Məhkəmə qərarları › İş №3(078)-22/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-22/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-22/2022 28.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Naxçıvan şəhərində doğulmuş (FİN xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 2 uşaq atası, orta təhsilli, Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olub, Naxçıvan şəhər Tumbul kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 28 fevral 2022-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru polis kapitanı X7 tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli 009927 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 28 fevral 2022-ci il tarixdə Naxçıvan şəhər İstiqlal küçəsində 89 nömrəli binanın arxa hissəsində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və bu zaman polis əməkdaşlarına qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 28.02.2022-ci il tarixdə Naxçıvan şəhər İstiqlal küçəsində 89 nömrəli binanın arxa hissəsində iş yoldaşları ilə birlikdə olarkən aralarında mübahisə yaranmış əsəbi olduğu üçün uca səslə səs-küy salaraq ictimai qaydanı pozmuş, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onu nizam-intizama dəvət etsə də, polisin qanuni tələbinə məhəl qoymamışdır. Şəxs etdiyi əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirməklə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə verən X1 28.02.2022-ci il tarixdə Naxçıvan şəhəri, İstiqlal küçəsində 89 nömrəli binanın arxa hissəsindən keçən zaman 3 nəfər tanımadığı şəxsin küçədə ucadan mübahisə edərək səs-küy saldığını, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onları nizam-intizama dəvət etdiyini, lakin həmin şəxslərin polisin qanuni tələbinə məhəl qoymadığını bildirdi. Məhkəmədə şahid qismində ifadə verən X8 28.02.2022-ci il tarixdə Naxçıvan şəhəri, İstiqlal küçəsində 89 nömrəli binanın arxa hissəsindən keçən zaman 3 nəfər tanımadığı şəxsin küçədə ucadan mübahisə edərək səs-küy saldığını, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onları nizam-intizama dəvət etdiyini, lakin həmin şəxslərin polisin qanuni tələbinə məhəl qoymadığını bildirdi. İş materiallarında olan 28.02.2022-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru polis kapitanı X7 tərəfindən verilən raportdan görünür ki, 28.02.2022ci il tarixdə xidməti ərazisində xidməti vəzifələrini yerinə yetirən zaman 3 nəfərin səs-küy salaraq ucadan danışdığını gördüyü üçün həmin şəxslərə yaxınlaşıb onlara etdiyi hərəkətə görə iradını bildirərək onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxslər öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni qanuni tələbinə tabe olmamışdır. Həmin şəxsləri Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişdir. Məlum olmuşdur ki, ictimai qaydanı pozan şəxslər Babək rayon Kültəpə kəndində qeydiyyatda olan və yaşayan X9, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X2 və ünvan 1 ünvanında qeydiyyatda olub, Naxçıvan şəhər Tumbul kəndində yaşayan Şəxsdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İş üzrə Naxçıvan MR ƏƏSM Nazirliyi Naxçıvan şəhər ƏSMM tərəfindən 28 fevral 2022-ci il tarixdə verilmiş 03/610 nömrəli arayışa əsasən Eminov X3 qeydiyyatda deyil və heç bir növ pensiya və müavinət almır. İş materiallarına əlavə olunmuş Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X13 tərəfindən 28 fevral 2022-ci il tarixdə verilmiş 384 nömrəli arayışın surətinə əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 28 fevral 2022-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal-inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsidir. İş üzrə məsuliyyəti yüngülləşdirən hal inzibati xəta törətmiş şəxsin əməlindən peşman olmasıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 28 fevral 2022-ci il tarixdə saat 12:30-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnsibati həbsin əvvəli 28 fevral 2022-ci il tarixdə saat 12:30-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar