Məhkəmə qərarları › İş №3(078)-253/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-253/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-253/2023 09.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Babək rayonu, Böyükdüz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, işsiz, subay, 5 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Kəngərli rayonu, Böyükdüz kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 09 iyun 2023-cü il tarixli, 3-13-43-6/2-5257/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 09 iyun 2023-cü il tarixli, 001742 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. 09 iyun 2023-cü il tarixli, 001742 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, 05 iyun 2023-cü il tarixdə Kəngərli rayonu, Böyükdüz kənd sakini Şəxs hərəkətləri ilə ictimai qaydanı pozmuş, nalayiq ifadələr işlətmiş və səs-küy salmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında Naxçıvan şəhərində çörək və un məmulatları satılan mağazadan bir müddətdir ki, alış-veriş etdiyini, xx.xx.2023-cü il tarixdə həmin mağazaya getdiyini, oradan alver etdiyini, bir az əyləşmək istədiyini, satıcı Leylanın ona alverin bitdisə, çıx get dediyini, onun isə birinci zarafat etmək istədiyini, sonra Leyladan 30 manat borc istədiyini, onun isə borc vermədiyini, özünün də buna əsəbləşib söyüş söydüyünü, həmçinin əsəbləşib Leylaya anasına onun oğlanlarla danışdığını deyəcəyini bildirdiyini, sonra mağazadan çıxdığını, mağazanın qarşısında olarkən ona zəng gəldiyini, həmin vaxt Leyla borc vermədiyi üçün əsəbləşdiyindən telefondakı şəxsə də nalayiq ifadələr işlətdiyini, səs-küy saldığını, bir müddət mağazanın qarşısında dayandığını, sonra çıxıb getdiyini, Leylanın polisə şikayət etdiyini, onun barəsində protokol tərtib edildiyini bildirdi. Məhkəmə iclasında izahat verən şahid X11 məhkəməyə verdiyi izahatında Zamin adlı şəxsin bir neçə müddətdir mağazaya gəlib çörək aldığını, onunla dialoq qurmağa çalışdığını, 05 iyun tarixində Zaminin yenə dükana gəldiyini, sanki telefonda kiminləsə danışırmış kimi nalayiq ifadələr işlətdiyini, onun da bu hərəkətlərinə görə Zamini dükandan çıxardığını, onun dükanın qabağında dayandığını, yenə telefonla danışdığını, nalayiq sözlər danışdığını, təkrar mağazaya gəlib ondan 30 (otuz) AZN pul istədiyini, Zaminə pul vermədiyini, onun qışqırbağır salaraq ona qarşı nalayiq sözlər deməyə başladığını, həmin an Zamini mağazadan qovaraq çıxardığını, ona müştəriləri narahat etməməsini bildirdiyini, sonra anasına zəng edib hadisəni bildirdiyini, anasının ora gəldiyini, birlikdə polis idarəsinə gedib şikayət etdiklərini, Zamini qabaqcadan tanımadığını və heç bir qərəzliliyinin olmadığını, sadəcə müştəri kimi tanıdığını bildirdi. Məhkəmə iclasında izahat verən şahid X8 məhkəməyə verdiyi izahatında 05 iyun tarixində qızı Leylanın ona zəng edərək Zamin adlı şəxsin onun işlədiyi mağazaya müştəri qismində gəldiyini, hərəkətləri ilə onu narahat etdiyini bildirdiyini, söyüşlər söydüyünü dediyini, Leylanın ondan alış-veriş etdikdən sonra çıxmasını istədiyini, onun isə buna məhəl qoymayaraq ondan 30 manat pul istədiyini, ona pul vermədikdə səs-küy salaraq ona nalayiq ifadələr işlətdiyini, mobil telefonu qulağına qoyaraq nalayiq söyüşlər etməyə başladığını, onun da Zaminlə bağlı polisə müraciət etdiyini, Zaminin polis şöbəsində onlardan üzr istədiyini bildirdi. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon Şöbəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli, 85/482 nömrəli arayışa əsasən Hüseynov X6 MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Kəngərli rayon şöbəsində qeydiyyatda deyil, heç bir növ pensiya və müavinət almır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Kəngərli rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/39 nömrəli arayışa əsasən Hüseynov X7 rayon Məşğulluq Mərkəzi tərəfindən 16 may 2023-cü il tarixdə Kommunal Müəssisələr Kombinatına Haqqı ödənilən ictimai işlərə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Kəngərli rayon İcra Hakimiyyətinin Böyükdüz kəndi İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 40 nömrəli arayışdan görünür ki, o Kəngərli rayon Böyükdüz kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Kəngərli rayon İcra Hakimiyyətinin Böyükdüz kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli, 40 nömrəli arayışdan görünür ki, onun ailə üzvləri həyat yoldaşı X3, oğulları X9, X4, X12, X13 və qızı X2 ibarətdir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTŞnin polis sahə rəisi, polis kapitanı Həsənov Abbasəli tərəfindən verilən raportda xx.xx.2023cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X5 Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyi, Zamin adlı şəxsin onun işlədiyi mağazaya gəldiyi, onu narahat etdiyi, səs-küy saldığı, ictimai qaydanı pozduğu, vətəndaşın müraciətinə əsasən araşdırma aparıldığı, Kəngərli rayon, Böyükdüz kənd sakini Şəxs qeyd olunan tarixdə və yerdə öz hərəkətləri ilə ictimai qaydanı pozduğunun məlum olduğu və xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 09 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 09 iyun 2023-cü il tarixdə, saat 15:10-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və şahidlərin izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır, ona görə də onun barəsində inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə cərimə növündə inzibati tənbehi tətbiq etməyərkən Şəxs heç bir yerdə işləməməsini, heç bir növ pensiya almamasını da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X15 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar