Məhkəmə qərarları › İş №3(078)-248/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-248/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-248/2024 05.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Babək rayon, Cavidabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, "X6" Məhdud Məsuliyyətli Cəmiyyətində çilingər-alətçi vəzifəsində işləyən, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş 05 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə vətəndaş Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və vətəndaş Şəxs əməlində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinə göndərilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həyətində 1 ədəd çətənə kolu əkdiyini, toxumunu İstanbul şəhərindən şalvarının etiketində gizlədərək gətirdiyini, 10 il əvvəl narkotik istifadə etdiyini, təkrar istifadə etmək üçün əkdiyini, əvvəllər belə bir hala yol vermədiyini, həbs olunmaq istəmədiyini, hal-hazırda işlədiyini, əgər həbs olunarsa işdən çıxarılacağını, evdə xəstə qızının olduğunu, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs yaşadığı Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, həyətə daxil olan evin sol tərəfinə baxış keçirilmiş və bir ədəd çətənə bitkisinə bənzər kol aşkar olunmuş, həmin kol dibçəkdə əkili olmuş, aşkar olunmuş bir ədəd kol iştirakçıların yanında zərfə qoyularaq prosessual qaydada sənədləşdirilərək götürülmüşdür. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, 591 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində “Şəxs imza; Zaur Talıbov imza; Vəfadar Fətullayev imza; Yaşar Quliyev imza; Ümid Əliyev imza; Tərtib etdi: imza Sərxan Qarayev yazıları olan və üzərində “Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Zərflər üçün” mətni olan dairəvi ştamp əksi ilə 2 yerdən nişanlanmış kağız parçası yapışdırılmış 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd yaş vəziyyətdə, hündürlüyü 32 sm, təmiz çəkisi 3,817 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkiyə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsinə dair qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş xx.xx.1984-cü il təvəllüdlü, Babək rayon Qaraçuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhər, Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs azad edilmişdir. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli maddi sübutun saxlanca təhvil verilməsi haqqında aktdan görünür ki, HK-36/24 nömrəli material üzrə 03 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış Şəxs yaşadığı Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən evinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş 01 ədəd kağız zərfin içərisindəki, 01 ədəd yaş vəziyyətdə, hündürlüyü 32 sm, təmiz çəkisi 3,817 qram çətənə (kannabis) bitkisi Maddi-Texniki Təminat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Vüqar Bayramova təhvil verilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 04 iyun 2024-cü il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarından görünür ki, Şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 adlı azyaşlı uşaqları var. İş materiallarında olan Elektron məhkəmə informasiya sistemindən çıxarılmış gəlir məlumatlarından görünür ki, Şəxs "X6" Məhdud Məsuliyyətli Cəmiyyətində çilingər-alətçi vəzifəsində işləyir və aylıq əmək haqqı 424.0 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını və səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Bu maddədə “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 225 (iki yüz iyirmi beş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübut məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs yaşadığı Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən evinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş 3,817 (üç tam mində səkkiz yüz on yeddi) qram narkotik vasitə olan çətənə (kannabis) bitkisinin 0,05 (sıfır tam yüzdə beş) qramı tədqiqat üçün sərf edildiyindən hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat şöbəsində saxlanılan qalan hissəsi yəni, 3,767 (üç tam mində yeddi yüz altmış yeddi) qramı müsadirə edilməklə məhv edilməlidir. Məhv etmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib, 225 (iki yüz iyirmi beş) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın inzibati cərimənin tətbiq edilməsinə dair hissəsinin icrası Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat şöbəsində saxlanılan 01 ədəd yaş vəziyyətdə, hündürlüyü 32 sm, təmiz çəkisi 3,767 (üç tam mində yeddi yüz altmış yeddi) qram narkotik vasitə olan çətənə (kannabis) qərar qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilməklə məhv edilsin. Maddi sübutun məhv edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar