Məhkəmə qərarları › İş №3(078)-239/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-239/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-239/2024 30.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Culfa rayon, Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, 3 uşaq anası, əvvəllər məhkum olunmamış, işsiz, Culfa rayon, Bənəniyar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X9 Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X9 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 29 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, 29 may 2024-cü ildə X9 Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Fariz Əhmədov və Naxçıvan NHPŞ-nin X2 polis nəfəri, polis baş serjantı X1 Beynəlxalq Hava Limanında xidmətdə olduqları zaman saat 11:30-da Hava Limanının ərazisində bir nəfər şəxsin özünü şübhəli apardığını aşkar etmişlər. Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanının icrası ilə əlaqədar olaraq, həmin şəxsin narkotik vasitələrin istifadəçisi olmasından şübhələndikləri üçün, şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim etməkdən imtina etdiyi üçün həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə onlar tərəfindən polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində həmin şəxsin xx.xx.1995-ci il təvəllüdlü Culfa rayon Bənəniyar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 29 may 2024-cü ildə saat 11:00-da xalasının qızını yola salmaq üçün Naxçıvan BHL-ya gəldiyini, biraz kefi olmadığı üçün ortada kefsiz gəzdiyini, Naxçıvan BHL-da olduğu zaman 2 nəfər polis əməkdaşının ona yaxınlaşaraq özünü narahat hiss etməsinin səbəbinin soruşduqlarını, onlara şəxsi problemlərinin olduğunu bildirdiyini, bundan sonra onların ondan özünü təqdim etməsini tələb etdiklərini, özünün isə onlara özünü təqdim etmək istəmədiyini dediyini, bundan sonra həmin polis əməkdaşlarının onu saxlayaraq polis şöbəsinə apardıqlarını, Polis Şöbəsinə gəldikləri zaman ona üzərində narkotik vasitə olub olmaması barədə sual verdiklərini, onlara üzərində hər hansı qanunsuz əşyanın olmadığını bildirdiyini, ona narkotik vasitə istifadə edib etmədiyimi bildirdiklərini, onlara narkotik vasitə istifadəçisi olmadığını və bu günə qədər heç vaxt belə maddə istifadə etmədiyini bildirdiyini, bundan sonra onu narkotestdən keçirmək üçün Y.Budaqov adına Naxçıvan MR Narkoloji Disponserinə apardıqlarını, orada ondan götürülən test nəticəsində onun narkotik vasitə istifadə etdiyinin aşkar olunduğunu, analizdə ondan aşkar olunan narkotik vasitəni heç vaxt görmədiyini və istifadə etmədiyini, 3 uşaq anası olduğunu, elə şeylərlə işin olmadığını bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 29 may 2024-cü il tarixli, 950 saylı məktubunda qeyd olunmuşdur ki, Culfa rayon Bənəniyar kəndində qeydiyyatda olan 1995-ci il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində Şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş sidik nümunəsində MET (metanfetamin), AMP (amfetamin), müsbət aşkar olundu. BAR (-) MDMA (-), OPİ (-), BUP (-), PCP (-), BZO (-), COC (-), MTD (-), MOP (-) aşkar olunmadı. İş materiallarında olan 29 may 2024-cü il tarixli məhkəmə ambulator narkoloji ekspertizanın keçirilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə ambulator narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 həvalə edilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 29 may 2024-cü il tarixli, 201 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə istifadəsi istisna olunmur. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adma Naxçıvan MR X5 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə AMP (amfetamin) və MET (metamfetamin) müsbət aşkar olunmuşdur. İş materiallarında olan Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarından görünür ki, Şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12 adlı azyaşlı uşaqları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, yuxarıda göstərilən Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində üç on dörd yaşınadək uşağı vardır. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Culfa Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar