Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-232/2024 23.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, işsiz, evli, 2 uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə Naxçıvan şəhər Cahan Ticarət Mərkəzində yerləşən meyvə bazarında Naxçıvan şəhər sakini Şəxs ilə Babək rayon Nəzərabad kənd sakini X4 arasında mübahisə baş verməsi və həmin mübahisə zamanı X2 boğaz nahiyyəsindən xəsarət alması barədə məlumat daxil olmuşdur. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X7 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 23 may 2024-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, ünvan 1 ünvanda yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində anası Zemfıra Babayeva ilə birlikdə bazarlıq etmək üçün Naxçıvan şəhərində yerləşən Cahan AVM ticarət mərkəzinə getmək istədiklərini, Cahan Ticarət mərkəzinin qarşısından keçən zaman anasının göy-göyərti almaq üçün yolüstü bazara da girmələrini dediyini, anası ilə birlikdə Cahan ticarət mərkəzində göyərti satılan yerə gəldiklərini, həmin vaxt onun 3 aylıq övladının da onların yanında olduğunu, bazarda tanımadığı qarşılarında hərəkət edən xanıma yol verməsini dediyini, həmin vaxt xanımın onlara yol vermədiyini, həmin xanımla arasında sözlü mübahisə baş verdiyini, bir qədər aralandıqdan sonra həmin xanımın nalayiq ifadələr işlətdiyini eşitdiyini, geri qayıdaraq həmin xanımın üzərinə yeridiyini, həmin xanımla əlbəyaxa olduğunu, həmin vaxt ətrafda olan şəxslərin və onun anasının onları aralaşdırdığım, həmin xanımın yenə də nalayiq ifadələr işlətdiyini, təkrar həmin xanımın üzərinə yeridiyini, yenə də əlbəyaxa olduqlarını, anası ilə aralaşıb oradan getdiklərini, bazardan çıxıb getmək istəyən zaman həmin xanımın onların arxasınca gəldiyini, həmin xanımın əlində telefonla onları çəkərək barələrində nalayiq ifadələr işlətdiyini, videoya çəkdiyini gördükləri üçün əsəbləşdiklərini, həmin vaxt anasının onun üzərinə getdiyini, onun əlində olan telefonu vurub yerə salmaq üçün həmin xanıma əl atdığını, həmin vaxt anasının əlinin həmin xanımın boğaz nahiyyəsinə dəydiyini, anasının dırnaqları həmin xanımın boğazını cızdığını, xanımın telefonunun əlindən yerə düşdüyünü, anası ilə birlikdə övladını yaşadıqları evlərinə apardıqlarını, sonradan isə polis əməkdaşları gəldiyi üçün onları Polis İdarəsinə gətirdiklərini, zərərçəkmiş şəxsi ilk dəfə gördüyünü, onun kim olduğunu, şəhid ailəsi olduğunu bilmədiyini, hadisədən sonra polis idarəsində zərərçəkmiş şəxsdən üzr istəsə də onu bağışlamadığını, məhkəmə hüzurunda zərərçəkmiş şəxsdən üzr istədiyini, əməlindən peşman olduğunu bildirmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Şahbuz rayon Külüs kəndində qeydiyyatda olmaqla, Babək rayon Nəzərabad kəndində yaşadığını, xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində anası Gülşənəm Cəmiyeva ilə birlikdə Naxçıvan şəhərində yerləşən Cahan Ticarət mərkəzinə getdiklərini, kənd təsərrüfatı məhsulları satılan hissədə olduqlarını, həmin vaxt bir nəfər xanımın arxadan yolu niyə saxlamısan çəkil keçək dediyini, həmin vaxt xanıma yol var keçə bilərsiniz dediyini, həmin sözdən sonra onun barəsində kənd eşşəyi deyərək nalayiq ifadələr işlətməyə başladığını, qarşılığında həmin şəxsə nə deyirsən şəhərli dediyini, bir anda həmin xanım onun üzərinə hücum çəkdiyini, boyun nahiyyəsindən tutaraq onu vurmağa başladığını, həmin xanımın yanında olan anasının da onunla birlikdə onların üzərinə gəldiyini, həmin şəxslərin əlindən özünü qurtara bilmədiyini, xanımların hər ikisi onun üz nahiyyəsindən vurduqlarını, ətrafda olan şəxslərin çətinliklə onların əlindən aldıqlarını, həmin vaxt onun barəsində polisə şikayət edəcəyini dediyini, ona gözləməsini dediyini, ətrafda olan şəxslərin həmin xanıma onun şəhid yoldaşı olduğunu dediklərini, lakin onun yenə də nalayiq ifadələr işlətməkdə davam eddiyini, onun üzərinə təkrar hücum çəkdiyini, onun başından və boyun nahiyyəsindən vurmağa başladığım, bir qədər sonra onların aralaşdıb getdiklərini, onların kim olduğunu bilmədiyi üçün onların arxasınca gedib şəkillərini çəkmək istədiyini, həmin vaxt isə həmin xanımın yanında olan anasının onun üzərimə hücum çəkdiyini, onun şillə ilə boğaz nahiyyəsindən vurduğunu, həmin vaxt xanımın dırnaqlarının onun boğazını cızdığını, onu vurduqları üçün mübahisə zamanı boğaz nahiyyəsindən və üzündən xəsarət aldığını, mübahisə zamanı onun iki cüt sırğa bujiteriyasının qırıldığını, həmçinin mübahisə zamanı onun redmi not 10 markalı mobil telefonunun əlindən vuraraq saldıqları üçün yan hissələrinin əzildiyini bildirmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə daxil olmuş 705 saylı ekspert rəyində vətəndaş X1 bədən səthi üzərində, boyunun müxtəlif nahiyyələrində, sol qulaq seyvanının sırğalıq hissəsində, sağ saidin və sağ əlin arxa səthində sıyrıqlar, sıyrıqlarm iti kənarlı əşyanın təsirindən törəndiyi, eləcə də həmçinin insan dırnağının müvafiq nahiyyələri didməsi nəticəsində törənə bilərliyi, xəsarətin müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə daxil olmuş 709 saylı ekspert rəyində vətəndaş Şəxs bədən səthi üzərində, döş qəfəsinin ön səthinin sol yarısında, sol körpücükaltı nahiyyədə və sol bilək nahiyyəsinin arxa səthində qançırlar olduğu, qançırların küt əşyanın təsirindən törəndiyi, həmçinin bilavasitə əl zərbələrinin müvafiq nahiyyələrə çırpılması nəticəsində törənə bilərliyi, xəsarətin müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol, hadisənin videogörüntüsü və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsdən üzr istəməsi və əməlindən peşman olmasıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati məsuliyyətini ağırlaşdıran hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, eləcə də inzibati xəta törədən şəxsin himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Buna görə də məhkəmə Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının yuxarı həddinin dörddə üçündən çox olmayan məbləğdə 400 (dörd yüz) manat məbləğində cərimə cəzasının tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-232/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-232/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver