Məhkəmə qərarları › İş №3(078)-23/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-23/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-23/2025 22.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X9 və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X10 iştirakları ilə, Şikayət vermiş şəxs X9 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 19 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şikayət vermiş şəxs X15 şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar 1500 (min beş yüz) manat cərimə olunmağı haqqında Naxçıvan MR ƏƏSMN yanında DƏMX-in rəisi X7 19 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbehə dair qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X15 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, o, X19 Muzeyinin direktoru X15, X19 Muzeyinin işçisi X2 29 noyabr 2024-cü il tarixdə xəsarət alması ilə bağlı tərəfindən DƏMX-ə məlumat verilmədiyinə görə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəisi X7 19 dekabr 2024-cü il tarixli MN- 1779532 saylı inzibati tənbehə dair qərarı ilə cərimə olunmuşdur. Qərarda göstərilmişdir ki, “Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X19 Muzeyinin direktoru X15 1550 (min beş yüz) manat məbləğində cərimə edilsin”. Hesab edir ki, Naxçıvan MR ƏƏSMN yanında DƏMX-in rəisi X7 19 dekabr 2024-cü il tarixli MN-1779532 saylı inzibati tənbehə dair qərarı qanunsuzdur və əsassız olduğundan ləğv olunmalıdır. Bildirmək istəyir ki, X19 Muzeyinin işçisi X2 29 noyabr 2024ci il tarixdə xəsarət alması ilə bağlı ona məlumat verilmiş, o da həmin məlumatı tabe olduğu Mərkəzi İcra Hakimiyyəti orqanı olan Naxçıvan MR Mədəniyyət Nazirliyinin müvafiq vəzifəli şəxslərinə bildirmişdir. Tabelikdə fəaliyyət göstərdiyinə görə onun X13 Xidmətinə məlumat verməyi mümkün olmamışdır. Bundan başqa o işçinin xəsarət alması ilə bağlı məlumatı aldıqdan sonra bu barədə dərhal X23 xidmətinə zəng vurulması və xəsarət alanın xəstəxanaya təxliyə edilməsini təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd etmək istəyir ki, İXM 555.1-ci maddəsində 1000 manatdan 1500 manata qədər cərimə nəzərdə tutulduğu halda Naxçıvan MR ƏƏSMN yanında DƏMX cərimənin yuxarı həddində cərimə təyin edib. Azərbaycan Respublikasının 31.2-ci maddəsində qeyd edilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Lakin Naxçıvan MR ƏƏSMN yanında DƏMX cərimənin təyin edilməsi zamanı onun şəxsiyyəti, elmi və yaradıcı fəaliyyəti, himayəsində iki az yaşlı uşağın olması, əmək haqqının 839 manat məbləğində olması, xətanın xarakteri nəzərə alınmamışdır. Bundan başqa İXM-in 32.1.3-cü maddəsində inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi yüngülləşdirici hal kimi qeyd edilir. Bundan əlavə Həmin Məcəllənin 32.2-ci maddəsində inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin hal onun Nazirlik tabeliyində fəaliyyət göstərən müəssisənin rəhbəri kimi fəaliyyət göstərməyi, hadisə barədə tabe olduğu orqana bu barədə məlumat verməyi, ilk dəfə inzibati xəta törətməyi, məhkəmənin qeyd edə biləcəyi və s. hallar ola bilər. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X15 izahatında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən cərimə edilməyinə səbəb olan hadisənin xadimənin məsuliyyətsizliyinə görə baş verdiyini, xadimənin şəxsi sağlamlığına məsuliyyətsiz yanaşdığını, hadisə baş verən zaman müəssisədə olmadığını, əməkdaşların X23 xidmətini çağırdıqlarını, xadimənin təzyiqi qalxdığı üçün huşunu itirdiyini, həmin an yanında heç kim olmadığını, xəstəxanada müayinə olunmaqdan imtina etdiyini, idarəyə qayıtdığı zaman istirahət etməsi üçün ona icazə təklif etdiyini, lakin yaxşı olduğunu bildirib idarədə qalmaq istədiyini, daha sonra özü müayinəyə getmək istədiyini bildirdiyi üçün şərait yaratdığını, müayinə olunduğunu, ciddi heç bir xəsarəti çıxmadığını, idarədə xadimələrin iş saatının 09:00-dan 10:00-a kimi olduğunu, bu saat aralağından sonra otaqlarında olduqlarını, əgər ehtiyac olarsa, çağırdıqlarını, xidməti müəssisə olduğu üçün hər an qonaqlar gələ bildiyini, bunun üçün özlərinin də arada otaqların təmizliyinə baxdıqlarını, inzibati tənbeh vermə haqqında qərarı oxuyub tanış olduğunu, qanunun tələbini bilmədiyini, qərəzlə edilən heç bir şey olmadığını, həmin əməkdaşın da hal-hazırda müəssisədə əvvəlki qaydada işlədiyini, hətta özünün də cərimədən xəbər tutub üzrxahlıq etdiyini, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin əməkdaşları idarədə olan zaman işçilərin bilik səviyyəsinin yoxlanılmasını qeyd etdiklərini, lakin heç vaxt belə bir şey olmadığını, cərimənin məbləğinin çox olduğunu, gündəlik xərcləri, borcu olduğunu, iki körpə uşağı olduğunu, 3 kitab, 80 məqalənin müəllifi olduğunu, pedaqoji fəaliyyəti olduğunu, müxtəlif yerlərdə çıxışlar etdiyini, ən azından cərimə müəyyən edilərkən bunların nəzərə alınmalı olduğunu, bayram günlərindən bir gün qabaq həmişə işçilərin 1 saat tez işdən çıxdıqlarını, sadəcə onların Mədəniyyət Nazirliyinə tabe olduqlarını və tabel cədvəllərində bunun əks edilməməsi barədə göstərişin onlar tərəfindən verildiyini, əsasnaməyə əsasən də tabe olduqları qurumun əmr və göstərişlərini yerinə yetirmək məcburiyyətində olduqlarını bildirərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X16 izahatında 29 noyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublika Xəstəxanası X24 tərəfindən xidmətə X19 Muzeyinin işçisinin xəsarət alması faktı ilə bağlı məlumat daxil olduğunu, tərəflərindən sorğu verildiyini, izahat alındığını, araşdırmanın nəticəsində xidmətə X19 Muzeyi tərəfindən hadisə ilə bağlı məlumatın verilmədiyinin aşkar edildiyini, bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə müəssisə barəsində inzibati xəta haqqında protokol tərtib edilib inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, bundan əlavə müəssisənin tabel cədvəllərindən Əmək Məcəlləsi ilə müəyyən olunmuş qaydada işçilərin bayram günlərindən bir gün qabaq iş saatından 1 saat tez işdən çıxmadığının göründüyünü, yəni müəssisənin qeyd edilməyən bir sıra qüsurlarının daha mövcud olduğunu, bunların da nəzərə alınıb hər birinə ayrı protokol tərtib edilib inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə, ümumilikdə cərimənin məbləği hazırki məbləğdən daha yüksək olacağını, bu səbəbdən bu hallar nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə məbləğinin ən yüksən həddi olan 1500 manat məbləğində cərimə tətbiq edildiyini, iki inzibati xətaya görə müəyyən edilmiş cərimənin ən ağır tənbeh nəzərdə tutan inzibati xətanın maddəsi nəzərə alınaraq cərimə edildiyini, digər maddəni qərarda göstərmədiklərini bildirərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 19 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 13 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, X1 Dövlət Tarix Muzeyinin işçisi X2 29 noyabr 2024cü il tarixdə xəsarət alması ilə bağlı nəticələnmiş bədbəxt hadisə X13 Xidməti tərəfindən araşdırılarkən işəgötürən tərəfindən hadisə barədə X13 Xidmətinə məlumat verilmədiyi və əməyin mühafizəsi qaydalarının pozulması halları müəyyən edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5, 198.1.7 və 555.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti tərəfindən X19 Muzeyinə ünvanlanmış 03 dekabr 2024-cü il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, X19 Muzeyinin işçisi X2 29 noyabr 2024-cü il tarixdə xəsarət alması ilə bağlı “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X24 tərəfindən daxil olan məlumat əsasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətində araşdırma aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması halı təhqiq edilməlidir. Baş vermiş hadisə ilə bağlı ətraflı məlumat verilməsi, X2 əmək fəaliyyətinə dair yazılı əmək müqaviləsinin surətinin, iş vaxtının uçotu tabelindən çıxarışın (2024-cü ilin noyabr, dekabr ayları üzrə), Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar və biliyin yoxlanılması haqqında sənədlərdən çıxarışların, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarış X13 Xidmətinə təqdim olunması, zərərçəkənlərin və hadisə şahidlərinin məsələ ilə bağlı münasibət bildirmələrinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi X19 Muzeyi tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidmətinin rəisi Elnar Hüseynova ünvanlanmış 06 dekabr 2024-cü il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, X19 Muzeyinin direktoru X15 həmin məktubda qeyd etmişdir ki, 29 noyabr 2024-cü il tarixdə X19 Muzeyinin xadiməsi X2 təzyiqinin qalxması nəticəsində bayılıb. Yanında heç kim olmadığı üçün burnunun divara, ya döşəməyə dəydiyi bilinmir. Nəticədə burnu azacıq sıyrılıb, göz ətrafı nahiyəyə qan sızdığı üçün göyərtilər yaranıb. Dərhal X23 Xidməti çağırılıb ilkin tibbi yardım göstərilib. X23 Xidməti xadimənin xəstəxanada müayinədən keçməsini təklif edib və onlarla getməsini istəyib. Xadimə imtina edib. Nahar fasiləsindən sonra icazə alıb xəstəxanada müayindən keçib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərardan məlumatı olmadığı üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə məlumat verməmişdir. 05 dekabr 2024-cü il tarixdə muzeyə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti 3 dekabr 2024-cü il tarixli məktub göndərib. 05 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin iki əməkdaşı təhqiqat üçün muzeyə gəlib, istintaq aparıb. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti 3 dekabr 2024-cü il tarixli məktubuna cavab verilib göndərilmişdir. Məktub çatandan sonra Toğrul müəllim muzeyə zəng edib məktubda yazılanların altında hansı mənaların gizləndiyini direktordan soruşmuşdur. Məktubda xadimənin sənədlərini göndərməkdən imtina etmişlər ona görə ki, istintaq düzgün həyata keçirilməyib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli qərarında göstərilən qaydalara əməl edilməyib. Toğrul müəllimə istintaqdan narazı qaldıqlarını bildirmişlər və yazılı şəkildə 05 dekabr 2024-cü il tarixli məktubda da qeyd etmişlər ki, xadimənin sənədləri aşağıdakı səbəblərdən göndərilmir: "X19 Muzeyinin VÖEN-i yoxdur, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə tabe müəssisədir. Müvafiq nazirlik tərəfindən muzeyin işçiləri ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsi bağlanmamışdır. X14 Respublikasının Mədəniyyət Nazirliyi əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatları və biliyin yoxlanılması haqqında sənədlərin hazırlanması, keçirilməsi qaydaları və sənədlərin formaları ilə X19 Muzeyini tanış etməli və təmin etməli idi. Muzey 100 illik tarixə malikdir və heç bir il üzrə müvafiq sənədlərin nə şablon nümunəsi, nə də işlənmiş forması yoxdur. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yoxlamalarında müəssisədə bu işlərin aparılmaması və sənədləşmə işinin yerində olmamasına dair heç bir irad bildirilməyib, həmçinin maarifləndirmə işi həyata keçirilməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı qərarının 2-ci hissəsinin 2.2. bəndində yazır, "Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr- X13 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər - işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır”. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti 05 dekabr 2024-cü il tarixdə X19 Muzeyində təhqiqat aparmaq üçün komissiya sədrini, komissiya üzvlərini göndərməmişdir. Müvafiq tarixdə X8 iki əməkdaşı gəlmişdir və özlərinin bu işlərə dair şöbə əməkdaşları olduğunu bildirmişlər. İzahatlarında da vurğuladıqları kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı qərarından xəbərləri olmayıb sonra tanış olub oxumuşlar və qərardan irəli gələn məsələlərin düzgün aparılmasını, komissiya sədri ilə, üzvləri ilə tanış olmalarını, təhqiqatın komissiya tərəfindən aparılmasının təmin edilməsini, təhqiqata başlamazdan əvvəl müvafiq komissiyanın yaradılması və X19 Muzeyində təhqiqatın aparılması haqqında təsdiqedici sənədin onlara təqdim edilməsini xahiş etmişlər. Toğrul müəllim zənglə şifahi şəkildə bildirmişdir ki, məsələni qəlizləşdirirlər və o sənədi Bakıya sistemə daxil edəcək. İstintaqın düzgün aparılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti tərəfindən “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X24nə ünvanlanmış 03 dekabr 2024-cü il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, X19 Muzeyinin işçisi X2 29 noyabr 2024-cü il tarixdə xəsarət alması ilə bağlı “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X24 tərəfindən daxil olan məlumat əsasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətində bədbəxt hadisənin araşdırılması aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 3.4-cü bəndinə müvafiq olaraq X4 təyin olunmuş diaqnoz, onda alkoqollu içkilərin, texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin aşkar olunub-olunmaması və ona “əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi”nin açılıb-açılmaması barədə tibbi arayış təqdim olunmasına dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş “Naxçıvan Muxtar Respublika Xəstəxanası” X24 tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidmətinə ünvanlanmış 05 dekabr 2024-cü il tarixli cavab məktubunun təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə “Burun və baş nahiyyəsinin küt travması”- diaqnozu ilə Xəstəxananın Təcili-yardım şöbəsinə daxil olmuşdur. Onda alkoqollu içkilər, texniki spirtlər, aromatik, narkotik vasitələr, psixotrop, toksiki və digər zəhərli maddələr aşkar olunmamış və ona əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi açılmamışdır. Məhkəmə şikayət verənin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən dövlət orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı hallarında təhqiq edilməlidir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən təhqiqat komissiyasının üzvləri təhqiqatın gedişində müəssisənin, onun struktur bölmələrinin rəhbərlərindən, şahidlərdən və digər şəxslərdən yazılı izahatlar almaq hüququna malikdirlər. Təhqiqat komissiyasının sədri zərərçəkənin aldığı xəsarətin xarakteri ilə ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında müalicə-profilaktika idarəsinin, məhkəmə-tibb ekspertizasının rəyini almaq hüququna malikdir. Təhqiqat zamanı, zəruri hallarda Təhqiqat komissiyası sədrinin sərəncamı ilə ekspert dəvət olunur və yaxud ekspert komissiyası yaradılır. Ekspert və ya ekspert komissiyası aparılan ekspertizanın nəticəsi barədə rəsmi rəy verməlidir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən təhqiqat aktına hər bir zərərçəkən üçün İZ formalı aktın surəti; hadisə yerinin planı, sxemləri (eskizləri), müşahidə protokolları və fotoşəkilləri; sorğu protokolları; bədbəxt hadisənin şahidlərinin və digər aidiyyəti şəxslərin, eləcə də dövlət standartlarının, əməyin təhlükəsizliyi standartlarının, əməyin mühafizəsi üzrə qayda və normaların tələblərinə riayət edilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları; ekspert komissiyasının yaradılması barədə sərəncam (qərar, əmr); zərərçəkənin təlim keçməsi və təlimatlandırılması haqqında sənədlərdən çıxarış; zərərçəkənin aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında tibbi rəy; bədbəxt hadisənin səbəbləri haqqında ekspert komissiyasının rəyi (lazım gəldikdə), laboratoriya təhqiqatlarının və başqa təhqiqatların, təcrübələrin, analizlərin və s. nəticələri; qəza ilə əlaqədar olaraq dəymiş maddi ziyan haqqında arayış; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi barədə məlumatlar (müqavilənin tarixi, tərəfləri və zərərçəkənin sığorta təminatı); təhqiqat komissiyasının yaradılması haqqında əmrin (sərəncamın) surəti; təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə tədbirlər və bunun üçün məsul şəxsləri müəyyən edən təlimatlardan, əsasnamələrdən, əmrlərdən, digər aktlardan çıxarışlar və Fövqəladə Hallar Nazirliyinin texniki təhqiqat aktının surəti əlavə olunmalıdır. Siyahıya Təhqiqat komissiyası üzvlərinin xüsusi rəylərinin surətləri (belə hal olduqda) əlavə olunur. Qeyd edilən 19 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin qərar qəbul edilərkən aparılan inzibati araşdırma zamanı yuxarıda göstərilən qaydalara uyğun araşdırma aparılmamışdır. Belə ki, yuxarıda sadalananlardan da göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün ilkin olaraq istehsalatda baş verən bədbəxt hadisə mövcud olmalı və həmin halın araşdırılması üçün müvafiq quruma məlumat verilməlidir. Lakin inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən istehsalatda baş verən bədbəxt hadisənin mövcudluğu tam araşdırılmadan barəsində qərar qəbul edilən şəxsin təqsirini təsdiq edən sübutlar tam toplanılmadan qərar qəbul edilmişdir. Araşdırma aparılarkən təhqiqat komissiyası yaradılmamış, həqiqətən bədbəxt hadisə olubolmaması, hansı səbəbdən belə hal yaranması araşdırılmamış, işçinin xəsarətini təsdiq edən hər hansı bir müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy verməsi üçün müraciət edilməmişdir. Bununla da qeyd olunan hallar tam araşdırılmadan qərar qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 13 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunda X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5, 198.1.7 və 555.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd olunsa da onun hansı əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5 və 198.1.7-ci maddələrdə nəzərdə tutulan inzibati xətanı törətməsi əks olunmamış, ümumi olaraq əməyin mühafizəsi qaydalarının pozulması hallarının müəyyən edildiyi qeyd edilmiş, ancaq onun əməli ətraflı göstərilməmiş, əsaslandırılmamış, bunu təsdiq edən sübutlar qərarda göstərilməmişdir. Həmçinin qəbul edilən qərarda həmin maddələr göstərilmədən yalnız İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan cərimə həddinin ən yuxarı həddi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1 və 135.1.1-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 19 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 19 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar