Məhkəmə qərarları › İş №3(078)-258/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-258/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-258/2024 25.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tərcüməçi X8 iştirakları ilə, xx.xx.1999-cu ildə Türkiyə Respublikasının Şanlıurfa şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 25 iyun 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 25 iyun 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər H.Əliyev prospektində bir nəfər şəxsin hal və hərəkətlərində şübhə olduğu üçün həmin şəxs Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Samir Ələsgərov tərəfindən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 narko-test müayinəsinə aparılmışdır. Orada Türkiyə Respublikası vətəndaşı Şəxs öz ərizəsi əsasında narko-testdən keçirilmişdir. Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 daxil olmuş xx.xx.2024-cü il tarixli test nəticəsinə əsasən Türkiyə Respublikası vətəndaşı Naxçıvan şəhər H.Əliyev prospekti ev-33, mənzil-25 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Turalı X3 metamfetamin və MDMA müsbət aşkar olunmuşdur. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Turalı X2 Dövlət Universitetinin tibb fakültəsində təhsil aldığını, Türkiyə Respublikasında olanda tanımadığı bir nəfərin ona bilmədiyi bir şey verdiyini, onun da istifadə etdiyini, 12 gün əvvəl istifadə etdiyini, sonra Naxçıvan şəhərinə gəldiyini, onun hərəkətlərində fərqlilik hiss olunduğu üçün tibbi müayinəyə apardıqlarını, testdən keçirildiyini, əməlindən peşman olduğunu bildirərək barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X5 25 iyun 2024-cü il tarixli, 1090 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində Türkiyə Respublikası vətəndaşı və ünvan 3 ünvanda yaşayan 1999-cu il təvəllüdlü Şəxs götürülmüş sidik nümunəsində MDMA (metilendioksimetil), MET (menamfetamin) müsbət aşkar olundu. AMP (-),BZO (-), OPİ (-), COC (-), MTD (-), BUP (-), BAR (-), MOP (-), PCP (-) aşkar olunmadı. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X5 24 iyun 2024-cü il tarixli, 229 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə istifadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adına Naxçıvan MR X6 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə MET (metamfetamin) və MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 25 iyun 2024-cü il tarixdə saat 11:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ******* nömrəli Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Türkiyə Respublikası vətəndaşı Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmiş və yaşayış yerinin ünvan 1 ünvanı olduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Turalı X1 peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar