Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-229/2025 20.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 iştirakları ilə, xx.xx.1982-ci ildə Babək rayon, Cavidabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), natamam orta təhsilli, evli, 4 uşaq anası, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunda xadimə işləyən, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 20 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 14 mart 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə ərizə ilə Naxçıvan şəhər Polis İdarəsinə müraciət edərək Naxçıvan şəhər qəbiristanlığında anası mərhum X2 məzarının üzərində ümumi dəyəri 57 manat olan süni plastikdən hazırlanmış 2 ədəd dibçək və bir ədəd balaca səbətdə olan güllərin naməlum şəkildə oğurlandığını, bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bayram olduğu üçün qəbiristanlığa anasının məzarını ziyarət etmək üçün gedəcəyini, gül almaq üçün pulu olmadığını, buna görə də qəbiristanlıqdan götürdüyünü, digər qəbirləri də sildiyini, qarşılığında pul verdiklərini, həmin qəbri də sildiyini, 1 dibçək gülü götürdüyünü, gəlib görməsələr aparacağını, anasının qəbrinə qoymaq üçün götürdüyünü, səhvini başa düşdüyünü, 4 uşağı olduğunu, onlara baxmaq üçün hamının ona köməklik etdiyini, vurulan zərəri ödədiyini, bağışlanmağı istədiyini, bir daha belə bir hala yol verməyəcəyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında anasının xəstə olduğunu, ona 4 il özünün baxdığını, anasının yanvar ayının 8-i vəfat etdiyini, mart ayının 7-si qəbrini götürdüklərini, qəbrin üstünə güllər qoyduğunu, sonra gələndə həmin güllərin olmadığını gördüyünü, 102-yə zəng etdiyini, polis əməkdaşları gəldiyini, qəbrin üstünə zənbil qoyduğunu, üzərinə anasının adını yazdırdığını, həmin gün Nubarın 2 dəfə anasının qəbrindən oğurluq etdiyini, bir dəfə 2 güldanı oğurladığını, sonra da özünün gəlib Nubarın anasının qəbrinin yanında olduğunu gördüyünü, özünün videoçəkiliş apardığını, ondan nə etdiyini soruşduğunu, onun da dəsmalı götürüb qəbri sildiyini dediyini, yalan dediyini, yanında bir çanta olduğunu, güldanları və s. onun içinə yığıb oğurladığını, şəxsin ilk dəfə oğurluq etmədiyini, illərdir qəbirlərdən oğurluq etdiyini dediklərini, uşağının da hətta həmin gülləri aparıb bazarda satdıqlarını dediyini, nə güldanların, nə də güllərin ona təhvil verilmədiyini, şəxsi bağışlamadığını, şəxs 60 manat dəymiş ziyanı ödəsə də onu bağışlamadığını, cəzalandırılmasını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 dibçəklərin özlərinə təhvil verilmədiyini, ancaq verildikdən sonra zərərçəkmiş şəxsə qaytarılacağını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 15 aprel 2025-ci il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış HKpi-365/25 №-li material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və toplanmış HKpi-365/25 nömrəli material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 336 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilməyən 01 ədəd plastik materialdan hazırlanmış, balaca səbətin içərisində olan qızılgül formalı süni güllərin 2025-ci ilin mart ayına olan orta bazar qiyməti (nəzəri qaydada) 15.00 manat, 02 ədəd şüşə dibçəkdə olan plastik materialdan hazırlanmış qızılgül formalı süni güllərin isə orta bazar qiyməti (nəzəri qaydada) 20.00 manat müəyyən olunmuşdur. İş materiallarında olan 20 may 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə ərizə ilə Naxçıvan şəhər Polis İdarəsinə müraciət edərək 14 mart 2025-ci il tarixdə Naxçıvan şəhər Polis İdarəsinə etdiyi şikayət ərizəsi ilə bağlı işinə baxılmasını və qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 10 avqust 2020-ci il tarixli, AZ-İV seriyalı, 463730 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Şəxs 04 iyul 2020-ci il təvəllüdlü X5 adlı övladları vardır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, yuxarıda göstərilən doğum haqqında şəhadətnamənin surətindən də göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində on dörd yaşına çatmamış uşağı var. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-229/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-229/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver