Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-246/2024 03.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Babək rayon, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq anası, əvvəllər AR Cinayət Məcəlləsinin 206 və 234.1-ci maddələri ilə məhkum olunmuş, işsiz, Naxçıvan şəhər, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş 03 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsində, narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən 1992-cü il təvəllüdlü Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs 01 iyun 2024-cü il tarixdə, saat 15:30-da Naxçıvan şəhəri Qaraxanbəyli kəndində saxlanılmış, saat 15:40 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər 5 il 6 ay müddətə məhkum olunduğunu, 4 il 9 ayını çəkdiyini, ancaq baralqen dərmanı istifadə etdiyini, heç bir narkotik vasitə, psixotrop maddə və ya psixotrop tərkibli dərman istifadə etmədiyini, belində sinir ağrıları olduğunu, ona görə baralqen ağrıkəsici dərmanı istifadə etdiyini, həmin dərmanın qadağan olunduğunu bilmədiyini, qadağan olunsa aptekdə satılmayacağını, himayəsində 2 azyaşlı uşağı olduğunu, uşaqlara aliment almadığını, uşaqlarının yanında olmaq istədiyini bildirərək barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 03 iyun 2024-cü il tarixli, 974 saylı məktubunda qeyd olunmuşdur ki, Naxçıvan şəhər, Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan 1992-ci il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində Şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş sidik nümunəsində BAR (barbituratlar) müsbət aşkar olundu. OPİ (-), MOP (-), BUP (-), PCP (-), BZO (-), COC (-), MTD (-), AMP (-) MDMA (-), MET (-) aşkar olunmadı. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 03 iyun 2024-cü il tarixli, 204 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə istifadəsi faktı inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024- cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə BAR (barbiturat) müsbət aşkar olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 01 iyun 2024-cü il tarixdə saat 15:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarından görünür ki, Şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı azyaşlı uşaqları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, yuxarıda göstərilən Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki on dörd yaşınadək olan uşağı vardır. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-246/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-246/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver