Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-225/2024 03.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi X4 iştirakları ilə Naxçıvan şəhəri, N.Tusi, ev 7 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 20 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Naxçıvan şəhəri, N.Tusi, ev 7 ünvanında yerləşən «X3 və Qapaq» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, «X3 və Qapaq» Məhdud Məsuliyyətli Cəmiyyəti 20000.00 (iyirmi min) ABŞ dolları məbləğində vəsaiti 29 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20000.00 (iyirmi min) ABŞ dolları məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 30 aprel 2024-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da “X3 və Qapaq» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X8 izahatında X3 və Qapaq hüquqi şəxsi indiki adı Şəxs olan hüquqi şəxsi inzibati xətanın bilavasitə obyekti olan malların ölkəyə idxal edilməməsinin hazırki mülkiyyətçi hüquqi şəxsin mülkiyyətçisi olmadan əvvəl baş verdiyini, müqavilənin bağlandığı vaxt mülkiyyətçi olan şəxslərin isə bu barədə yeni mülkiyyətçiyə heç bir məlumat vermədiyini, təsisçinin dəyişməsinə görə hüquqi şəxsin hazırki protokol üzrə məsuliyyət daşımamalı olduğunu, ödəniş tapşırığı 29 aprel 2022-ci il tarixdə olsa belə, ödənişin son tarixinin müqavilədə 16 sentyabr 2022-ci il tarixi qeyd olunduğunu, əgər elə nəzərə alınsa 2 il müddətin hal-hazırda keçməmiş olduğunu, ancaq ödəniş tapşırığına görə hesablanıldığını bildiyini, həmin malların ölkəyə gətirilib gətirilməməsi ilə bağlı əllərində heç bir məlumat və sübutun olmadığını, hüquqi şəxsin də sadəcə adının və mülkiyyətçisinin dəyişildiyini, VÖEN-i də eyni qaldığını, ünvanı da eyni qaldığını, həmçinin bank tərəfindən onlara heç bir xəbərdarlıq olunmadığını, ən azından sadalanan hallara uyğun olaraq vəzifəli şəxs barəsində cərimə tətbiq edilməsini istədiklərini, çünki vəzifəli şəxs barəsində cərimə faizinin aşağı olduğunu bildirərək yeni mülkiyyətçinin malların ölkəyə idxal edilməməsindən xəbəri olmamasını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş sanksiyanın ən aşağı həddinin verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 izahatında yeni rəhbərliyin dövründə olmadığı üçün malların gətirilib-gətirilməməsindən məlumatının olmadığını, malların ölkəyə idxal edilməsinə dair sübutlarının olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokol və ona əlavə edilən sənədləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və müdafiəçisi tərəfindən məhkəməyə verilən izahatı araşdıraraq müəyyən edir ki, inzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs 20000.00 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini Bank hesabından 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən qanunvericiliklə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, 20000.00 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 28 fevral 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun (bundan sonra – Konvensiyanın 1 saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız aşağıdakı hallarda yol verilir: - qanunla müəyyən edilmişdirsə; - ictimai maraq kəsb edirsə; Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə ilk növbədə qanunauyğunluq tələbini ödəməlidir. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Qaydaların 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıdığı üçün həmin hüquqi normalar Konstitusiyanın 59 və 79-cu maddələrinin tələblərinə uyğun hesab edilməlidir. Şəxs Nizamnaməsinin 1-ci maddəsində qeyd olunmuşdur ki, Şəxs öz fəaliyyətini AR Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir. Cəmiyyətin hüquqi ünvanı AZ7000, ünvan 1edaksiyada olan Nizamnaməsidir. Cəmiyyətin əvvəlki adı xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış «X3 və Qapaq» Məhdud Məsuliyyətli Cəmiyyətidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müdafiəçisi və nümayəndəsi məhkəmə iclasında verdikləri izahatlarında 29 aprel 2022-ci il tarixdə xaricə köçürülmüş olan 20000.00 (iyirmi min) ABŞ dolları pul hesabına alınan malların ölkəyə köçürülüb-köçürülməməsinə dair həmin dövrdə təsisçi başqaları olduğu üçün məlumatları olmadığını, hal-hazırda təsisçinin dəyişdiyini və həmin malların ölkəyə köçürülməsinə dair hər hansı sübutları olmadığını, təsisçinin dəyişməsinə görə hüquqi şəxsin hazırki protokol üzrə məsuliyyət daşımamalı olduğunu bildirmişlər. Hal-hazırda təsisçinin dəyişməsinə görə hüquqi şəxsin hazırki protokol üzrə məsuliyyət daşımaması ilə bağlı nümayəndə və müdafiəçinin bildirdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, hüquqi şəxsin nizamnaməsindən də göründüyü kimi hüquqi şəxsin sadəcə adı və təsisçisi dəyişmişdir. Təsisçinin dəyişməsi isə hüquqi şəxsi əvvəlki dövrlər üzrə yaranmış hüquqpozmalara görə məsuliyyətdən azad etmir. İş materiallarına əlavə edilmiş 29 aprel 2022-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, «X3 və Qapaq» MMC 20000.00 (iyirmi min) ABŞ dolları məbləğində pulun öz hesabından “X6 ve Dış Ticaret LTD” Şirkəti hesabına köçürülməsi üçün Naxçıvan Bank ASCnə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, həqiqətən də 29 aprel 2022-ci il tarixdə 20000.00 (iyirmi min) ABŞ dolları məbləğində pul “X6 ve Dış Ticaret LTD” Şirkəti hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin müştərisi olan «X3 və Qapaq» MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasına malların alınması məqsədi ilə 20000 (iyirmi min) USD məbləğində avans ödənişi köçürülmüş, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənəd Banka təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğlər geri qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, aparılan araşdırma nəticəsində malların ölkə ərazisinə gətirilmədiyi öz təsdiqini tapır, yuxarıda qeyd olunanlardan da göründüyü kimi sərbəst dövriyyə üçün malların ölkəyə idxalını təsdiq edən sənəd gömrük bəyannaməsidir. Məhz buna görə də “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü yarımbəndində də qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalı ilə bağlı yalnız gömrük bəyannaməsinin banklara təqdim edilməli olduğu qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən isə malların ölkə ərazisinə gətirilməsini təsdiq edən gömrük bəyannaməsi təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxsnə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini, onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 20000.00 (iyirmi min) ABŞ dolları məbləğində valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi məbləğində, yəni 4000 (dörd min) ABŞ dolları məbləğində (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-225/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-225/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver