, ancaq icazə vermədiklərini, izahat almaq üçün çağıracaqlarını bildirdiklərini, ağacın qəsdən kəsilmədiyini bildirərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilən orqanın nümayəndəsi X7 izahatında Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji ekspertiza, Ətraf Mühitə və X10 Nəzarət Xidmətinin Naxçıvan şəhəri üzrə məsləhətçiləri X8 və X26 tərəfindən 20 fevral 2024-cü il tarixdə “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanununa müvafiq olaraq Naxçıvan şəhərində yoxlama və baxış apararkən X2 olduğu yaşayış evinin qarşısındakı bir ədəd yaş halda 8 sm diametrdə olan ağacı kəsdiyini, ağacın yerdən 66 sm hündürlükdə kəsildiyini və divardan 68 sm aralıda yerləşdiyini aşkar etdiklərini, bu halın yerində aktlaşdırıldığını, vətəndaşın imzası ilə təsdiq olunduğunu, ağacın yerləşdiyi torpaq sahəsinin vətəndaşın xüsusi mülkiyyətində olub-olmaması ilə bağlı baxış keçirildiyini, torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmadığının aşkar edildiyini, ağacın qəsdən kəsilməsi ilə bağlı başqa heç bir araşdırma aparmadıqlarını, bununla bağlı hər hansı sübutları olmadığını, vətəndaş əgər gəlib idarədə izahat versəydi hazırda məhkəmədə izahatında bildirdiyi halların nəzərə alına biləcəyini, iki akta istinad edərək protokol tərtib etdiklərini, başqa sübutlarının olmadığını bildirərək 05 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarın qanuni olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji ekspertiza, Ətraf Mühitə və X10 Nəzarət Xidmətinin 05 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X22 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 2000 (iki min) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji ekspertiza, Ətraf Mühitə və X10 Nəzarət Xidmətinin məsləhətçisi X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 şəhər, Hacıniyyət kəndində 20 fevral 2024cü il tarixdə meşə fonduna daxil olmayan bir ədəd yaş halda diametri 8 sm olan göyrüş ağacını kəsərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji ekspertiza, Ətraf Mühitə və X10 Nəzarət Xidməti tərəfindən verilmiş “Meşə fonduna daxil olmayan bələdiyyə mülkiyyətində yerləşən yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsinə dair” rəydə qeyd olunmuşdur ki, 18 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Naxçıvan şəhər Hacıniyyət kəndində bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində Naxçıvan şəhər Hacıniyyət kənd sakini X22 tərəfindən ağacın kəsilməsi faktı aşkar olunmuşdur. İlkin araşdırma zamanı sözü gedən əraziyə baxış keçirilərkən yaş halda 1 (bir) ədəd diamteri 4,1-8 sm olan göyrüş ağacının kəsilməsi aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarına uyğun olaraq yaş halda 1 (bir) ədəd göyrüş ağacının kəsilməsi nəticəsində dəymiş ziyan 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları məsləhətçi Elməddin Şahgəldiyev və məsləhətçi Azər Vəliyev tərəfindən tərtib olunmuş 20 fevral 2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji ekspertiza, Ətraf Mühitə və X10 Nəzarət Xidmətinin Naxçıvan şəhəri üzrə məsləhətçiləri X8 və X26 tərəfindən 20 fevral 2024-cü il tarixdə “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanununa müvafiq olaraq Naxçıvan şəhərində yoxlama və baxış apararkən X2 olduğu yaşayış evinin qarşısındakı bir ədəd yaş halda 8 sm diametrdə olan ağacı kəsdiyini aşkar etmişlər. Ağac yerdən 66 sm hündürlükdə kəsilmişdir. Divardan 68 sm aralıda yerləşir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlanmış 01 mart 2024-cü il tarixli, 24/273 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 1-6 fevral 2024-cü İİ tarixdə Kəngərli rayon Xok kəndi ərazisində və 20 fevral 2024-cü il tarixdə Naxçıvan şəhər Hacıniyyət kəndi ərazisində yaş halda ağacların kəsildiyi faktı aşkar edilmişdir. Kəsilən ağacların yerləşdiyi ərazinin mülkiyyət növünün müəyyənləşdirilməsi məqsədilə qeyd olunan ünvana baxış keçirilməsi üçün nümayəndənin ayrılması və bu barədə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilməsi xahiş olunur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 18 mart 2024-cü il tarixli, 03/58 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan şəhərinin Hacıniyyət və Kəngərli rayonunun Xok kəndləri ərazisində kəsilən ağacların yerləşdiyi torpaq sahəsinin mülkiyyət növünün dəqiqləşdirilməsi məqsədilə əraziyə baxış keçirilməsində Xidmət Aparatının Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti sektorunun baş məsləhətçisi X13 iştirakı nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları məsləhətçi Elməddin Şahgəldiyev və məsləhətçi Azər Vəliyev tərəfindən tərtib olunmuş 18 mart 2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji ekspertiza, Ətraf Mühitə və X10 Nəzarət Xidmətinin Naxçıvan şəhəri üzrə məsləhətçiləri X26, X8 və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Aparatında Torpaqlardan İstifadəyə və onların mühafizəsinə dövlət nəzarəti sektorunun aparıcı məsləhətçisi X4 18 mart 2024-cü ildə ünvan 3 ünvanında yaşayan X16 yaşayış evinin yaxınlığındakı ağaca birlikdə təkrar baxış keçirmişlər. Əmlak Xidmətinin nümayəndəsi Saleh Salayevin həyətyanı torpaq sahəsini naturada yenidən ölçüb onlara nişanlarını yerində göstərmişdir. Onların apardıqları araşdırmadan məlum olmuşdur ki, bir ədəd yaş halda 8 sm diametrdə kəsilərkən yaş halda olmuş ağac bələdiyyə mülkiyyətində olmuşdur. Kəsilmiş ağac Saleh Salayevin şəxsi mülkiyyətində deyildir. Məhkəmə şikayət verənin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən dövlət orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Şikayətin təmin edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Qeyd edilən 05 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X22 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən orqan şikayət verən şəxsin təqsirini təsdiq edən sübutları, şəxsin ağacı qəsdən kəsməsini təsdiq edən materialları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən həmin materiallar tələb edilsə də məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi onların mövcud olmadığını və tərtib olunmuş iki aktdan başqa sübutları olmadığını demişdir. Beləliklə də həmin hadisənin baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X21 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli sayılmasına dair Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji ekspertiza, Ətraf Mühitə və X10 Nəzarət Xidmətinin 05 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X16 şikayəti təmin edilsin. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji ekspertiza, Ətraf Mühitə və X10 Nəzarət Xidmətinin 05 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-183/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-183/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver