Məhkəmə qərarları › İş №3(078)-229/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-229/2023

03.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-229/2023 03.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: 03 iyun 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. Müəyyən edilmişdir ki, 01 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə gətirilmiş Şəxs üzərində aparılan şəxsi axtarış zamanı onun əyninə geyinmiş olduğu cins şalvarın arxa sağ cibindən 1 ədəd sellofan bükümdə kəskin iyə malik, narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, narkotik vasitənin götürülməsi barədə videogörüntü və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında Cahan Ticarət Mərkəzində tərəvəz məhsullarının satışı ilə məşğul olur, təxminən 3-4 il olar ki, narkotik vasitələrdən istifadə edir. Təxminən may ayının 20-də Bakı şəhərinə qızı tələbə olduğu üçün ona baş çəkməyə getmiş, Bakı şəhərində yaşayan və həkim işləyən dostu Namiqdən marixuana narkotik vasitəni almağına köməklik etməsini xahiş etmiş, o da tanımadığı bir şəxslə daşıaraq ona kart hesabı verərək həmin kart hesabına pul atmasını bildirmişdir. O da həmin hesaba “Milli ön” ödəmə terminalından 100 manat pul ödəmiş, həmin şəxs satdığı marixuananın yaxşı olduğunu dediyi üçün yenidən həmin hesaba 100 manat pul altmışdır. Həkim dostu ilə danışan zaman nömrəni ona verdiyi üçün pulu göndərəndən sonra marixuananı Bakı Medical Plazanın həyətində bir kolun dibinə atıb getdiyini və oradan götürməsini bildirmişdir. O həmin yerə gedib marixuananı oradan götürmüşdür. Həmin aldığı marixuanadan Bakı şəhərində olan zaman bir qədər istifadə etmiş, qalanını isə özü ilə Naxçıvan şəhərinə gətirmişdir. Naxçıvanda olanda bir qədər istifadə etmişdir. 01 iyun 2023-cü il tarixdə işə gedən zaman marixuananı cibinə qoyaraq götürmüş, həmin gün saat 17 radələrində iki polis əməkdaşı ona yaxınlaşaraq Nazirliyin binasına dəvət etmişdir. O gəldikdən sonra üzərində axtarış aparılmış və cibində olan bükümü polisə təhvil vermişdir. Narkotik vasitəni satmaq niyyəti olmamış, sadəcə şəxsi istifadəsi üçün saxlamışdır. Şəxs əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs 01 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, vəkilin, iki nəfər polis əməkdaşının iştirakı ilə videogörüntü ilə üzərində axtarış aparılmış, cibindən çıxan narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 553 nömrəli ekspert rəyinə əsasən Şəxs üzərindən götürülmüş təmiz çəkisi 4.266 qram bitki mənşəli kütlə narkotik təbiətıi çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Şəxs 02 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılması zərurəti aradan qalxdığından azad edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli 1376 nömrəli arayışdan görünür ki, Cəfərov X1 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər İdarəsindən heç bir növ pensiya almır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə almışdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İş üzrə şübhəli şəxsin tutma protokolundan aydın olur ki, Şəxs 01 iyun 2023-cü il tarixdə saat 17 radələrində tutulmuş, 02 iyun 2023-cü il tarixdə azad edilmişdir. Şəxs məhkəmədə verdiyi izahatında 01 iyun 2023-cü il tarixdən tutulduğunu bir gün müvəqqəti saxlama yerində, bir gün polis bölməsində saxlanıldığını, iki gün evinə getmədiyini bildirmiş, bu hal polis əməkdaşı tərəfindən təkzib edilməmişdir. Odur ki, məhkəmə tətbiq ediləcək inzibati həbsin müddətinin 01 iyun 2023-cü il tarixdən hesablanması nəticəsinə gəlir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanılması kamerasına saxlanılan xalis çəkisi 4.246 qram olan qurudulmuş marixuana narkotik vasitəsi müsadirə edilməli və məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 32 (otuz iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin müddəti 01 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 4.246 qram olan qurudulmuş marixuana narkotik vasitəsi müsadirə olunsun və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar