Məhkəmə qərarları › İş №3(078)-209/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-209/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-209/2024 02.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şərur rayon Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-nə bilavasitə tabe olan X5 Polis Şöbəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİNnə bilavasitə tabe olan X5 Polis Şöbəsində tərtib olunmuş material 02 may 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X5 Polis Şöbəsinin rəisi polis polkovniki X4 tərəfindən tərtib olunmuş 02 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə hava limanı ərazisində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 2 ədəd növbə çekini 10 manat müqabilində satdıqları aşkar olunmuş və həmin vətəndaşlar polis şöbəsinə dəvət edilmişdir. Həmin şəxslərin Şəxs və X11 olması müəyyən edilmişdir. Polis şöbəsinə gətirilən zaman Şəxs və X11 şöbəyə gəlməkdən boyun qaçırmış və polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, taksilik edir. Hava limanına türk müştəri aparıb. Ondan “adamın var” soruşulduğunda o da “hə bir türk müştəri gətirmişəm” deyib. Türk ona dedi ki, “mən sıramdan tez bilet aldım”. Sonra onu polislər dindirdi. Polisə deyib ki, o heç kimə təşkil edib bilet satmır. Ona Polis İdarəsinə getməyi təklif etdikdə o da razılaşıb. O heç kimdən pul alıb bilet satmayıb. Sadəcə Türk gəldi ki, “mən sıramdan tez bilet aldım”. Bu şəxslərin öz aralarında bilet alver etdiyini bilməyib. Polis çağırdı ki, “gedək şöbəyə” o da “yaxşı” deyib. Polisə qarşı heç nə etməyib. Məhkəmə iclasında şahid qismində izahat verən X5 X1 polis nəfəri, X3 bildirmişdir ki, o, Ayazı çağırıb ki, belə etmisən. Türklə üzləşdirib. Ayaz dedi ki, “türkü gətirdim maşınımla”. Maqsudun yanında olan uşaq dedi ki, “kamera çəkməsin deyə bileti verir uşaq vasitəsilə türkə. Türk də pulu uşağa verib ki, versin Maqsuda”. Ayaz səs-küy salmadı. Ayazın heç bir hərəkətini görməyib. Məhkəmə iclasında şahid qismində izahat verən X5 X1 polis nəfəri, X6 bildirmişdir ki, şəxsi heç görməyib. Ancaq Maqsudu görüb. Məhkəmə iclasında şahid qismində izahat verən AZAL-ın Silk Row aviaşirkətinin kassa üzrə növbə rəisi X7 bildirmişdir ki, şəxsi görüb. Çıxış qapısından çıxanda Pərvinə qarşı müqavimət göstərdi. Başqa heç nə görməyib. Məhkəmə iclasında şahid qismində izahat verən X10 Limanının Təhlükəsizlik Xidmətinin agenti X2 bildirmişdir ki, tam aparatdan keçmək istədi. O da deyib ki, “icazə yoxdur, olmaz”. O da səmimi razılaşıb kənara çəkildi. Sonra Türklə danışıb çölə çxdılar. Söhbətləşib getdilər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X5 Polis Şöbəsinin X1 polis nəfəri tərəfindən verilən raportda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə hava limanında 2 ədəd növbə çekini 10 manat müqabilində satdıqları aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən hallar məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İXMin 510 və 535.1-ci maddələri üzrə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. İnzibati xəta törədən şəxsə istinad edilən hər bir hüquq pozuntusu araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi həmin hüquq pozuntusunun mövcud olub-olmamasını, onu törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin pozuntuya görə təqsirləndirilən şəxsə ədalətli tənbeh tədbiri təyin edilməsi başlıca meyardır. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da hüquq pozuntusu törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, tənbeh tədbirinin düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində İnzibati Xətalar Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə ilk öncə inzibati xəta törətmiş şəxsə istinad edilən xırda xuliqanlıq əməlinə (İXM-in 510-cü maddəsi) münasibətdə aşağıdakıları qeyd edir. İXM-in 510-cü maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Cinayət qanunvericiliyində olduğu kimi, inzibati xətalar qanunvericiliyində də xırda xuliqanlıq, ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan inzibati xətalar ictimai qaydanın, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları əməllərdir. Xuliqanlıq əməlinin obyektiv cəhətdən dispozisiyasında şəxsin hərəkətləri üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı pozmalıdır; İkincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; Üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməməlidir. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti maneə yaradır və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq əməlinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu inzibati xətanın subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu xətanın motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hazırki inzibati xəta haqqında materiallara əlavə edilən sənədlər və eyni zamanda şahidlərin ifadələri inzibati xəta törətmiş şəxsin əməlində İXM-in 510-cu maddəsinin tərkibinin olmadığını təsdiq edir. Şahidlər üç polis əməkdaşlarıdır. Kənar müşahidəçinin olması, ətrafdakılar üçün narahatçılıq yaranması ilə bağlı heç bir sübut mövcud deyil. Bu halda həmin şahidlər maraqlı şəxslər hesab edilir və onların şəxsin ictimai qaydanı pozması barədə ifadələrinin heç bir hüquqi əhəmiyyəti yoxdur, hətta şahidlər ictima qaydanın pozulmadığını bildirirlər. Eyni zamanda İXM-in 535.1-ci maddəsinin dispozisiyasında bu xətanın mövcud olması üçün başlıca şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamadır. Yəni birincisi polis işçisinin tələbi qanuni olmalı, ikinci halda isə şəxs polis işçisinin həmin qanuni tələbinə qəsdən tabesizlik göstərməlidir. İşin araşdırılmış hallarından görünür ki, şəxsin hər hansı pozuntuya yol verməsi ümumiyyətlə işə baxılarkən sübut edilmir. Kamera görüntülərinin mövcud olması şahid tərəfindən bildirilsə də həmin görüntülər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 28 noyabr 2023-cü il tarixli 017453 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə təqsiri sübuta yetirilmədiyindən iş icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, 53.1.2, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə təqsiri sübuta yetirilmədiyindən iş icraata xitam verilsin. Şəxs dərhal azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar