Məhkəmə qərarları › İş №3(078)-253/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-253/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-253/2025 29.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Babək rayon, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq atası, qəlyançı, deməsinə görə əvvəllər məhkum edilməmiş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 29 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X11 tərəfindən tərtib olunmuş 29 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 07:00-da Naxçıvan şəhəri, Babək məhəlləsində Şəxs iki nəfər şəxslə mübahisə edərək səs-küy salıb, nalayiq ifadələr işlətmiş, dava-dalaş etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında səhər saat 7 radələri olduğunu, evdən zəng edib Həsənqulunun içkili olduğunu, onu evə gətirməyini istədiklərini, özünün də onu gətirməyə getdiyini, Həsənqulunun “siqaret alım gedək” dediyini, özünün də razılaşdığını, özünün də içməyə su, uşaqlara da şirniyyat almağa getdiyini, həmin vaxt marketə Ruzinin də gəldiyini, Həsənqulunun Ruzidən siqaret almasını istədiyini, bunların arasında mübahisə yarandığını, özünün də Ruzini vurduğunu, Həsənqulunun ondan böyük olduğunu, həm də içkili olduğunu dediyini, Ruzinin də özünün də içkili olduğunu dediyini, daha sonra polis əməkdaşlarının yaxınlaşdıqlarını, Ruzi ilə Həsənquludan mübahisə yaratmamalarını, polis əməkdaşlarının dediklərini etmələrini istədiyini, bölməyə çatan zaman yenə mübahisə yarandığını, bunları sakitləşdirməyə çalışmaq istədiyini, onları vurduğunu, özünün tək səhvinin orada olduğunu, polis əməkdaşlarına qarşı heç bir şey etmədiyini, sadəcə məqsədinin ikisini sakitləşdirib, ətrafda səs-küy yaratmalarının qarşısını almaq olduğunu, törətdiyi əməldən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 saatları olduğunu, marketin qarşısında səs-küy yarandığını, Həsənqulu və Ruzinin mübahisə etdiklərini, yaxınlaşıb onları nizam-intizama dəvət etdiklərini, daha sonra onları bölməyə apardıqlarını, bölməyə çatmalarına az qalmış Həsənqulu və Ruzinin yenidən mübahisə etdiklərini, Turalın da hər birinə şillə vurub onlara sakit olmalarını, mübahisə etməmələrini dediyini, nizam-intizama çağırışlarına məhəl qoymadıqlarını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində dostunun ad günü olduğunu, onun üçün kafedə yığışdıqlarını, 1-2 bakal pivə içdiyini, səhər saatları marketə girdiyini, Ruzinin də həmin vaxtı marketə gəldiyini, yığıncağın axşam saat 9-da olduğunu, həmin vaxtı Ruzinin də orada olduğunu, ondan özünə siqaret almasını istədiyini, o da almadığı üçün aralarında mübahisə yarandığını, daha sonra polis əməkdaşlarının yaxınlaşıb onları bölməyə apardıqlarını bildirdi. X6 məhkəmə iclasında verdiyi ifadəsində səhər saat 7 radələrində marketə daxil olduğunu, içkili olduğunu, Həsənqulunun ona siqaret almağını istədiyini, özünün də ala bilməyəcəyini dediyini, zarafatlaşdıqlarını, daha sonra mübahisəyə çevrildiyini, Turalın onları aralamağa çalışdığını, onun mübahisə etmədiyini bildirdi. X8 məhkəmə iclasında verdiyi ifadəsində səhər saat 7 radələri olduğunu, xidmətdə olarkən marketin qarşısında səs-küy yarandığını gördüklərini, şəxslərə yaxınlaşdıqlarını, onları nizam-intizama dəvət etdiklərini, həmin şəxslərin onların tələblərinə məhəl qoymaraq öz hərəkətlərinə davam etdiklərini, onları bölməyə gətirən zaman da aralarında mübahisə yarandığını, əsas səs-küy salanların Həsənqulu və Ruzi olduğunu, digər şəxs, yəni Turalın onları aralamağa çalışdığını, onları vurduğunu bildirdi. X7 məhkəmə iclasında verdiyi ifadəsində səhər saat 7 radələrində xidmətdə olan zaman marketin qarşısında bir qrup şəxsin səs-küy saldığını gördüyünü, bölmənin əməkdaşları Fərman Yusifov və Anar Heydərovun onlara yaxınlaşaraq nizam-intizama dəvət etdiklərini, özünün hadisə yerinə növbətçi olduğu üçün getmədiyini, onların müqavimət göstərdiklərini, səs-küylərinin gəldiyini, özünün hadisəni bölmədən gördüyünü bildirdi. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X11 tərəfindən verilən 29 may 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 07:00-da Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində əməliyyat-istintaq qrupunda növbədə olarkən bölmənin qarşısında əyləşmişdir. Bu zaman yaxınlıqdan söyüş və səs-küy eşitmiş, həmin zaman Naxçıvan şəhər, Babək məhəlləsində yerləşən "Megastore" marketinin qarşısına yaxınlaşmış və üç nəfər şəxsin mübahisə edərək savaşmalarını müşahidə etmişdir. Həmin şəxslərə yaxınlaşıb, onları nizam-intizama dəvət edib, hərəkətlərinə son qoymalarını tələb etmiş, həmin şəxsləri bölmədə qeydiyyatlarının aparılması üçün dəvət etmişdir. Səs-küyə əməliyyat-istintaq qrupunda növbədə olan polis sahə rəisi, polis baş leytenantı X15 da yaxınlaşmışdır. Onları bölməyə apararkən marketdən təxminən 50 metr aralandıqdan sonra yenidən söyüş söyüb mübahisə etməyə başlamışlar. Dəfələrlə onlara xəbərdarlıq etmələrinə baxmayaraq onların bu qanuni tələbinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək, daha da aqressivlik nümayiş etdirmişlər. Həmin şəxsləri 1-ci Polis Bölməsinə gətirilməsi üçün həmin yerə əlavə əməkdaşlar dəvət edib, bölməyə gətirmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər Naxçıvan şəhər, Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1998-ci il təvəllüdlü X12, Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Şəxs və Şahbuz rayon Külüs kəndində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan xx.xx.1989-cu il təvəllüdlü X2r. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 29 may 2025-ci il tarixdə, saat 07:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə ağırlaşdırıcı hal müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halın olmamasını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinin tələbini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada tutulduğundan cərimənin məbləği 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar