Məhkəmə qərarları › İş №3(078)-248/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-248/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-248/2023 09.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1978-ci ildə Şərur rayon, Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Şərur rayon Ticarət mərkəzində sahibkar, Şərur rayon, Dizə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi döngə 11 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinə X20 X11 Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinə X20 X11 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 010662 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan X11 Polis Şöbəsinin NMQ-nin Əməliyyat müvəkkili Nicat Muradov raportda qeyd etmişdir ki, 07 iyun 2023-cü ildə X3 polis nəfəri, polis baş serjantı X7 ilə birlikdə X14 Limanında xidmətdə olduqları zaman bir nəfər şəxs özünü şübhəli apardığından və üzərində 38 ədəd aksizsiz siqaretlər aşkarlandığından, həmin şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində həmin şəxsin xx xxxx 1978-ci ildə Şərur rayonu, Dizə kəndində anadan olan, Şərur rayonu, Dizə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi qəsəbəsi döngə 11-də yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 07 iyun 2023-cü il tarixdə evində oturduğu zaman dostu Novruzun ona zəng vuraraq "bu gün Bakıya gedirəm gəl Naxçıvan şəhərində görüşək" dediyini, onun da qonşusu Ramala zəng vurub onu Naxçıvan şəhərinə aparmasını xahiş etdiyini, Ramalla birlikdə Naxçıvan şəhərinə gəldiklərini, Novruzla görüşüb çörək yediklərini, sonra Nazimin də onların yanına gəldiyini, onlarla birlikdə yemək yeyib spirtli içki içdiklərini, sonra onları gətirib Naxçıvan Hava limanından yola saldıqlarını, geri qayıtdıqlarını, 57 bazarının yanına çatanda dostu Novruzdan ona zəng gəldiyini, Novruzun ona "mən aparmağa siqaret almışdım, ancaq hava limanında aparmağa buraxmadılar, gəl sən siqaretləri götür apar" dediyini, özünün də bu səbəbdən geri qayıtdığını, hava limanına qayıdanda dostu Novruzla iki nəfər şəxsin söhbət etdiyini gördüyünü, özünün siqaretləri götürdüyünü, siqaretin 4 blok "Malboro" markalı siqaret olduğunu, siqaretləri götürüb dostu ilə sağollaşıb maşına doğru getdiyini, siqaretləri maşına qoyduğunu, dostu Nazimin həmin vaxt hava limanında olan taksi şoferləri ilə söhbət etdiyini, sonra Nazimi polis əməkdaşının çağırdığını, polis əməkdaşının Nazimdən siqaretlərin yerini soruşduğunu, Nazimin polisə siqaretlərin maşında olduğunu dediyini, polisin özünə siqaretləri gətirməsini bildirdiyini, sonra gedib siqaretləri gətirib polis əməkdaşına verdiyini, polis əməkdaşının siqaretləri Nazimə verdiyini, sonra onları Hava limanında olan polis şöbəsinə dəvət etdiklərini, sonra onda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinədən keçirildiyini, onda səxoşluq vəziyyətinin aşkarlandığını, sonra isə narkotik vasitədən istifadə etməsində şübhə olduğundan bununla bağlı testdən keçirildiyini, onda testin nəticəsinin müsbət çıxdığını, ancaq bunun necə olduğunu bilmədiyini, özünün ümumiyyətlə narkotik vasitədən və ya psixotrop maddədən istifadə etmədiyini, testin nəticəsinin müsbət olmasının onda da təəccüb yaratdığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Zahid Sabir oğlunun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. Məhkəmə Şəxs izahatında hər hansı narkotik vasitə və psixotrop maddə qəbul etməməsi ilə bağlı bildirdiyi halları özünümüdafiə xarakteri daşıyan izahat kimi qiymətləndirir. Qeyd olunan hala münasibətdə məhkəmə ekspert rəyini əsaslı sübut kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs narkotik vasitə qəbul etmədiyini bildirsə də ekspert rəyində göstərilən halları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə qeyd olunan ekspert rəyini əsaslı sayır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 09 iyun 2023-cü il tarixli, 143 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2023-cü il tarixdə narkotest müayinəsindən keçirilmiş və MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 478 nömrəli Tibbi yoxlamadan Şərur rayon, Dizə kəndində qeydiyyatda olan Şəxs xx.xx.2023-cü il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçdiyi və onda “sağlam” diaqnozu müəyyən olunduğu aydın olur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 08 iyun 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şərur rayon İcra Hakimiyyətinin Dizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 152 nömrəli arayışdan Şəxs Şərur rayonu, Dizə kəndində qeydiyyatda olduğu məlum olur. İş materiallarına əlavə edilmiş Şərur rayon İcra Hakimiyyətinin Dizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 151 nömrəli arayışdan görünür ki, Şəxs arvadı 1983-cü il təvəllüdlü X9, qızı 2015-ci il təvəllüdlü X10 və qızı 2013-cü il təvəllüdlü X12 adlı ailə üzvləri vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Təcili X21 hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1213 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həqiqətən də alkoqol şərxoşluğu vəziyyəti vardır və müayinənin nəticəsi 0.39 promildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsini nəzərə alan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi iş üzrə ağırlaşdırıcı haldır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar