Məhkəmə qərarları › İş №3(078)-210/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-210/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-210/2023 24.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Naxçıvan Neft və X6» Müəssisəsinin nümayəndəsi X3 iştirakı ilə Naxçıvan şəhəri, Ə.Qəmküsar, ev 2 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs “Naxçıvan Neft və X6” müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 25 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında yerləşən “Naxçıvan Neft və X6” Müəssisəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, “Naxçıvan Neft və X6” Müəssisəsinin (VÖEN **********) ünvanına 21 aprel 2023-cü il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsində “00024” nömrəli invoys əsasında 85AD565/85ZA606, 99DN352/99ZA452, 85AE064/85ZA737 nömrə nişanlı yük nəqliyyat vasitələri ilə idxal edilmiş “dizel yanacağı” yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinə baxmayaraq həmin mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə aidiyyatı gömrük orqanına təqdim edilməmişdir. Nəticədə “Naxçıvan Neft və X6” Müəssisəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Dövlət Gömrük komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Naxçıvan Neft və X6” Müəssisəsinin ünvanına 85AD565/85ZA606, 99DN352/99ZA452, 85AE064/85ZA737 nömrəli yük nəqliyyat vasitələrində “00024” nömrəli invoysla idxal edilən “dizel yanacağı” yükü xx.xx.2023-cü il tarixində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan respublikasının gömrük ərazisinə gətirilməsinə baxmayaraq həmin mallara dair gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixində aidiyyatı gömrük orqanına təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Naxçıvan Neft və X6» Müəssisəsinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında barələrində tərtib olunan protokol ilə razılaşmadıqlarını, hüquqi şəxsin təqsirli olmadığını, onların dizel yanacağını xarici ölkədən idxal etmədiklərini, həmin yanacağın Bakı şəhərindən göndərildiyini, yani idxal mal olmadığını, “Qırmızı körpü” gömrük məntəqəsində sənədləşmə aparılan zaman səhvən idxal mal kimi sistemə işləndiyini, buna görə də gömrük əməkdaşlarının həmin malı idxal mal kimi qiymətləndirib onların barəsində protokol tərtib etdiklərini, bununla bağlı “Qırmızı körpü”-yə, Azərbaycan Respublikası Dövlət Gömrük Komistəsinə yazılı müraciətlər edərək səhvliyin aradan qaldrılmasını xahiş etdiklərini, lakin onların müraciətlərinə heç bir cavab verilmədiyini, uzun illərdir ki, onların yanacaq gətirəndə heç bir gömrük bəyənnaməsi təqdim etmədiklərini, gələn malların daxili mal olduğunu nəzərə alaraq həmin mallara dair gömrük bəyannaməsi verməli olduqlarını düşünmədiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, “Naxçıvan Neft və X6” Müəssisəsinin nümayəndəsi X4 24 may 2023-cü il tarixli 18000-00465/23 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “Naxçıvan Neft və X6” Müəssisəsinin Azərbaycan Respublikasının İXMnin 493-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti kapitanı tərəfindən tərtib edilmiş raportdan görünür ki, “Naxçıvan Neft və X6” Müəssisəsinin (VÖEN **********) Gürcüstan Respublikasından idxal etdiyi “dizel yanacağı” yükü 21 aprel 2023-cü il tarixində 85AD565/85ZA606, 99DN352/99ZA452, 85AE064/85ZA737 dövlət nömrə nişanlı yük nəqliyyat vasitələri ilə ölkəyə daxil olmuşdur. Gətirilən mallara (malın barkodları- **********12355, **********12357, **********12360) dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən müəyyən olunmuş (15 gün) müddət ərzində gömrük orqanına təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Neft və X6” Müəssisəsinin Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Naxçıvan Neft və X6” Müəssisəsi Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “Naxçıvan Neft və X6” Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs “Naxçıvan Neft və X6” Müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar